24 May 2019 15:00
385
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparılması üçün bir mərkəzə çevrilib".

Teleqraf.com-un xəbərinə görə, bunu Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə keçirilən iftar mərasimində deyib.

Dövlət başçısı bildirib ki, ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədə tənzimlənir: "Bu, artıq reallıqdır. Bütün dünya bu reallıqları bilir və qəbul edir. Bu gün Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparılması üçün bir mərkəzə çevrilib. Təsadüfi deyil ki, çoxsaylı beynəlxalq tədbirlər məhz bizim təşəbbüsümüzlə ölkəmizdə keçirilir. Əgər biz bu təşəbbüsü göstərməsəydik, bu tədbirlər də keçirilməzdi. Hörmətli Şeyx həzrətlərinin dediyi kimi, bu il Dünya Dini Liderlərinin II Zirvə Görüşü keçiriləcəkdir. Bu məsələ ilə bağlı qərar qəbul edildi. Şeyx həzrətlərinin yubileyi və fəaliyyətinin 40 illiyi dövlət səviyyəsində təntənəli şəkildə qeyd ediləcəkdir. Əminəm ki, Azərbaycan müasir, öz dini, milli köklərinə bağlı olan ölkə, eyni zamanda, tolerant və multikultural dəyərləri təbliğ edən dövlət kimi öz reallıqlarını dünyaya bir daha təqdim edəcək".

"Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlər həm ölkəmiz, həm daxildə gedən proseslər, həm də dünya üçün böyük məna daşıyır. Çünki Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri mehribanlıq, əmin-amanlıq şəraitində yaşayır. Biz bir ailə kimi yaşayırıq və bizim gücümüz birliyimizdədir. Bu tədbirlərin dünya üçün də böyük əhəmiyyəti var. Çünki bu gün dünyada dinlərarası münasibətlərlə bağlı fərqli fikirlər var, yəni, birmənalı yanaşma yoxdur. Bəzi hallarda çox təhlükəli fikirlər səslənir, çox böyük fəsadlara gətirib çıxara biləcək addımlar atılır. Ona görə bizim təşəbbüslərimiz dünya üçün böyük əhəmiyyət daşıyır. Sonuncu böyük tədbir Mədəniyyətlərarası Dialoq Forumu idi. Bu Forum çərçivəsində çox önəmli məsələlər müzakirə edilmişdir və Azərbaycanın bu sahədəki müsbət rolu bir daha qeyd olunmuşdur. Biz bu sahədə öz səylərimizi davam etdirəcəyik. Bir daha demək istəyirəm ki, bu, bizim üçün lazımdır və bu, dünya üçün lazımdır. Çünki biz istəyirik ki, dünyada proseslər müsbət məcrada getsin, dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmasın, sülh olsun, bərabərlik olsun, ədalət olsun. Müqəddəs İslam dinimiz bunu tələb edir və biz dövlət olaraq bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik. Ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin olunacaq, ölkə qarşısında duran vəzifələr icra edilir və ediləcəkdir, mövcud problemlərin həlli üçün çox aydın baxışlar, konkret proqramlar var və onlar icra edilir. Bu gün Azərbaycan reallıqları belədir ki, ölkəmiz inamla, nikbinliklə irəliyə gedir, nikbinliklə yaşayır. Ölkə qarşısında duran bütün problemlərin həlli üçün bizdə həm güclü siyasi iradə, həm də cəmiyyət tərəfindən böyük dəstək var", - deyə Prezident İlham Əliyev qeyd edib.


Müəllif: Teleqraf.com