22 May 2019 21:54
1 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki il öncə həmkarım Füzuli Sabiroğlu Azərbaycan tarixi, mədəniyyəti, elmi, ədəbiyyatı ilə bağlı materiallar topladığım üçün mənə bir qovluq hədiyyə etdi. Qovluqdakı materiallar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) sabiq prezidentlərindən Rüstəm Hacıəli oğlu İsmayılova aid idi.

Materiallar arasında Rüstəm İsmayılovun fotoşəkilləri, diplomlarından biri və ona göndərilmiş müxtəlif teleqraflar vardı…

R.İsmayılov Azərbaycan elmində, ictimai-siyasi həyatında mühüm rol oynayıb, xüsusilə, II Dünya müharibəsi illərindəki fəaliyyəti elm tariximizdə iz qoymasına səbəb olub.

Onun Neft-kimya sahəsindəki uğurları, yenilikləri, pedaqoji fəaliyyəti, monoqrafiyaları Azərbaycan sənayesinin inkişafında önəmli mərhələ təşkil edib. Bu baxımdan dəyərli alimə aid əldə etdiyimiz materialların tarix üçün önəmli olacağını nəzərə alıb təqdim edirik.

Tətəbbö Cəmiyyətindən AMEA-ya

1923-cü ildə ölkəmizdə elmi-tədqiqat işləri aparmaq üçün Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti yaradılır. 1929-сu ildə bu Cəmiyyət yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu (DETİ) adlandırılır. 1932-ci ildə isə Azərbaycan DETİ əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edilir. Bəkir Çobanzadə, Musa Əfəndiyev, Vəli Xuluflu, Salman Mümtaz kimi alimlər burada elmi tədqiqat işləri aparırlar.

1935-ci ilin oktyabrında şöbə SSRİ EA Azərbaycan Filialına çevrilir. SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə filial Azərbaycan EA-na çevrilir. 1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mirəsədulla Mirqasımov EA-nın prezidenti seçilir.

Mirqasımovdan sonra isə Yusif Məmmədəliyev (1947-1950, 1958-1961), Musa Əliyev (1950–1958), Zahid Xəlilov (1961-1967), Rüstəm İsmayılov (1967-1970) akademiyanın prezidenti seçilirlər.

Dosye: AMEA-nın beşinci prezidenti

Akademik Rüstəm İsmayılov Hacıəli oğlu 1909-cu il iyulun 1-də Bakıda fəhlə ailəsində doğulub.

1920-1926-cı illərdə Zaqafqaziya hərbi hazırlıq məktəbində təhsil alıb. 1929-cu ildə Azərbaycan Sənaye İnstitutunun Neft Texnologiyası fakultəsinə daxil olub, eyni zamanda iş fəaliyyətinə başlayıb.

O, Budyonnı adına “Neft-qaz” zavodunda növbətçi rəis və qurğu briqadiri işləyib.

1933-cü ildə Azərbaycan Neft İnstitutunu mühəndis texnoloq ixtisası üzrə bitirib. Ardınca çalışdığı zavodda 1933-1938-ci illərdə sex rəisi və direktor vəzifəsində çalışıb.

II Dünya müharibəsi illərində (1940-1942) R.İsmayılov “Azərneftkombinat”ın neft emalı şöbəsinin rəis müavini, “Azqaz” trestinin müdiri olub.

1946-cı ildə zavod təmizləmələrinin müxtəlif metodlarının piroliz məhsullarının məqsədəuyğun hasilatına və onun keyfiyyətinə təsiri probleminə həsr edilmiş namizədlik dissertasiyasını müdafiə edib, texnika elmləri namizədi dərəcəsini əldə edib.

R.İsmayılov 1948-ci ildə neftin emalı üsullarının təkmilləşdirilməsi sahəsindəki xidmətlərinə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1959-cu ildə AEA-nın müxbir üzvü, 1962-ci ildə isə həqiqi üzvü seçilib.

1958-ci ildə professor elmi adını, 1961-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini əldə edib.

R.İsmayılov 1950-1958-ci illərdə Azərbaycan Sənaye İnstitutu “Kimya, neft və qaz texnologiyası” kafedrasının dosenti, 1958-1972-ci illərdə professoru və kafedra müdiri olub.

AMEA-nın rəsmi saytından öyrənirik ki, R.İsmayılov respublika neft-kimyəvi sintez proseslərinin, o cümlədən Sumqayıt sənaye rayonunda böyük kimyanın inkişafının təşəbbüsçülərindəndir.

Onun rəhbərliyi altında Bakı termiki krekinq qurğularının rekonstruksiyası, aşağı oktan ədədli benzin-liqroin fraksiyalarının katalitik aromatikləşməsi üzrə tədqiqatlar, neft xammalının pirolizi texnologiyasının təkmilləşməsi üzrə mühüm işlər aparılıb. Respublikanın neft-kimya sahəsinin inkişafı üçün karbohidrogen xammalı bazasının yaradılması onun adı ilə bağlıdır.

