30 May 2019 16:46
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesab edirəm ki, “Arsenal” klubunun UEFA Avropa Liqasının final oyunu ərəfəsində davranışı prinsip etibarilə adekvat deyildi. Belə ki, hətta Bakıda keçirilən oyun öncəsi məşqlər prosesində komandanın oyunçuları köynəklərinin arxasına “Mxitaryan” yazmağa cəhd etmişdilər. UEFA-nın bu məsələyə çox ciddi şəkildə müdaxiləsindən sonra bunun qarşısı alındı. Yəni, bu cür müəyyən təxribata əl atmaq tendensiyası da var idi.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

O qeyd edib ki, öz-özlüyündə böyük bir idman hadisəsi olan futbol oyununa siyasi rəng qatmaq meyli prinsip etibarilə çox güclü idi:

“Mən deyərdim ki, bu, artıq meyl deyildi, reallığa çevrilmişdi. Bunun özü artıq həm idman, həm də siyasi təxribat idi. Mən özüm oyunu çox diqqətlə izlədim. Onun şahidi olurdum ki, “Çelsi” hücuma keçən zaman sözün həqiqi mənasında məhz idmandan, oyundan söhbət gedirdi və “Çelsi”yə azarkeşlərin daha böyük diqqət göstərdiyi faktı üzə çıxırdı. Ona görə də hesab edirəm ki, nəticə özü çox düzgün nəticədir. Elə belə də olmalı idi. Yəni, siyasət yox, məhz idman qalib gəlməli idi.

Hesab edirəm ki, “Çelsi”nin Azərbaycan paytaxtında 4:1 hesabı ilə əldə edilmiş qələbəsi futbolun, bütövlükdə idmanın qələbəsidir. Bu, həmçinin futbola, idmana siyasi rəng qatmaq istəyənlərin məğlubiyyətidir. Baş verənləri bu cür qiymətləndirmək mümkündür”.

E.Nəsirov daha sonra deyib:

“Eyni zamanda bu yarış bir daha göstərdi ki, Azərbaycana qarşı olan bütün bu ittihamların – “təhlükəli ölkə” adlandırılmasının, o cümlədən digər səyahət tövsiyələrinin heç bir real əsası yoxdur. Azarkeşlər də, futbolçular da gördülər ki, çox gözəl bir şəhərdə oyun keçirirlər və olduqca təhlükəsiz bir şəhərdir. İnsanlar da çox qonaqpərvərdir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər