XX əsrin sonunda və XXI əsrin əvvəlində kütləvi qırğın və minlərlə insanın qətlə yetirilməsi mənəvi, əxlaqi, siyasi və digər problemlərin bütün kolliziyalarının istinad nöqtəsi oldu. Holokost yəhudi xalqının yaddaşında dəhşətli və dözülməz hadisədir. Bu, vəhşiləşmiş və quduzlaşmış faşist rejimi tərəfindən yəhudilərin ağrı-acısı, alçaldılması, təhqir olunması, kütləvi şəkildə qətlə yetirilməsidir.
Teleqraf.com xəbər verir ki, bu fikirlər İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər üzrə tanınmış ekspert Arye Qutun Bolqarıstanın rəsmi “Trud” qəzetində dərc edilmiş “Bolqarıstanda antisemit və faşist Njdenin abidəsinə yer yoxdur” sərlövhəli məqaləsində yer alıb.
Ekspert yazır: “Holokost kimi vəhşi cinayətdə əli olan insanların milli qəhrəmana çevrilməsi faktı qarşısında da susa bilmərik.
Biz, israillilər iki il əvvəl Yerevanda faşist və antisemit, nasistlərin əlaltısı Qaregin Njdeyə abidə ucaldılmasına necə baxmalıyıq? Bir ölkə insanlığa qarşı cinayətlərdə ittiham olunan faşist cinayətkarı özünün milli qəhrəmanı elan edə bilərmi? Erməni faşisti və antisemit general Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi rüsvayçılıq və Holokost qurbanlarının xatirəsinin təhqir olunmasıdır. Şəxsən mənim, Ukraynada faşistlər tərəfindən babasının bütün ailə üzvlərinin qətlə yetirildiyi insan üçün bu sızlayan bir ürəkağrısıdır. Məhz bu səbəbdən də bu, mənim üçün şəxsi faciədir”.
Arye Qutun fikrincə, artıq uzun illərdir ki, Ermənistanda kiçik bir icma halında yaşamalarına baxmayaraq, yəhudilər mənəvi zorakılığa məruz qalır, burada antisemit kitablar nəşr edilir, televiziya kanallarında bu ruhda verilişlər efirə gedir, həmçinin Yerevandakı Holokost qurbanlarının xatirəsinə qoyulmuş memorial lövhə dəfələrlə təhqir olunub.
Ekspert vurğulayır: “Mənim nöqteyi-nəzərimdən Yerevanda erməni faşisti və antisemit Qaregin Njdeyə abidə qoyulması bir daha sübut edir ki, müasir Ermənistanda həm mənim xalqımın nümayəndələrini, həm də sovet əsgərlərini məhv edən bu faşistlərin genişmiqyaslı kultu yaradılıb. Onların “şərəfinə” xatirə sikkələri buraxılır, bədii və sənədli filmlər lentə alınır.
Bu yaxınlarda məlum olub ki, Bolqarıstanda Njdenin xatirəsinə abidə qoyulması barədə də qərar qəbul edilib. Ermənistanın dünya ictimaiyyətinin susqun razılığı və biganəliyi fonunda bu faşistə Yerevanda abidə ucaltması azmış kimi, onlar bu başkəsən faşistə və nasistə artıq Bolqarıstanda da heykəl qoymağı qərara alıblar”.
Məqalədə yazılır: “Njdenin işinin təhqiqatı üzrə ittiham aktından məlum olduğu kimi, “müttəhim Q.E.Ter-Arutyunyan 1933-cü ildə irqçiliyi təbliğ edən və mahiyyəti etibarilə faşist təşkilatı olan “Tseqakron” daşnak gənclər təşkilatı yaratmaq üçün xüsusi olaraq Amerika və digər ölkələrə gedib”. 1934-cü ilin əvvəlində Njde ABŞ-dan Bolqarıstana qayıdıb və burada əksəriyyəti keçmiş daşnaklardan ibarət olan ayrıca təşkilat yaradıb. Həmin təşkilat İkinci Dünya müharibəsinədək fəaliyyət göstərib.
Qaregin Njdenin Bolqarıstandakı tərəfdarları “Razmik” qəzeti ilə paralel olaraq “Rasa i Rodina” adlı faşist jurnalı da buraxırdılar. Amerikada, öz növbəsində, erməni faşizmini təbliğ edən “Taronakanutyun” nəşri də işıq üzü görürdü.
Beləliklə, Almaniyanın SSRİ-yə müharibə elan etməsi ərəfəsində Njde erməni faşistlərinin lideri kimi tanınmışdı və onun haqqında məlumat Berlinədək gedib çıxmışdı. Təsadüfi deyil ki, Almaniyanın Sovet İttifaqına hücumundan əvvəl, 1941-ci ildə Njde ilə görüşmək üçün erməni mühəndisi, Reyxin altıncı təhlükəsizlik idarəsinin “S” şöbəsinin əməkdaşı Pyotr Kamsarakan Almaniyadan Sofiyaya gəlib. Sonuncu SSRİ, Yaxın və Uzaq Şərq ölkələrinə qarşı əkskəşfiyyat fəaliyyəti ilə məşğul olub”.
Məqalənin müəllifi sualla müraciət edir:
“Məgər bunlardan sonra biz müasir Ermənistanda erməni faşistinin və antisemitin milli qəhrəman səviyyəsinə yüksəldilməsinə necə biganə qala bilərik? Ermənistan azmış kimi, hələ yəhudiləri xilas edən Bolqarıstanda da bu başabəla “qəhrəmana” heykəl qoymağa qərar veriblər. Ümumdünya, habelə Rusiya yəhudi konqreslərini, o cümlədən Rusiyanın və Bolqarıstanın Holokostla məşğul olan yəhudi təşkilatlarını bu təxribatın qarşısını almağa çağırıram.”