R.İsmayılov 1960-cı ildən Neft-Kimya Prosesləri İnstitutunda plastik kütlələrin kimyası və texnologiyası labaratoriyasına rəhbərlik edib.

O, 200-dən çox elmi əsərin, o cümlədən 40 müəlliflik şəhadətnaməsinin və 7 monoqrafiyanın müəllifidir.

Elm və texnikanın inkişafında xidmətlərinə görə Sosialist Əməyi Qəhrəmanı, Əməkdar elm xadimi, SSRİ Dövlət Mükafatı Laureatı adlarına, 4 “Lenin ordeni”, “Şərəf nişanı” ordenlərinə layiq görülüb.

1967-1970-ci illərdə R.İsmayılov Azərbaycan SSR EA-nın prezidenti, 1970-1972-ci illərdə Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri vəzifəsində çalışıb.

Akademikin əsas monoqrafiyaları bunlardır:

  • “Sovet dövrü neft emalı sahəsində bəzi tədqiqatların qısa icmalı”
  • “Neftin texnologiyası” (I və II hissələr)
  • “Azərbaycan SSR neftinin sənaye üsulu ilə emalı və inkişafı perspektivləri”
  • “Neftin tərkibinin tədqiqi və karbohidrogenlərin yüksək temperaturda parçalanma məhsullarına çevrilməsi”
  • “Azərbaycanda neft emalı, neft-kimyası və kimya sənayesində inkişaf təsnifatı”

Müharibənin qazanılmasına töhfə

II Dünya müharibəsi illərində Azərbaycanın neft emalı sənayesinin əsas problemlərindən biri cəbhənin ehtiyaclarının ödənilməsi idi. R.İsmayılovun bilavasitə iştirakı ilə neft məhsullarının emalının artırılması üçün bütün işlər görülüb. Onun həmmüəlliflərlə birlikdə neft emalı sənayesi sahəsində mühüm tədqiqat işlərindən biri xüsusi markalı aviabenzin istehsalının artırılması məqsədilə Azərbaycan neftinin emalının effektiv sxeminin tətbiqi olub. Azərbaycan cəbhəni təmin edən yeganə təchizatçı sayıldığından, bu benzin II Dünya müharibəsi illərində çox qiymətli idi.

Rüstəm İsmayılov dövlət xadimi kimi

Elmi fəaliyyəti ilə yanaşı R.İsmayılov mühüm dövlət vəzifələri də daşıyıb.

O, 1950-1954-cü illərdə Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin sədri, 1961-1965-ci illərdə Xalq Təsərrüfatı Şurasının sədrinin müavini, 1965-1967-ci illərdə Azərbaycan SSR Neft emalı və neft-kimya sənayesi naziri olub.

Dəfələrlə Azərbaycan SSR Ali Sovetinə və Bakı Sovetinə deputat seçilib.

R.İsmayılov Fransa, Yaponiya, İran, İngiltərə, keçmiş Çexoslavakiya kimi ölkələrdə Azərbaycanı təmsil edib.

1 iyun 1972-ci ildə Bakıda vəfat edib.

Rüstəm İsmayılovdan sonra AMEA-nın prezidenti Həsən Abdullayev seçilib.

Qovluğa sığışan tarix

Rüstəm İsmayılova aid əldə etdiyimiz qovluqda 30 teleqram, 5 fotoşəkil, 1 diplom, 1 afişa, 2 qəzet parçası var. Teleqramlar onun AMEA prezidenti olduğu dönəmdə müxtəlif ölkələrdən gəlib, bəziləri isə vəfatı ilə bağlı ailəsinə göndərilmiş başsağlığıdır.

Arxivimizdəki diplom isə onun keçmiş Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutundakı təhsili ilə bağlıdır. Diplomun üzərində alimin gənclik fotoşəkli də var. Diplomdakı mətndən aydın olur ki, İsmayılovun müdafiəsi “yaxşı” səviyyədə keçib.

Arxivimizdəki fotoşəkillərin ikisi hansısa müəssisənin açılışı ilə bağlı, biri konfransda iştirakla bağlıdır.

Digər iki fotodan biri akademikin deputat nişanı və elmi fəaliyyətinə görə aldığı medallarla bərabər ahıl çağına aiddir, o biri isə alim həmkarları ilə birgə çəkilib…

(P.S. Rüstəm İsmayılov haqqındakı əlimizdəki bu materialları bu ayın əvvəli AMEA Mərkəzi Elmi Kitabxanasına hədiyyə etdim.)

İstifadə edilmiş ədəbiyyat:

  1. Abel Məhərrəmov, Mirzə Allahverdiyev, Rəfiqə Əliyeva – “Azərbaycan kimyaçıları”, Bakı, 1998
  2. Zemfira Hacıyeva – “AMEA prezidentləri. Şanlı yolun mərhələləri”, Bakı, 2015
  3. http://science.gov.az

Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər