3 İyun 2019 19:39
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə ilk gündən ədalətli yanaşmadılar. Onların yanaşması ikili standartlardan o tərəfə keçmədi. Ədalətli yanaşma olsaydı, münaqişə çoxdan öz həllini tapardı. Ədalətli yanaşmanın isə bir yolu var; təcavüzkar öz adı ilə çağrılmalıdır.

Bunu Teleqraf.com-a açıqlamasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
O qeyd edib ki, Ermənistan beynəlxalq hüquqa görə ən ağır sayılan cinayətləri, o cümlədən soyqırımı cinayətini törədib:

“Həmsədrlər bölgədə səfərdə olarkən bu böyüklükdə faciə baş verir. Azərbaycan Ordusu yüksək rütbəli zabitini itirir və bunlar məsələ ilə bağlı heç bir ciddi, detallı bəyanat vermir. Sadəcə printerdən hazır kağız parçası çap edib bəyan edirlər ki, atəşkəsə sadiq qalmaq lazımdır. Başqa heç bir detala konkret toxunulmur. Bununla da Azərbaycan cəmiyyətində haqlı etiraz doğurur”.

E.Həsənli qeyd edib ki, Ermənistanın bircə nicat yolu var:

“Bu da işğal etdiyi torpaqları azad edib bölgə dövlətləri – xüsusilə Azərbaycan və Ermənistanla əməkdaşlıq etməkdir. Başqa halda Ermənistan nəinki nailiyyətlər qazanmayacaq, əldə etdiklərini də yavaş-yavaş itirəcək. Aprel döyüşləri zamanı Ermənistan da, bütün dünya da gördü ki, Azərbaycan özünün qanuni torpaqlarından əl çəkmək niyyətində deyil. Ermənistan və onun arxasında duranlar bunu nə qədər tez başa düşsə, İrəvan üçün böhrandan çıxmaq bir o qədər tez və asan olacaq. Əks təqdirdə bir daha qeyd etmək istəyirəm ki, Ermənistanın dövlət kimi mövcudluğu sual altına düşəcək. Ona görə ki, Ermənistanda həm iqtisadi, həm siyasi, həm də hərbi böhran dərinləşəcək və bu ölkədə dövlət çevrilişi qaçılmaz olacaq.

Biz bütün beynəlxalq təşkilatlardan və dünya dövlətlərindən, ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrlərindən bir daha tələb edirik ki, Ermənistanın bu təxribatını birmənalı şəkildə pisləsinlər. Onlar insan hüquqları və beynəlxalq hüquqdan danışmaq əvəzinə real addımlar atmalıdırlar”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər