Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin təşkilatçılığı ilə “Ermənistanın regional təhdidi" mövzusunda beynəlxalq forum keçirilir.
Teleqraf.com xəbər verir ki, forumda xarici ölkə səfirləri, millət vəkilləri, KİV və QHT rəhbərləri, tanınmış ziyalılar və beynəlxalq ekspertlər iştirak edirlər.
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov Ermənistanın bu gün də davam etrməkdə olan işğalçılıq siyasətinin Cənubi Qafqaz regionuna ciddi təhlükə yaratdığını bildirib. O, bu cür forumların Gəncədə və digər şəhərlərdə də keçiriləcəyini bildirib.
Daha sonra məruzələr dinlənilib.
İlk məruzə ilə çıxış edən Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov diqqəti beş əsas məqama yönəldib:
“Birincisi və ən əsası ilk dəfədir ki, Ermənistan tarixində Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlər fonunda hakimiyyət əldə olunub. Qarabağ münaqişəsinin Ermənistan üçün yaratdığı bütün bu problemlər imkan yaratdı ki, Nikol Paşinyan hakimiyyətə gəlsin.
İkincisi, ilk dəfə Ermənistanda hakimiyyətə gəlmiş insan Dağlıq Qarabağ klanına qarşı mübarizə apararaq hakimiyyətə gəlib.
Üçüncüsü, ilk dəfə hakiyyətə gəlmiş insan Ermənistanda Dağlıq Qarabağla bağlı məsuliyyətdən qaçır, onu boynuna götürmək istəmir. Onun danışıqların formatının dəyişdilməsi istiqamətində atdığı addımlar buna sübutudur. Buna görə də bizə qarşı hibrid müharibəyə - informasiya müharibəsinə ciddi önəm verməyə başlayıblar. Bu istiqamətdə fəaliyyəti daha çox beynəlxalq aləmdə aparırlar.
Dördüncüsü, ilk dəfə Paşinyan çalşır ki, münaqişədən öz rəqiblərinə qarşı istifadə etsin.
Beşinci məqam ilk dəfə Ermənistan rəhbərliyinin Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlar fonunda hakimiyyətə gəldiyini göstərir. Ancaq bu xüsusiyyətlərin heç biri onların işinə yaramır. Onlar məğlubiyyəti bütün istiqamətlərdə görərək başqa müharibəyə əl atırlar. Bu, hibrid müharibədir – informasiya müharibəsidir”.
Mill Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib ki, Ermənistanın müstəqil dövlət olmadığı hər kəsə bəllidir:
“Hələ 2004-cü ildə Ermənistanın Rusiyanın forpostu olduğu bəyan edilib. Ermənistan rəhbərliyi özü də qəbul edir ki, o müstəqil dövlət deyil, forpostdur. Ermənistan özü nədir ki, regionda təhdid yaratsın?! 1999-cu ildə Ermənistan rəhbərliyinin parlamentdə güllələnməsi Ermənistan siyasi elitasının daim yaddaşındadır.
Onlar siyasi mövcudluqlarını qorumaq, simalarını itirməmək üçün Azərbaycanla danışıqlarda iştirak edirlər.
Ona görə bir daha qeyd edirəm ki, Ermənistan region üçün heç bir təhdid yaratmır. Azərbaycan isə Rusiya ilə danışıqlar aparmalıdır. Azərbaycan Qoşulmama Hərəkatından çxımalıdır. Özünə müttəfiqlər tapmalı və mövcud müttəfiqləri ilə əlaqələri gücləndirməlidir. Azərbaycan təcili olaraq peşəkar ordu qurmaq barədə düşünməlidir. Ermənistana danışıqlarla bağlı konkret vaxt verilməlidir. Əgər belə bir vaxt verilməsə, danışıqlar sonsuzadək uzanacaq”.
Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Ermənistanda siyasi böhranın növbəti mərhələri başlayıb. O qeyd edib ki, artıq eyforiya mərhələsi başa çatıb və erməni xalqı real nəticələr gözləyir.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva bildirib ki, hələ 1992-ci il ATƏT-in Helsinki Nazirlər Şurasının iclasında qəbul olunan bəyanata əsasən, Dağlıq Qarabağın hər iki icması münaqişədə yalnız maraqlı tərəfdir:
“Münaqişənin birbaşa tərəfləri isə Ermənistan və Azərbaycandır. 1995-ci ildən 3 həmsədr ölkəyə mandat verilib. Danışıqların hazırkı mərhələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, bildiyiniz kimi artıq bir neçə görüş baş tutub. Yüksək səviyyəli ilk formal görüş martın 29-da Vyanada Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında keçirilib. Nazirlər səviyyəsində qəbul edilmiş birgə bəyanatlarda nəticəyə yönəlik danışıqların əldə olunması, substantiv danışıqların aparılmasına dair çağırışlar açıq şəkildə öz əksini tapıb. Xüsusilə Moskva görüşünün bəyanatında humanitar istiqamətdə addımların atılması qeyd olunub. Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi prinsipialdır: Azərbaycanın beynəlxlaq səviyyədə tanınmış ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç zaman müzakirə mövzusu olmayıb. Azərbaycanın bu haqlı mövqeyi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrdə də öz əksini tapıb”.
Forum müzakirələrlə davam etdirilib.
Daha sonra forumun bəyanatı səsləndirilib.