16 May 2019 10:24
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 15-də Türkmənistanın paytaxtı Aşqabadda MDB-yə üzv ölkələrin elm və yaradıcı ziyalılarının XIV Forumu işə başlayıb. Tədbirin təşkilatçısı MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondudur (DHƏF). Xatırladaq ki, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur.

Teleqraf.com xəbər verir ki, Forumda mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinə Mədəniyyət və Təhsil nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, o cümlədən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayev və başqaları daxildir.

Forumun mövzusu “Birlik ölkələrində ümumi humanitar məkan: mədəniyyət, təhsil və elm sahələrində dialoq”dur.

Tədbirin açılış mərasimimdə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov forum iştirakçılarına təbrik məktubu oxunub. Məktubda Türkmənistanın MDB çərçivəsində həyata keçirilən layihələrdə fəal iştirak etdiyi, 2012-ci ildə ölkənin Marı, 2016-cı ildə isə Daşoğuz şəhərlərinin MDB-nin mədəniyyət paytaxtları elan edildiyi diqqətə çatdırılır.

MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu İdarə Heyətinin sədri Polad Bülbüloğlu, Azərbaycan mədəniyyət nazirinin müavini Rafiq Bayramov, digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri tədbirdə çıxış ediblər.

Forumun açılış mərasimindən sonra plenar və “Birliyin mədəniyyəti: dialoqun universal dili”, “MDB-də təhsil və elm: əməkdaşlığın yeni formatları”, “MDB-də kitab ili” mövzularında bölmə iclasları başlayıb.

İclaslarda elm, təhsil və mədəniyyət xadimləri MDB məkanında qarşılıqlı fəaliyyətin müxtəlif aspektləri, təhsil sahəsində yeni əməkdaşlıq formatı, gənclərlə iş üzrə innovasiyalar və mədəniyyətlərarası dialoqun formalaşması məsələlərini müzakirə edirlər. MDB məkanında keçirilən “2019 – Kitab ili” ilə əlaqədar kitabların nəşri və oxunması mövzusu da diqqət mərkəzindədir. “Humanitar sahədə Avrasiya əməkdaşlığı” təşəbbüsü çərçivəsində isə xüsusi iclasın keçirilməsi nəzərdə tutulur.

Bundan başqa, forumda MDB-nin əsas dövlətlərarası mükafatı - "Birlik ulduzları"nın təqdimat mərasimi də keçirilib. Mükafata layiq görülənlər arasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Rauf Abdullayev də var. Forum mayın 16-da başa çatacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər