UEFA Avropa Liqasının final oyunu olduqca böyük, məsuliyyətli və bütün dünyanın diqqətini özünə cəlb edən bir idman tədbiri idi. Hər dövlət belə bir yarışı keçirməyi öz üzərinə götürə bilmir və ya UEFA hər ölkəyə bunu etibar etmir. Azərbaycanda final oyununun keçirilməsi ilk növbədə ölkəmizə olan etimadın nümunəsi idi.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Musa Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan artıq özünü dünyada iqtisadi-sosial, mədəni cəhətdən inkişaf etmiş dövlət, idman dövləti kimi tanıtmaqdadır və idman ictimaiyyətinin böyük hörmətini qazanıb: “Uzun illər cənab Prezident İlham Əliyevin, I vitse-prezident Mehriban Əliyevanın apardığı məqsədyönlü və çətin fəaliyyətin uğurlu nəticəsini dünən gördük. İki ingilis klubu Azərbaycanda oynadı və “Çelsi” böyük hesabla “Arsenal” üzərində qələbə qazandı. Amma böyük qələbəni də qazanan Azərbaycan dövləti, prezidenti və xalqı oldu”.
Deputat vurğulayıb ki, dünya Azərbaycanı bir daha sivil, demokratik, tolerant ölkə kimi tanıdı: “Eyni zamanda bu oyun bir daha göstərdi ki, Azərbaycan dövləti götürdüyü bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirməyə qadirdir. Əslində final oyunu idman bayramına çevrildi. Oyunun şərhçisi dünyanın 200-dən çox telekanalının matçı ayrı-ayrı ölkələrə yayımladığını deyəndə mən bir vətəndaş olaraq öz ölkəm, prezidentim və millətim adına qürur duydum”.
Musa Quliyevin fikrincə, təəssüflər olsun ki, həmişə olduğu kimi, bu dəfə də Azərbaycanda böyük ictimai-siyasi, beynəlxalq əhəmiyyət kəsb edən yarışlara kölgə salmaq, dövlətimiz haqda mənfi imic formalaşdırmaq istəyən xarici və xaricdən dəstək alan daxili qüvvələr yenə öz bəd niyyətlərini gizlətmədilər: “Oyun öncəsi erməni futbolçu Mxitaryanın Bakıya gəlməməsini söyləməsi şou idi və ermənilərin Azərbaycana qarşı çirkin təbliğatının ifadəsi idi. Əslində idmana və idmançıya yaraşmayan hərəkət idi. Hesab edirəm ki, “Arsenal” klubunun mənliyi olsa, elə tək bu səbəbə görə Mxitaryanı oradan rədd etməli idi. Rədd etməsə belə Azərbaycan xalqı öz mədəniyyətini, tolerantlığını göstərdi, hər iki klubun azarkeşlərinə səmimi qonaqpərvərlik nümayiş etdirərək onları bir daha məğlub etdi. “Çelsi” bir idman oyununda qalib oldusa, Azərbaycan prezidentinin qətiyyətli siyasəti namərd bədxahlar üzərində növbəti qələbəsini qazandı. Bu, Azərbaycan dövlətinin, diplomatiyasının qələbəsidir. Bu münasibətlə də xalqımızı təbrik edirəm”.