“Təklif edirəm ki, “Çelsi”-“Arsenal” oyununa Azərbaycan bayrağı ilə gedək”.
Teleqraf.com xəbər verir ki, bunu futbol şərhçisi Sənan Şəfizadə deyib.
O, Avropa Liqasının final oyununda bütün dünyanın diqqətinin Azərbaycanda olacağını bildirib:
“UEFA Avropa Liqasının final matçını təxminən 1 milyard insanın izləyəcəyi gözlənilir. Ona görə “Arsenal”-“Çelsi”" oyunu ölkəmizin təbliğatı baxımından çox önəmlidir. Mayın 28-i Vətənimizdə Respublika Günü qeyd olunur, 29-u isə bütün dünyanın diqqətində olacaq futbol matçına tamaşa edəcəyik.
Təklif edirəm finala Azərbaycan bayrağıyla gedək, bayrağımızı özümüzlə aparaq. Təsəvvür edin ki, 50-dən çox ölkədə canlı yayım zamanı hər tribunada bayrağımız dalğalanır. Başqa şəhərlərdə keçirilən oyunlarda Azərbaycan bayrağını görəndə fəxr edirik, gəlin indi dünyaya bayrağımızı göstərək. Dünya finalın Azərbaycanda keçirildiyini yenidən xatırlasın. Finala bayrağımızla yollanaq”.
Qeyd edək ki, final oyunu mayın 29-da Bakının “Olimpiya” meydanında baş tutacaq.