Teleqraf.com-un “Brifinq” layihəsinin qonağı “Ayna”-“Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, Xalq yazıçısı İsmayıl Şıxlının oğlu Elçin Şıxlıdır. Onunla müsahibəni təqdim edirik:
Zahid Nurəliyev: Elçin müəllim, İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd olunması ilə bağlı hazırlıq işləri nə yerdədir? Əvvəlcə bu barədə məlumat vermənizi istərdik...
- İlin əvvəlində ölkə prezidenti cənab İlham Əliyev İsmayıl Şıxlının anadan olmasının 100 illiyinin təntənəli şəkildə qeyd olunması haqqında sərəncam imzalayıb. Həm Yazıçılar Birliyinin, həm də Təhsil Nazirliyinin təklifləri əsasında yubiley tədbirlərini Mədəniyyət Nazirliyi icra edəcək. Axundov adına Milli Kitabxanada İsmayıl Şıxlının biblioqrafiyası toplandı və kitab şəklində təqdim olundu. Biblioqrafiyanın saytda elektron versiyası da var. Daha sonra Abdulla Şaiqin, Məmməd Səid Ordubadinin ev muzeyində, müxtəlif kitabxanalarda görüşümüz oldu, Bakı Dövlət Universitetinin Qazax filialında İsmayıl Şıxlının yaradıcılığı ilə bağlı elmi-nəzəri konfrans keçirildi. Mayın 30-da Filarmoniyada əsas dövlət tədbiri olacaq, sonra yenə də görüşlər davam edəcək. Qazaxda əsas tədbir iyunun 14-də keçiriləcək, ARB Aran studiyasının təşəbbüsü ilə film çəkmişik, bəxtimizdən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə filmdə çəkildi.
Zahid Nurəliyev: Sənədli filmdir?
- Sənədli-bədii filmdir. Müəyyən sürprizlərimiz var. İsmayıl Şıxlı və onun oğlu deyəndə birinci mən yada düşürəm, qardaşımın bəlkə adını eşidibsiz, bilmirəm, üzdən tanıyanız var, ya yox. Film elə onun üzərində qurulub. Bir film də “Azərbaycantelefilm” yaradıcılıq birliyində hazırlanıb, ssenari yazılıb, çəkilişlər bir aydan sonra başlayacaq. Mədəniyyət Nazirliyi İsmayıl Şıxlının son “Ölən dünyam” əsərinin rus dilində versiyasını çap edəcək. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə İsmayıl Şıxlı haqqında xatirələr kitabı dərc ediləcək.
Zahid Nurəliyev: Bəs, İsmayıl Şıxlının hələ çap olunmamış əsərləri varmı?
- Yox, çap olunmamış əsərləri qalmayıb, bircə onun “Ölüləri qəbiristanlıqda basdırın” adlı pyesi vardı, sağ olanda “Namus qaçağı” və Ölüləri qəbiristanlıqda basdırın” hekayələrinin elementlərindən istifadə edərək, özü hazırlamışdı. Təxminən 2000-ci illərin əvvəllərində yazı masasında təmizlik işləri aparanda makinadan tapdıq, baxdıq ki, heç yerdə yoxdur. O zaman Mədəniyyət naziri Polad Bülbüloğlu idi, ona müraciət elədim, o da sağ olsun, dedi ki, göndər, baxım. İli dəqiq yadımda deyil, amma noyabrın ortaları idi, göndərdim, bir həftədən sonra dedi ki, çox bəyəndim, ilin axırıdır, büdcədə nə qədər ki pul var, gəl, bunu tamaşaya qoyaq. Məndən soruşdu ki, kimin quruluşçu rejissor olmasını istəyirsən. Mən də rəhmətlik Rövşən Almuradlının adını dedim. O, həm də 1990-cı illərin sonlarına yaxın atamın ölümündən sonra İsmayıl Şıxlı haqda “Azərbaycantelefilm”də “Şıx ocağının işığı” adında 45 dəqiqəlik sənədli, nisbətən də bədii elementləri olmaqla film çəkmişdi. Yəni İsmayıl Şıxlı yaradıcılığını tanıyan adam idi, ona görə onu dedim. Polad müəllim soruşdu ki, əminsənmi? Dedim, hə, əminəm, əgər belə şey olacaqsa, Rövşən bu tamaşanı qoyar. Polad müəllim gəlib premyerada da iştirak elədi, səhnə arxasına keçəndə zarafatla, - amma ürəkdən gələn söz idi, - dedi ki, sağ ol, “Azdrama”, sizdən heç gözləməzdim. Yəni tamaşanı bəyənmişdi. Bir neçə il də tamaşa qoyuldu, sonra müəyyən səbəblərdən silindi-getdi, artıq tamaşa oynanılmır.
