Onun haqqında ilk dəfə məlumatı professor Ədalət Tahirzadənin məqaləsindən öyrəndim. Şəkidə doğulmuş, Fransada təhsil almış, Osmanlı sarayında sultanın mabeynçisi (özəl qələm müdiri) vəzifəsinə qədər yüksəlmiş bu şəxs Məhəmmədəmin Darğazadədir.
Ədalət bəy məqaləsində Darğazadənin İstanbulda Qara Əhməd məzarlığında dəfn edildiyini yazmışdı. Qaraca Əhməd böyük məzarlıq olduğuna, Darğazadə isə 1925-ci ildə dəfn edildiyinə görə tapa biləcəyimə ümid etmirdim. İnternetdə axtarış apararkən təsadüfən şair Murad Darğanın bloquna rast gəldim. Şair ailəsi haqqında bloqunda geniş məlumat yazmışdı. Məlum oldu ki, Murad bəy Məhəmmədəmin bəyin nəticəsidir.
Sosial şəbəkənin geniş imkanları bu dəfə də köməyimizə çatdı və Murad bəylə əlaqə yaratmağımız çətin olmadı. Vəziyyəti ona izah etdim, dədəsinin məzarını ziyarət etmək, hazırladığım yeni kitabda dərc etmək üçün şəkillərini çəkməli olduğumu dedim. Sağ olsun, xahişimi məmnuniyyətlə yerinə yetirdi və 25 may tarixində məzarlığa yollandıq.
Murad bəylə olan söhbətimiz, bizə verdiyi məlumatlar haqqında daha sonra geniş bəhs edəcəyik. Bu yazıda Ədalət Tahirzadənin məqaləsindəki faktların bəzilərini təkrarən təqdim edirik.
Şəkidən Fransaya
Məhəmmədəmin Darğazadə 1854-cü ildə Şəki şəhərində doğulub. İlkin adı Məhəmmədəli olub, Osmanlı sarayında xidmətə başlarkən ona “Məhəmmədəmin bəy” deyilib. Soyadı babası Darğa Əhmədin adından götürülüb. İpək və barama taciri olan atası Hacı Əbdürrəhim əfəndi Hindistan, İtaliya (Milan) və Fransa (Marsel) arasında ticarət əlaqələri qurub. 1863-cü ildə oğlu Məhəmmədəlini Marselə aparıb, onu orada əmisi oğlu Səlim əfəndiyə, Madam Andreeyə və Fransız Liseyi müdirinə əmanət edərək Şəkiyə dönüb.
Yalnız 6 ildən sonra Fransaya qayıdan atası bu qədər müddət ailəsindən xəbərsiz yaşamış 15 yaşlı Məhəmmədəlini yanına alaraq İstanbula gəlib və oğlunu dərslərin fransızca verildiyi Məktəbi-Sultaniyyəyə verib. 2 il oxuduqdan sonra bir haqsızlıq üzündən bu məktəbdən ayrılan Məhəmmədəli 1871-də Hüquqi-Şahanə Məktəbində oxumağa başlayıb. O, ikinci sinifdəykən xəstələnib. Həkimlər səyahətə çıxmasını tövsiyə ediblər. 1877-nin aprelində o, İstanbuldan yola çıxaraq Potiyə, oradan Tiflis və Gəncədən keçərək Şəkiyə gedib. O sıralarda atası Hindistandaymış. Xəstəliyi burada da müalicə edilə bilmədiyi üçün həm Hindistandakı babasını axtarmaq, həm də uzunmüddətli səyahətdə olmaq məqsədiylə Şəkidəki ailəsindən ayrılaraq Bakıya gəlib və oradan Xəzər dənizi üzərindən keçərək Orta Asiya gəzintisinə çıxıb. Xivə, Daşkənd, Xocənd, Kaşğar, Əfqanıstan və Hindistanı gəzib, sonra yenidən İstanbula dönərək Hüquqi-Şahanə Məktəbində oxumağa davam edib.
