Türk dünyasının böyük şəxsiyyəti, “Tərcüman” qəzetinin qurucusu İsmayıl bəy Qaspıralının qızları Azərbaycanın iki tanınmış şəxsiyyəti ilə ailə həyatı qurublar. Şəfiqə xanım Qaspıralı ilə Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəylinin evliliyi, onların məktublaşmaları son illərdə ən çox maraq göstərilən mövzulardandır.
Amma Qaspıralının digər qızı Nigar xanımla azərbaycanlı Əli Rəfioğlunun ailə həyatı qurması geniş oxucu kütləsinə bəlli deyil.
Əli Rəfioğlu kimdir?
Məşədi Əli Hacı Məhəmmədhüseyn oğlu Rəfiyev (Rəfioğlu) 1880-ci ildə Gəncədə doğulub. İbtidai təhsilini Gəncədəki Şah Abbas məscidi yanındakı mədrəsədə alıb. Daha sonra Gəncədə klassik gimnaziyanı bitirib, ticarətlə məşğul olub. Eyni zamanda siyasi fəaliyyətlə məşğul olan Məşədi Əli bəy ermənilərin Azərbaycan türklərinə qarşı 1905-1906-cı illərdə törətdikləri qətliamın qarşısını almaq üçün qurulan “Difai” partiyasının Gəncə Komitəsində vəzifə alıb.
1910-cu ildəki seçkilərdə “Nəşri-Maarif” cəmiyyətinin Gəncə şöbəsinin idarə heyətinə, 1909-1913-cü illər arasında Gəncə Şəhər Dumasına üzv seçilib. 1917-ci ildə Türk Ədəmi-Mərkəziyyət Partiyasının sıralarına qatılıb, Müsavat Partiyasının Gəncə təşkilatına başçılıq edib.
Məşədi Əli bəy Azərbaycan Cümhuriyyəti dönəmində Gəncə şəhərindəki Azərbaycan Dövlət Bankının ilk sədri olub. O, 2-11 dekabr 1919 tarixləri arasında Bakıda toplanan Müsavat Partiyası II Qurultayının Divani-Rəyasətinə seçilib.
Məşədi Əli Rəfioğlu 1899-cu ildə öz xalası qızı Xədicə xanım Əliəsgər qızı Rzayeva ilə evlənib. Onların 4 oğlu (Məhəmməd, Hüseyn, Səlim, İslam) və 3 qızı (Validə, Cəmilə, Şəfiqə) olub. “Şamxor hadisəsi”də Məşədi Əli Rəfiyevin Gəncə klassik gimnaziyasının 10-cu sinfində oxuyan böyük oğlu Məhəmməd Rəfiyev şəhid olub.
Rəfioğlular ailəsi 1920-ci il Gəncə üsyanını təşkilatçılarından olublar. Üsyanın yatırılmasından sonra Musa və Məşədi Əli Rəfioğlu qardaşları əvvəlcə Güney Azərbaycanın paytaxtı Təbriz şəhərinə gedib, oradan da Türkiyəyə köçüblər. Məşədi Əli bəy Türkiyəyə mühacirət etdikdən sonra müəyyən tarixlərdə oğulları Səlim və İslamı Türkiyəyə gətirə bilib. Xədicə xanım isə Türkiyəyə gələ bilməyib, sonrakı illərdə Bakıya köçüb, 1943-cü ildə orada vəfat edib.
Məşədi Əli bəy M.Rəsulzadənin İstanbulda yaratdığı Müsavat Partiyası Xarici Ölkələr Bürosunun tərkibində yer alıb. Xarici Büronun Maliyyə Komitəsinə öncə Rəsulzadə, daha sonra Təbrizdən gəlmiş Məşədi Əli Rəfioğlu rəhbərlik edib.
Məşədi Əli Rəfioğlu “Camel” firmasının Türkiyə bölümündə çalışıb. Türkiyədə ikinci dəfə ailə həyatı qurub, İsmayıl bəy Qaspıralının qızı Nigar xanımla evlənib. Nigar xanım 1.7.1896 tarixində Krımda, Bağçasarayda doğulub. Orta təhsilini Bakıda alıb. Atasının ölümündən sonra ailə üzvləri birlikdə Türkiyəyə gəlib.
Məşədi Əli bəy 7 sentyabr 1948-ci ildə vəfat edib. Cənazəsi 8 sentyabr 1948-də Təşviqiyyə Camesində qılınan namazdan sonra Fəriköy məzarlığında dəfn edilib.