Nərgiz Ehlamqızı: Nəsrin Cavadzadənin çəkildiyi filmdən danışdınız, o filmin ssenari müəllifi kimdir, özünüz?
- Mənim iştirakım var idi, amma ssenarini Arif Əliyev yazdı. Özü də qəribə bir şey alındı, Arif dialoqları yaxşı qurmağı bacarır, Nəsrin Cavadzadə də onun baldızı qızıdır deyə gəldi. Ailəlikcə tanışıq. Arifin əli dinc durmadı, dialoqdan keçdi, ümumiyyətlə, ssenarini yazdı, ideya tamam başqa idi. İdeya skelet kimi qaldı, amma içini Arif Əliyev doldurdu.
Nərgiz Ehlamqızı: Bəs rejissor kimdir?
- Rejissoru Tahir Tahiroviçdir. Hətta Nəsrin Cavadzadənin adı çəkiləndə dedi ki, mən çəkə bilmərəm. Nəsrin çox yüksək səviyyəli peşəkardır, gələndə məndən soruşdu ki, çəkiliş qrupunda nə qədər adam olacaq? Dedim, uzaqbaşı 10 nəfər. Duruxdu, dedi, vallah Türkiyədə ən azı 70 nəfər olur. Düzdür, onların səviyyəsində olmasa da mənə elə gəlir, maraqlı süjetdir. Hələ montaj işləri gedir. Nəsrin peşəkardır, amma onun tərəf müqabili peşəkar deyildi, bu sirri açmıram, filmə baxanda görərsiniz.
Zahid Nurəliyev: Bəs,Yazıçılar Birliyi yubileylə bağlı hansısa tədbirlər planlaşdırırmı?
- Yazıçılar Birliyi görüşlər keçirməlidir, yazıçılar iştirak edəcək, İsmayıl Şıxlı haqda söz deyiləcək.
Zahid Nurəliyev: İndi kitabları internetdən oxumaq daha populyar və əlçatandır. Bu baxımdan İsmayıl Şıxlının əsərlərini bir resursda birləşdirməyi planlaşdırırsınızmı?
- Əsərləri müxtəlif saytlardadır, bir elektron kitabxanada yoxdur. İsmayıl Şıxlının heç də bütün hekayələri, o cümlədən “Cəbhə gündəlikləri” latın əlifbasında çap edilməyib. Kimsə gələcəkdə araşdırma aparacaqsa, heç olmazsa, dövrü başa düşmək üçün bu əsərlər lazım ola bilər.
Zahid Nurəliyev: Atanızın“Dəli Kür”dən sonra yeni “Dəli Kür” yazmaq ideyası olması barədə fikirlərə rast gəlmişdim. Belə ideya olubmu?
- Bu yaxınlarda Feysbukda bir tələbəsi də bu barədə yazmışdı ki, dərs zamanı ondan soruşduq ki, niyə “Dəli Kür”ün davamını yazmırsınız. O da gülümsəyib deyib ki, qorxuram. Atamın səs yazısı qalıb, ona bu barədə sual ünvanlanıb, deyir, yazanda 5-6 miyanə əsər yazmaqdansa, bir və ya iki sanballı əsər yazmaq lazımdır. “Dəli Kür” həm özü üçün, həm də oxucular arasında o qədər rəğbətlə qarşılandı və güclü roman oldu ki, ondan sonra zəifini yazmağa əli qalxmadı, bu mənada qorxdu. “Ölən dünyam” romanı “Dəli Kür”lə müqayisədə daha az tanınır, amma mən o əsəri daha çox xoşlayıram.
Mənsur Rəğbətoğlu: Oğul kimi yox, oxucu kimi İsmayıl Şıxlı Sizin üçün necə yazıçı idi?
- Onun yazıçı olduğunu bir az sonradan başa düşür adam. İlk növbədə ata idi. “Dəli Kür”ü çıxan kimi oxumuşdum, 12-13 yaşım var idi, təbii o zamanki qavramla indiki qavram tamam başqa şeydir. Hətta dostlarımız arasında da mübahisə olur ki, dilimiz o qədər zəngin deyil, filan sözün qarşılığı yoxdur və sair. Amma onun əsərlərini oxuyanda qarşıma birdən elə sözlər çıxır ki... Qardaşım ötən gün zəng vurub ki, “girməz” sözü nə deməkdir. Çayın dayaz yeri deməkdir. Ruslar “brod” deyir, çoxundan soruşsaq, deyəcək dilimizdə qarşılığı yoxdur, dayaz yer mənasını ifadə edir. Amma söz var imiş, "girməz". “Podokonnik” sözünü hekayəsində izah edir: “aynalıq”. Biz pəncərə altı və sair qondarma sözlər uydururuq. Desəm ki, İsmayıl Şıxlını yazıçı kimi bəyənmirəm, düzgün olmaz. Bəyənirəm, amma subyektiv ola bilərəm, ona görə bir söz demək çətin olar. Amma əsərdə nə demək istədiyini ondan soruşmaq imkanım olub. Məsələn, hansısa hekayəsi çıxırdı, ədəbi tənqid yazı yazırdı, oxuyurdu, belə məqam olurdu, yazıçı bu obrazı yaratmaqla filan şeyləri demək istəyib. Deyirdi, vallah məntiqə uyğundur, amma mən yazanda heç bu barədə düşünməmişəm. Ona görə də ədəbi-bədii tənqid tamam başqa şeydir. “Əmioğlu” adında bir hekayəsi vardı, orada bir epizod var, təxminən bioqrafik şeydir, ilk dəfə rüşvət verməli olur, ondan sonra daxili həyəcan hissi keçirir. Papirosunu çəkir və arxa atır. Arxların üstü evlərin girəcəyində örtülür, boru qoyurlar. O, kötüyü sümürür atır, gözləyir, görsün ki, kötük borunun o biri ucundan çıxacaqmı, Çıxacaqsa, deməli hələ tamamilə məhv olmayıb. O epizodu məndən soruşdu ki, səncə, nə demək istəmişəm. Axırda kötük əzilmiş vəziyyətdə o biri tərəfdən çıxır, dedim, yəqin bunu demək istəyibsən. Dedi, hə, mövzunu yaxşı tutmusan.
Nərgiz Ehlamqızı: Atanızın yazı masasına qarşı tələbkar olduğunu bir neçə dəfə dilə gətirmisiniz. Dediniz “Dəli Kür”ü oxuyanda 13 yaşınız olardı, əsər hansı şəraitdə yazılmışdı, xatırlayırsınız?
