Azərbaycanda yeni təqaüd proqramı hazırlanacaq. Bu məsələdə Sovet dövründən qalma ənənələrdən uzaqlaşacağıq.
Teleqraf.com xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Avropa Regional Sosial Təminat Forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, yeni təqaüd proqramı 2015-ci ildən baş verən yenilikləri özündə əks etdirəcək. “Sovet İttifaqı dövründən miras qalan sistemdən uzaqlaşacağıq. Sosial müavinətlər, imtiyazlar sistemində də daha ünvanlı sistem quracağıq. Sosial yardım sisteminin məşğulluqla uzlaşmasına şərait yaradacağıq. Bunun adı sosial dəstək olacaq. Özünüməşğulluqla bağlı Dünya Bankı ilə danışıqlar aparırıq. BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq edirik. Məqsəd daha çox insanı əhatə etmək, kiçik biznesin inkişafına təkan verməkdir. Əlilliyin müəyyən edilməsi sistemində islahatlar aparacağıq. Burada da Sovet İttifaqından qalma sistemindən uzaqlaşmaqla, tamamilə yeni meyarlar üzərində işləyirik. Qanunvericilik aktlarının da bu istiqamətdə hazırlanması üzərində işləyirik. Artıq qanun layihələri Mill Məclisə təqdim edilib. Bununla yanaşı reabilitasiya sistemini hazırlayırıq. Bu daha çox sosial reabilitasiya və məşğulluqla bağlı məsələlərdir”.
Nazir bildirib ki, əmək müfəttişlərinin işini elektronlaşacaq: “Bununla da neqativ halların qarşısını alacağıq. Bu sahədə Beynəlxalq təşkilatlar təftişlərin sayını artırmağı tövsiyə edir. Biz də bu istiqamətdə iş aparırıq”.