23 May 2019 08:44
365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadın Problemlərinin Tədqiqatları Mərkəzi yeni layihənin icrasına başlayıb. “Qadınlar arasında “Elektron hökumət”lə bağlı maarifləndirmə işlərinin aparılması” layihəsi 3 ay müddətində Şirvan, Hacıqabul, Salyan və Biləsuvar rayonlarının ərazisində icra ediləcək.

Təşkilat sədri Sevil Allahverdiyevanın sözlərinə görə, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edilir: “Layihənin məqsədi ölkəmizin prioritet elan etdiyi elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə ictimai dəstək üçün regionlarda elektron xidmətlərdən istifadə ilə bağlı məlumatlılığın artırılmasıdır. Layihə çərçivəsində Şirvan, Hacıqabul, Salyan və Biləsuvar rayonlarında məlumatlandırma xarakterli seminar keçirilməsi nəzərdə tutulur. Tədbirlər vasitəsilə regionlarda yaşayan 120 qadın respublikamızda ayrı-ayrı dövlət qurumları və yerli özünüidarəetmə orqanlarının “Elektron hökumət portalı” və öz internet səhifələri vasitəsi ilə göstərdikləri elektron xidmətlər və onlardan istifadə qaydaları ilə bağlı məlumatlandırılacaq”.

Sevil Allahverdiyevanın sözlərinə görə, hazırda təkcə dövlət qurumları deyil, bir sıra özəl və ictimai xidmət göstərən qurumlar da xidmətlərini elektron təqdim edir: “Amma bu xidmətdən paytaxta nisbətən regionda yaşayan sakinlər daha az yararlana bilir. Bunun səbəblərindən biri onların elektron xidmətlərə çıxış imkanlarının olmamasıdırsa, digər əsas səbəb onların bu xidmətlərdən istifadə ilə bağlı bilgisizlikləridir. Ölkədə şəffaflığın təmin olunmasına yardım edən elektron xidmətlərdən istifadənin genişləndirilməsi üçün regionlarda yaşayan qadınların elektron xidmətlərlə bağlı məlumatlandırılması müsbət olardı. Bu layihənin icrası da ölkəmizdə rüşvətxorluğun, bürokratiyanın aradan qaldırılması, şəffaflığın təmin olunması, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində aparılan işlərə əlavə dəstək olacaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər