"Qələm" Yazarlar Birliyinin təşkil etdiyi "Qüds İslam dünyasının şərəf məsələsidir" yazı müsabiqəsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində baş tutan tədbirdə "Qələm" Yazarlar Birliyinin sədri, araşdımaçı jurnalist Qurban Cəbrayıl müsabiqə barədə məlumat verib.
Qüdsün İsrail rejimi tərəfindən işğala məruz qaldığından danışan Q.Cəbrayıl günahsız fələstinlilərin qətliam edildiyini bildirib: "Təəssüflər olsun ki, bu işə rəvac verən ABŞ və digər imperialist qüvvələr illərdir davam edən işğala göz yumur. Qüds İslam dünyasının şərəf məsələsidir" adlı yazı müsabiqəsi məhz "Qüds Günü" nün mahiyyətini, müsəlmanların başına gətirilən zülmləri gənc nəsilə, eləcə də bütün dünyaya çatdırmaq baxımından böyük əhəmiyyət kəsb edir".
Tədbirin yekununda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
I yerə "Qüds: ümmətin sızlayan yarası – Yaxın Şərqdə sabitliyin təminatı bu torpaqlara ədalətli sülhdən keçir" məqaləsinə görə Avropa.info saytının baş redaktoru Rəsul Mirhəşimli layiq görülüb.
II yerə "Etnoqlobus" Onlayn Tədqiqat Mərkəzinin rəhbəri Gülnara İnanc ("Vaşinqton Fələstin-İsrail münaqişəsini Fələstinsiz həll edir" təhlili) və Teleqraf.com xəbər portalının redaktoru Zahid Mirəlioğlu ("Qüds savaşı: müqəddəs əmanət təhlükədə" yazısı) tutublar.
III yeri Xanoğlan Əhmədov (İlkxəbər.org – "Qüds – dünya müsəlmanlarının and yeri"), Arzu Abdulla (Vetenugrunda.az – "Xalqın dözümündən Allaha şikayət edən liderlərin arzusu - Qüds") və Tahir Abbas (Millətinsəsi.info – "Qüds Günü-dünya müsəlmanları zülmə etiraz edir") bölüşüblər.
İki həvəsləndirici mükafatlardan birini Faktxəbər-in əməkdaşı Orxan Hüseyn ("İşğal altında olan ən qədim və müqəddəs şəhər"), digərini Eastnews-un müxbiri Elçin Həsənli ("İsrailin bitməyən işğalçılıq siyasəti və yeni dövrdə Fələstin problem") alıblar.