Çimərlik mövsümünün açılışı ilə əlaqədar, mayın 30-da IDEA İctimai Birliyinin təşkilatçılığı, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə növbəti ənənəvi sahilyanı təmizlik aksiyası keçirilib.
Novxanı çimərliyində təşkil edilən aksiyaya Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və 100 nəfərə yaxın könüllü gənc qoşulub.
Tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.
Qeyd edək ki, aksiyanın keçirilməsi üçün xüsusən ictimai çimərlik seçilmiş, insanların rahat, təmiz və təhlükəsiz məkanda pulsuz istirahət edə bilməsi üçün ərazidə oturacaqlar və sanitar qovşaq quraşdırılıb, voleybol üçün meydança salınıb, zibil qutuları yerləşdirilib.
“Sahillər təmiz qalsın” şüarı altında keçirilən təmizlik aksiyası Xəzər dənizi sahillərində gənclərin kütləvi iştirakı ilə baş tutan sayca 11-ci aksiyadır.
Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları DJ-lərin səsləndirdiyi musiqi sədaları altında çimərlikdən 2 tona yaxın tullantı toplayıblar. Daha sonra tullantılar çeşidlənərək çimərliklərdə ən çox müşahidə olunan zibillər müəyyən edilib. Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə əraziyə xüsusi texnika cəlb olunub.
IDEA İctimai Birliyi yerli və beynəlxalq tərəfdaşlarla birgə mütəmadi olaraq Azərbaycan və regionun su bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, Kür və digər çaylarda təmizlik aksiyaları təşkil edir. Çimərlik mövsümünün başlanmasına qədər IDEA İctimai Birliyi tərəfindən Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş çox sayda gəncin cəlb olunduğu daha bir təmizlik aksiyasının keçirilməsi planlaşdırılıb.
IDEA İctimai Birliyi bütün təbiətsevərləri ekoloji problemlərin həlli istiqamətində təşkil edilən aksiyalara biganə yanaşmamağa və ətraf mühitin qorunmasına öz töhfələrini verməyə çağırır!