Saraya dəvət
Hüquq tələbəsi ikən Əhməd Midhət əfəndinin təşviqi ilə “Asiyayi-Vüstəyə Səyahət” onun “Tərcümani-həqiqət” qəzetində hissə-hissə verilib. Səyahətnamə kitab şəklində basıldıqdan sonra Sultan II Əbdülhəmidin diqqətini çəkib. Sultan onunla görüşərək söhbətləşib və “Yıldız” sarayı kitabxanasına məmur olaraq görəvləndirib (2 mart 1880). 6 sentyabr 1882-də Sultanın ən yaxın və inandığı çevrəsinə, yəni qürəna arasına daxil edilən Məhəmmədəmin bəy tam iyirmi yeddi il Sultan Əbdülhəmidin yanında çalışıb. Məhəmmədəmin bəyin ən son vəzifəsi 14 avqust 1908-də qarineyi-sani şəhriyari məqamı oldu. İttihadçılar Əbdülhəmidi taxtdan endirdikdən sonra 27 aprel 1909-dan hakimiyyət dəyişikliyi üzündən vəzifəsi bitib.
11 il sonra, Sultan Vəhidəddin onu “Xəzineyi-xasseyi-şahanə”nin ümumi müdirliyinə və eyni zamanda onun idarə heyətinin sədrliyinə təyin edib (17 aprel 1920-25 fevral 1922). Qaynaqlarda daha çox “Mabeynçi Əmin bəy” adıyla tanınan, avropalıların “Son Excellence (ekselans) Əmin bəy” deyə xitab etdikləri Məhəmmədəmin bəy poliqlot olduğu üçün (o, türkcədən başqa ərəb, fars və fransız dillərini çox yaxşı, ingilis, alman və italyan dillərini isə orta dərəcədə bilirdi) görəvində bu üstünlük göz önünə alınmışdı. O, güclü fransızcasıyla Sultan Əbdülhəmidə romanlar tərcümə etmişdi.
Kitabları
Məhəmmədəmin Darğazadə bu elmi əsərlərin müəllifidir: “Asiyayi-Vustaya” (“İstanbuldan Asiyayi-Vustaya Səyahət”). “Səyahətnamə” ilk dəfə hicri 1295-də (m. 1878) nəşr edilib. Osmanlı dövlətindən Orta Asiyaya ilk səyahəti gerçəkləşdirmiş səyyahın kitabıdır; “İpək böcəyi bəsləmək üsulu” - 78 səhifəlik bu kitab hicri 1296/miladi 1879-da Dərsəadət’də (İstanbulda) Kırkambar mətbəəsində basılıb; “Sığır bəsləmək üsulu” - 8 bölümdən ibarət, bir çox şəkillərlə bəzədilmiş 72 səhifəlik bu kitabda inək bəsləməklə bağlı hərtərəfli bilgi vardır; “Müəllimi-lisanı-farsi”. Hicri 1308-də (m. 1890/91) Dərsəadətdə Mahmud bəy mətbəəsində basılmış 234 səhifəlik əsər farscanı Türklərə öyrətmək üçün yazılıb; “Müsəvvər tərifi-heyvanat”. Dərsəadətdə ilk dəfə 1306/1889-da Mətbəeyi-Amirədə, ikinci dəfə 1310/1893-də Mətbəeyi-Osmaniyyədə basılmış kitabdır. Əsasən çocuqlar üçün hazırlanmış bu əsərdə heyvanlar aləmindən danışılır, heyvan növləri tanıdılır; “Müsəvvər tərifi-üməm”. Dərsəadətdə 1308/1891-də Mətbəeyi-Osmaniyyədə basılmış 68 səhifəlik bu kitabda dünya millətlərinin tarixi, dünya tarixi genəlliklə araşdırılmaqda, millətlərin adları verilməkdədir. Əlavə 2 səhifədə rəngli 12 şəkil var.
O, məşhur fransız yazıçısı Jül Vernin “Mərkəzi-Ərzə səyahət” və “Beş həftə balon ilə səyahət” əsərlərini türk dilinə tərcümə edilib.
Məhəmmədəmin bəy 16 sentyabr 1925-də İstanbulda dünyasını dəyişib.