- “Dəli Kür”ü yazanda çox balacaydıq, amma təxminən bilirdik ki, işləyir. Nəyin üzərində işlədiyini o vaxt deyə bilməzdim. Müqayisə gətirirəm, İsa Muğanna kimi tanınan İsa Hüseynov atamla dost idi, o, beynində fikir oldu-olmadı, hər gün oturub işləməli idi. Bu, vərdiş idi, özü də yaman siqaret çəkən idi, müştüklə çəkirdi. Rəhmətlik Firuzə xala ona bir termos çay dəmləyirdi, stolüstü lampası vardı, işığı gərək yazı yazdığı yerə düşəydi, səhərə qədər siqaret çəkirdi, düşünürdü, yazanda yazırdı, yazmayanda yazmırdı. Atam başqa cür işləyirdi, beynində bişirib yazırdı, görürdün həftələrlə, aylarla yazı masasının arxasına yazmaq üçün keçmirdi. Beynində bişirirdi, oturub 4-5 günə bir əsəri hazır ortalığa qoyurdu. İndiki Azərbaycan küçəsində, Yazıçıların binasında yaşayanda işləməyə başladısa, otağın qapısını bağlayırdı. Lap balaca idim, gəlirdim, mənə zarafatla deyirdi ki, qəmişini çək. Sözün etimologiyasını sonradan izah elədi, nə demək olduğunu bilmirdim. O, yazıya başlayanda ənənə kimi idi, qapını açıb deyirdim ki, papa, qəmişimi çəkim? Deyirdi, çək. Qəmişini çəkmək bilirsiniz nədir? Qabaq İranda meyxanalarda narkotik düşkünləri içəri girməyə pulu olmayanda, qapının arasından içəri qəmiş salırlamış ki, onun tüstüsündən meyxoş olsunlar. "Qəmişini çək" ifadəsi belə yaranıb.
Mənsur Rəğbətoğlu: İsmayıl Şıxlının əsərlərini yazanda ilk olaraq İsa Muğannaya göstərdiyi deyilir. Bu fakt maraqlı gəldi...
- Köhnə Hüsü Hacıyev küçəsindəki Yazıçılar binasında lap yaşlı nəsildən başqa hamı ordaydı, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, Mirmehdi Seyidzadə, Zeynal Xəlil, ad çəksəm, gərək böyük siyahı tutasınız. O cümlədən İsa Hüseynov, Əliağa Kürçaylı... Belə ənənə vardı, kim nə isə təzə əsər yazanda yığışıb bir-birinə oxuyurdu, müzakirə gedirdi, özü də çox səmimi, gözəl atmosfer var idi. İsa Hüseynovun atamla çox sıx dostluğu vardı, düz deyirsiniz, onlar həmişə yazanda ilk olaraq bir-birinə göstərirdilər. Amma 1965-ci ilə qədər atam Mehdi Hüseyni özünün ədəbi müəllimi sayırdı, filologiya üzrə müəllimi isə Əli Sultanov idi. Atamın yazıçı kimi formalaşmasında əsas rolu Mehdi Hüseyn oynayıb.
Zahid Nurəliyev: Yaradıcılığının başlanğıcı repressiya dönəminə təsadüf edir, o dövrlə bağlı nələr danışırdı?
- Yurd yeri dediyimiz yeri sovetlər darmadağın etmişdi, atamın dörd dayısından birini güllələyiblər, Şəmistan ağa dediyimiz dayısı Gürcüstana qaçıb soyadını dəyişib, Hasan ağa və Qiyas bəy Türkiyəyə köçüb babalarımızın adından Alqazax soyadı götürüblər. Harada Alkazak gördünüz, bilin Şıxlinskilərdir. Pərən-pərən olublar, qadınları da Qırğızıstan, Qazaxıstana sürgün ediblər, 1980-ci illərin sonlarında atamın xalası oğlu Şamxal İssikgöldən gəldi. Qazaxıstanda müəllim işləyən Flora Şıxslinskinin valideynləri sürgündən sonra orada qalıb. Anamın ailəsi də Şıxlıdır. Mənə sual verirlər ki, niyə rəsmən Şıxlinksi qalırsan. Qazaxda şair-yazıçı çoxdur, Şıxlıdan çıxan kim varsa, iki sətir şeir yazan kimi deyir, tutalım, mən Həsən Şıxlıyam. Deyə bilmirəm, soyadımdır, həm də hər adama demək də olmur ki, heç olmaya İsmayıl Şıxlıya hörmət elə. Yazıçılarımızdan Vidadi Babanlı təzə-təzə yazmağa başlayanda Vidadi Şıxlı gedirdi, sonradan atam ona deyib ki, ay Vidadi, iki Şıxlının başı bir qazanda qaynamaz, yəni mən qabağa düşmüşəm. O da sözünə baxıb öz soyadı ilə yazıb. Bizdə hətta bir kitab da var, təxminən 1940-cı illərin sonu çap olunub, orada Vidadi Şıxlı gedib.
