İstanbulda yaşayan ən köklü ailələrdən biri “Gəncəlilər” adı ilə tanınan Qara Məhəmməd bəy ailəsidir, Mehmedzadə soyadını (Azərbaycanda Məhəmmədzadə) daşıyırlar. 1830-cu illərdə ticarət məqsədilə İstanbula gəliblər. Üsküdarda Şəmsipaşada bir malikanə satın alıblar. 1880-ci illərdə Mahmudpaşada Yıldızxanın böyük hissəsinə sahib olublar. Bu ailədən Hacıbaba Gəncəli və qardaşı Nəcəf Gəncəli İstanbulun məşhur tacirlərindən olublar.
Ailənin tanınmış üzvü Hacıbaba Gəncəli xalı satışı ilə məşğul olub. Qapalı Çarşıdakı Yıldızxan köşkünü satın alıb. Həmin köşk hazırda nəvəsi Kərim Mehmedzadəyə məxsusdur. Həsən bəy Zərdabi 1870-ci illərdə İstanbula “Əkinçi” qəzetinin çapı üçün hürüfat almağa gələrkən Hacıbaba Gəncəlinin qonağı olub.
Kərim bəy, Mehmedzadələr ailəsi haqqında bunları bildirib: “Ulu babalarımız əvvəlcə Qazaxda xalça emalatxanası qurublar. İş böyüyəndən sonra Təbrizin Heris məhəlləsində xalça emalatxanası açaraq oradan İstanbula bahalı xalçalar gətiriblər. Atamın atası Hacı Əli Məhəmmədzadə tanınmış tacir olmaqla birlikdə ziyalılığa böyük önəm verib. 1910-1915-ci illərdə buradan ABŞ-a xalça göndərirmiş. Atam əvvəlcə İstanbuldakı Robert Kollecini bitirib, 1917-1921-ci illərdə ABŞ-da oxuyub, sonra Türkiyəyə qayıdıb”.
Bu ailə Xanxoylu ailəsi ilə qohum olub. K.Mehmedzadə bu qohumluqdan belə bəhs edib: “Atam əslən Gəncə şəhərindən olan, vaxtilə Türkiyəyə mühacirət etmiş Hacıbaba Gəncəlinin oğlu Məhəmmədəli Məhəmmədzadədir. Anam Fətəli xan Xoylunun böyük qardaşı Hüseynqulu xan Xoylunun qızı Sima xanımdır. Anam Gəncə gimnaziyasında təhsil alıb. Sima xanımın Türkiyəyə mühacirət zamanı 13 yaşı olub. Valideynlərim İstanbulda ailə həyatı qurublar”.
Kərim bəy atası haqqında bunları bildirib: “Amerikalı jurnalist, “Bilinməyən türklər” kitabının müəllifi Klarens Streyt Türkiyədə istiqlal mübarizəsi zamanı Atatürkün yanında olub. Onun yazdıqlarını atam tərcümə edirmiş. Bu səbəbdən atam da Streytin Türkiyədə yaşadığı müddətdə Atatürkün yanında olub, onun tərcüməçisi işləyib. Təbii ki, həmin kitabda atamdan da bəhs olunur. Amerikalı jurnalist yazır ki, Məhəmmədəli Məhəmmədzadəni kimsə tanımaz, ancaq çox dəyərli bir türk övladıdır... Atatürkün medal verdiyi ilk adam da atam olub. Anadoluda yunanların zülmündən bəhs edən “Qara Kitabın” türk dilindən ingilis dilinə çevirdiyi üçün bu təşəkkürnaməni verib və qarşılığında nə istədiyini soruşub. Həmin vaxt atamın soy adında “zadə” yox idi, “Məhmətov” idi. Atam da deyib ki, əgər icazə versəniz, “zadə” soy adını almaq istəyirəm. Atatürk həmin dəqiqə qərar çıxarır və Türkiyədə “zadə” soy adı ilk dəfə atama verilir. Atam 7 il ABŞ-da elmlə məşğul olub. Miçiqan Universitetindən məzun olan ilk azərbaycanlı müəllim idi. O həmçinin ABŞ-da vətəndaşlıq hüququ alan ilk azərbaycanlı olub. Atam həm də xalçaçılıqla da məşğul olurdu. Nyu-Yorkda ilk xalça mağazasını atam açıb”.
