XV əsrdə Çində zəngin və tanınmış şəxslər bir-biriləri ilə əlaqə qurmaq üçün ilk vizitkaları çap etməyə başladılar. Köməkçilər ziyarət etmək istəyən şəxslərin adları yazılan bu vizitkaları alır, tabe olduqları iş adamına təqdim edirdilər.
Fransa kralı XIV Luisin dövründə sarayda vizitka sahibi olmaq prestij sayılmağa başlandı, əyanlar bəzəkli vizitkalarda adlarını yazdılar, bir növ etiket qaydasına çevrildi. Ardınca Londonda mətbuatın inkişafı ilə bərabər vizitkalardan reklam məqsədilə istifadə olunmağa başlandı.
XX əsrdə isə vizitkalar artıq hər hansı bir statusu olan şəxslərin kimliyini göstərən bir alətə çevrildi. Sosial həyatın müxtəlif sahələrində çalışan insanlar adlarının, adreslərinin və telefon nömrələrinin yazıldığı vizitkalardan istifadə etməyə başladılar.
Hazırda isə QR kodun da olduğu yeni üsul vizitkalar çap olunur.
Azərbaycanda vizitkalar Çar Rusiyası dönəmindən etibarən hazırlanır. Məşhur siyasətçilər, neftxudalar, iş adamları əlaqələrinin genişlənməsi üçün vizitkalar çap ediblər. Şəxsi kolleksiyamızda bu dövrə aid Aşurovlar ailəsinin bir nümayəndəsinin vizitkası var.
***
Azərbaycanlı siyasətçilər mühacirətə getdikdən sonra özlərini tanıtmaq məqsədilə vizitkalar çap ediblər. Bu vizitkaların ortaq xüsusiyyəti məlum səbəbdən vəzifə adının önündə “sabiq” sözünün işlədilməsidir.
Şəxsi arxivimizdə bu şəxslərin vizitkaları var:
Bundan əlavə mühacir, yüz tələbədən Hilal Münşiyə və mühacir publisist, siyasətçi Mirzəbala Məhəmmədzadəyə aid vizitkaları kolleksiyaçı həmkarım Ruslan Rəhimova hədiyyə etmişəm.
***
İndiyədək Rəsulzadənin daha çox Ankarada yaşadığı müddətdə çap etdiyi vizitka bilinirdi. Həmin vizitkaların birində sadəcə ad yazılıb: Mehmet Emin Resulzade. Sabık Milli Azerbaycan Şurası Başkanı.
Bəzi vizitkalarında isə adresi də yazılıb: Ankara. Yenişehir, Sakarya cad. 67/3
Bir neçə il öncə isə Rəsulzadənin Varşavada çap etdiyi vizitkanı əldə edə bildim. Polyak dilində çap olunan vizitkada yazılıb: “M.E.Rassoul-zade. A.President de L'as.Nat.d'Azerbaidjan. Warszawa, Poznanska 4 m.3. Tel. 9.72.72”.
Yeri gəlmişkən, publisist Vahid Qazi bizdəki vizitkanı rəhbər tutaraq bu ünvanı Varşavada axtarıb və yeni tikililərlə qarşılaşıb...
Bu ay isə İstanbulda Rəsulzadənin bilinməyən bir vizitkasını da əldə etdim. İstanbulda ərəb qrafikası ilə çap olunmuş bu vizitkada yazılıb: “Rəsulzadə Məhəmmədəmin. Sabiq Azərbaycan şurayi millisi rəisi”. Vizitkada əl yazısı ilə isə belə yazılıb: “Ərze təbrik edər”.