Səxavət Həmid: Qeyd elədiniz ki, İsmayıl Şıxlı əsərlərini beynində bişirib sonra yazırdı. Deyəsən, “Dəli Kür” istisna təşkil edib. Çünki biz bilirik ki, “Dəli Kür” 10 il müddətinə yazılıb...
- Onun təxminən 8 ilini yazıb, iki ilini çap olunmaq üstündə dava gedib. O zaman kitabı plana salmaq çətin idi, həm də müəyyən məqamlar vardı ki, çapa imkan vermirdilər. Cahandar ağa atamın ana babası olub, əsərdə onun həyatı əks olunmur, bədii təxəyyüldür, sadəcə, addan istifadə olunub. Böyük əsər üçün həm zaman, həm də arxivlərdə işləmək lazım idi. Beynində sxemi var imiş ki, oturub onları doldurub. Məsələn, sonuncu romanının birinci fəslini özü yazmışdı, gözü görmürdü, qalan hissəsini diktə edirdi, anam yazırdı. Təsəvvür edin, beynində bişirməsəydi, necə diktə edərdi. Gəncə qiyamı haqda bədii ədəbiyyatda “Ölən dünyamda”kı qədər geniş, sənədli epizod yoxdur. Dostu rəhmətlik Tofiq Bağırov gəncəli idi, Moskvada Qızıl ordu muzeyi və arxivində araşdırma aparmışdı, oradan hansısa sənəd çıxarmaq olmazdı. Həmin hücumun sxemini altdan lampa qoyub nazik kağıza köçürmüşdü. Xudadat bəy Rəfibəyli haqda müəyyən sənədləri Anar verdi, çünki onun ana babasıdır. Gəncə qiyamı barədə hissə tam sənədlidir, polkun gəlişi, dəstələr, kimlərin iştirak etdiyi və s. hamısı var. General Əliağa Şıxlinskinin qardaşı oğlu general Cavad bəy Şıxlinski qiyamın hərbi hissəsinin başında duran adam idi. Yəni bunu atam özündən yazmayıb, olan şeydir. Qızıl ordunun tərksilah olunması səhnələrinin hamısı sənədli faktlardır.
Səxavət Həmid: “Dəli Kür” romanının çapı və filmin çəkilişi zamanı ciddi senzura ilə üzləşdiyi deyilir. Bunları necə xatırlayırsınız?
- O vaxt belə bir dövr vardı, Xruşşov getdi, Brejnev gəldi, bir az isinmə vardı, buz açılırdı. Atam deyirdi ki, “Dəli Kür”ün çapı il yarım da geciksəydi, çap etməyəcəkdilər. Onun məşhur sözü var: sapı özümüzdən olan baltalar. Bizimkilər Moskvaya yazırdılar ki, bu, anti-sovet, anti-rus əsərdir, çap etmək istəmirdilər. Tərcüməçisi məşhur rus yazıçısı Vladimir Sorokin idi, ilk dəfə rus dilində “Molodoya qvardiya” jurnalında 4-5 nömrədə çap olundu. Onun da baş redaktoru sibirli Anatoli İvanov idi. Üzünün antropoloji quruluşu və özünü aparmağına görə deyə bilərəm ki, qanında türk qanı var idi, ona görə çap elədi. Yazmışdı ki, təmiz rus olaraq bu əsərdə heç bir anti-rus məqam görmürəm. Türkiyədə “Dəli Kür” 5 il bundan qabaq, alayarımçıq çap olunub. Filmə gəlincə, filmi əcaib günə qoydular. Çox təəssüf ki, ilkin ssenarini tapa bilmirəm. Film rəngli və iki seriyadan ibarət olmalı idi. Orada həm Şamxal, həm də Əşrəf obrazı nəzərdə tutlmuşdu. Yenə Moskvaya yazdılar, rəngi yığışdırdılar, dedilər ki, 2 seriya çoxdur, məcburiyyət qarşısında qalıb Şamxalla Əşrəfi birləşdirdilər, sonluğu da bilirsiniz, onu da kəsdilər. Amma orada bir epizod vardı, siliblər. Filmin qaralama montajını görmüşdüm, böyük teatr xadimimiz