Kərim bəyin bəhs etdiyi Amerikalı jurnalist Klarens Streyt kitabında belə yazıb: “... Təhsilli türklərlə birbaşa fransızca danışa bilirdim, amma xalqın içində olan insanları da tanımaq istəyirdim. Buna görə də bir tərcüman lazım idi. Etibarlı və mümkün qədər qərəzli olmaması daha da vacib idi. Tərcüməçiliklə məşğul olan rum və ermənilər, eləcə də ingiliscə danışan azsaylı türklər də ola bilməzdi. Xaricilərin çoxu türklərə, təəssüf ki, adətən, onlara qarşı qərəzli olan rum və erməni tərcümanların gözü ilə baxırlar. İnsan bir xristiandan, üstəlik şərqli xristiandan bir müsəlmanın dünyagörüşünü öyrənə bilməz. Bu iş üçün ən yaxşı adamın iranlı bir müsəlman olduğuna qərar verdim. Müharibə əsnasında Fransada Hərbi Kəşfiyyat Xidmətində birlikdə çalışdığım cənab Laurence Mooredən belə bir adamı tanıyıb-tanımadığını soruşdum. O ərəfələrdə İstanbulda Amerikan Ticarət Palatasının katibi idi və illərdir Boğaziçindəki məşhur Amerikan institutu olan Robert Kollecində müəllim idi. Onun sayəsində iranlı olmaqla yanaşı həm Robert Kollecinin, həm də Michigan Agricultural College məzunu Məhəmmədəlini tanıdım. Məhəmmədəli ABŞ-da 7 il qalmışdı. Miçiqan liseylərində dərs demək sertifikatına malikdi, Amerikada vətəndaşlıq bəlgəsi də almışdı. Amerikalı dünyagörüşünə sahibdi və Yaxın Şərq məsələsi ilə bağlı bir çox mövzuda tərəfsizliyinə etibar etmək mümkündü. Onu uzun müddətdir tanıyan cənab Moore tövsiyə etmişdi. Məhəmmədəli qədim xalı satıcısıydı. Daha əvvəl heç tərcüməçilik etməmişdi, amma Anadolunu ziyarət etmək istədiyi üçün mənimlə birlikdə gəlmək istəyirdi. Anadoludakı vəziyyət haqqında həqiqəti öyrənmək məqsədimi nəzərə aldıqda, məncə, Məhəmmədəlidən daha yaxşısı tapılmazdı”.
Clarence K.Streit-in “Bilinməyən türklər” kitabının tərtibçisi, redaktoru Heath W.Lowry Məhəmmədəli ilə tanışlıq bölümü ilə bağlı hissəyə haqlı olaraq belə bir qeyd yazıb: “Streitin Məhəmmədəliyə niyə iranlı dediyi bəlli deyil. Verdiyi adın türk adı olduğu (rus sonluğu ilə) aşkardır. Bir azəri türkü olması, fəqət İrandakı böyük azəri ünsüründən olması dada çox ehtimal olunur…”.
Lowry-nin Məhəmmədəlinin Azərbaycan türkü olduğunu ehtimal etməsi doğru olsa da, onun Güney Azərbaycandan deyil, Gəncədən olmasını müəyyənləşdirə bilməyib.
Kitabda Məhəmmədəlinin bir şəkli də verilib.
Atatürkün verdiyi nişan
Kərim bəyin də müsahibəsində dediyi kimi, Məhəmmədəli bəy 1923-cü ildə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal paşadan Məcidiyyə nişanı alıb. Bu nişan yunanların türklərə qarşı törətdiyi faciələrdən bəhs edən “İknci Qara kitabın” ingilis dilinə tərcüməsinə görə verilib. Kərim Mehmedzadə lütfkarlıq göstərərək həmin nişanı və sənədini bizə göstərdi.
1891-ci ildə doğulan Məhəmmədəli bəy 1977-ci ilin oktyabrın 22-də İstanbulda vəfat edib. 1909-cu ildə doğulan xanımı Sima Mehmedzadə isə 1971-ci il iyulun 19-da rəhmətə gedib. Hər ikisinin məzarı Fəriköy İslam məzarlığındadır.
Azərbaycanlı mütəfəkkir Əli bəy Hüseynzadə sultanın təqibindən qorunmaq üçün iki il Yıldızxanda gizlənərkən həm Məhəmmədəli bəyin, həm də onun atasının rəsmini çəkib.
Əli bəy burada Səfəvi hökmdarı Şah Abbasın rəsmini və İstanbulun bir mənzərəsini də çəkib. Bütün bu rəsm əsərləri Kərim bəy tərəfindən qorunmaqdadır.
Qaynaq: