ABŞ-ın Arizona ştatının paytaxtında 28 may “Azərbaycan Milli Günü” elan edilib.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Teleqraf.com-a verilən məlumata görə, bununla bağlı şəhər meri Keyt Qayeqo (Kate Gallego) tərəfindən müvafiq bəyannamə imzalanıb.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı vurğulanır.
Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.
Bəyannamədə, həmçinin ABŞ və Finiks şəhəri də daxil olmaqla, bütün dünyada yaşayan azərbaycanlıların 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram edərək, öz ata-babalarının ətraf regionlarda, o cümlədən Mərkəzi Asiya və Yaxın Şərq regionlarında demokratiyanın yayılmasına verdiyi töhfələri xatırladığı və Azərbaycan Respublikasının azad və müstəqil dövlət kimi önəmli uğurlarını qeyd etdiyi bildirilir.
Bəyannamənin sonunda mer K.Qayeqo 28 may tarixini Finiks şəhərində “Azərbaycan Milli Günü” elan edir və şəhər sakinlərini bu bayramı qeyd etməyə çağırır.
Qeyd edək ki, 1,6 miyonluq əhaliyə malik Finiks şəhəri ABŞ-da əhali sayına görə beşinci ən böyük şəhərdir.