Adil İsgəndərov kinostudiyanın direktoru idi və baxıb fikirini söyləməli idi. Baxışda mən də vardım, epizoddan biri odur ki, Əhmədin indiki dillə desək, ofisinə Allahyarın adamları gəlir və atışma olur. Sonra o zamanın polisi gəlir ki, sizi qubernator öz yanına çağırır, hətta Cahandar ağa, filmdə də var, durur ki, pah, qubernator məni çağırır. Qubernatorun yanına gəlir, deyir meşəni bizə verməlisən. Cahandar ağa da soruşur ki, niyə verməliyəm. O da deyir, sat. Qayıdır ki, dədə-baba torpaqlarımızdır, onlar onu satın almayıb ki, biz də onu sizə sataq. Qapını çırpıb gedir, sonra da final səhnəsi olur, rus kazakları gəlib torpağı arşınla ölçür və bu da gəlib döyüşür, həlak olur. O hissəyə icazə vermirlər. Hüseyn Seyidzadə məktubla müraciət edir ki, heç olmazsa, mənə əlavə 3 gün əlavə çəkiliş günü verin ki, final səhnəni əməlli-başlı çəkim, Allahyarın adamları ilə döyüşsünlər. Fikir verirsinizsə, at belində gəlir, suyun qırağında güllə ilə vururlar. Rejissor o hissəni montajda kəsib zibil qabına tullamışdı, operator asissenti Yuri Vornovski nə fikirləşibsə, qabdan götürüb onu evində 35 il saxlamışdı, sonra bizim kinoarxivə təhvil verdi.
Zahid Nurəliyev: Meyxana səhnəsi ilə bağlı fikirləriniz necədir?
- Meyxana səhnəsi süjet xəttidir, süjetdə Cahandar ağanın namusuna toxunmaq üçün onun bacısına sataşmaq istəyirlər. Molla Sadıq da ağalıq etmək istəyir, Cahandar ağa da ağa olur. Konflikt getdikcə Molla Sadıq da Allahyarla bir olub Cahandar ağanın namusuna toxunmaq istəyir. Süjet məqsədilə bu epizod çəkilir. Əsərin özündə bu, təsvir olunur, amma o qədər qabarıq göstərilmir. Hüseyn Seyidzadənin yaradıcılığına fikir versəniz, “O olmasın, bu olsun”da nişan səhnəsi, bazardakı dava, “Yenilməz batalyonda” əsgərlərin qoz daşıyanda kütləvi davası kimi səhnələr var və bu tərzi xoşlayırdı. Bir çox yerlərdə də çox gözəl alınıb. Bir az dinə meyllənmişik deyə bir çoxları deyir, bu nəyə lazım idi.
Zahid Nurəliyev: Əslində o formada meyxanalar olmayıb.
- Olub, nə məqsədlə istifadə olunması başqa şeydir. Bir çox molla və din xadimləri var ki, onların heç Qurandan xəbəri yoxdur, daha doğrusu, haradansa Kiril əlifbası ilə oxuyurlar, nə deyildiyini başa düşmürlər, fırıldaqla məşğuldurlar. Bu, o demək deyil ki, müqəddəs kitabda yazılanlar düzgün deyil. Bu da həmin şeydir. Nəqşibəndiliyin, təmiz təriqətin buna heç bir aidiyyatı yoxdur. Sadəcə olaraq, süjetdə o məqamdan alçaq niyyətlə istifadə olunub. Amma o şeylər biz tərəfdə olub. Yaşlı adamları dindirsəniz, çoxu boynuna almasa da, danışacaq. Mən yaşda olanlar deyir olmayıb. Amma olub. Lakin bu, o demək deyil ki, məhz filmdə göstərilən kimi olub. Filmdə süjet üçün o cür çəkilib. Təriqətin başında duran Hacı Əfəndinin türbəsi İncə dərəsindədir, müqəddəs yerdir, hamı ora ziyarətə gedir, əsəri yazan İsmayıl Şıxlının özü də ora gedirdi. Əsərlə gerçəkliyi qarışdırmağı düzgün saymıram.
Səxavət Həmid: “Dəli Kür”dəki məlum səhnə, görünür, Sovet ideologiyasının dəsti-xətti ilə dini gözdən salmaq məqsədi daşıyırmış.
- Yox, bəzi ağzıgöyçəklər danışır ki, sifarişlə yazılmış səhnədir. Yalandır! İsmayıl Şıxlı sifarişlə bir sətir belə yazmayıb. Şıxı baba şeyx idi, bizim yurdda ziyarətgahı olub, belə yerdən çıxan adam onun əleyhinə yazmaz. Tam məsuliyyətimlə deyirəm, o səhnə süjet xəttinə uyğun olan şeydir. Din başqa, molla başqa şeydir.
Səxavət Həmid: Seyid Nigari kimi təqdim olunan Mirhəmzə Nigarinin təsəffüv ədəbiyyatı ilə bağlı böyük yaradıcılığı var. İlahi sufizm filmdə verilə bilərdi.
- Əsərin “kanva”sına daxil olmayan şeydir. Süjet xəttinin və dramaturgiyanın tələb etdiyi məqamda ondan istifadə olunub. Dini aspektdə bir şey axtarmağın mənası yoxdur.
Zahid Nurəliyev: Cahandar ağa obrazı birmənalı qəbul olunmayan obraz idi. Sizin bu obraz haqqında fikirləriniz maraqlıdır...
- İndi birmənalı qəbul olunmur, o vaxt birmənalı idi. Xeyli tənqidlər oldu, deyirdilər ki, Sovet ideologiyasına uyğun olmayan bir bəyi az qala ideallaşdırır və sair. İndi çoxları bizim ədəbiyyatçılarımızdan, şairlərimizdən də var, əsəri oxumayıb, filmi görüb və Cahandar ağa haqqında fikir yürüdür ki, özgəsinin arvadını qaçırdı. Düşünmür ki, bu, nədən irəli gəlir? Atam deyirdi ki, ədəbi tənqiddən gözlədim, görüm bu məqama fikir verəcəklər, ya yox, amma verən olmadı. Cahandar ağa həmişə namusdan, qeyrətdən danışan və buna riayət edən adam olub. Hətta o deyir ki, kişi namusunun üç atributu var: at, arvad və papaq. Cahandar ağanın faciəsi öz əxlaq kodeksini pozanda başlayır. O, ani olaraq hissə qapılır və özgəsinin arvadını qaçırır. Yazıçının əsas fikri də bundan ibarət idi ki, əgər hansısa prinsipləriniz varsa və onu pozursunuzsa, deməli mizan pozulacaq, hər şey məhvərindən çıxacaq. Belə də olur. İkinci bir xətt də maarifçilik idi. İsmayıl Şıxlının bir çox əsərlərində bu xətt var. Mərdəkanda Nizami Mədəniyyət evi var, balaca yerdir, bina indi də durur, orada oxucularla görüş vardı, atam məni də aparmışdı. Orada bəziləri çıxıb tənqid elədi, mütləq əksəriyyət əsəri bəyənirdi. Tənqidlərdən sonra bir qız qalxdı dedi ki, bu əsər gözəl əsərdir, siz nə deyirsiniz deyin, mən Cahandar ağanı sevirəm, çünki o, kişi adamdır, bu obrazın timsalında İsmayıl Şıxlı bizə göstərdi ki, Azərbaycanda kişilər olub, bu millətin böyük kişiləri var. O zaman əsasən Cahandar ağanı buna görə sevirdilər. Düzdür, Cahandar ağa xarakter kimi çox mürəkkəbdir.
Foto: Pərviz Həşimi