İyunun 7-də Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Sabunçu rayonunun Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbdə yanğın təhlükəsizliyinə dair təlim keçirilib.
FHN-dən Teleqraf.com-a bildiriblər ki, nazirliyin canlı qüvvə, müvafiq texnika və avadanlığının cəlb edildiyi təlimdə məqsəd məktəbin kollektivinə yanğın təhlükəsizliyi qaydalarının aşılanması olub.
Təlimdə simulyasiya edilmiş yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğınsöndürən və təcili tibbi yardım dəstələri təlimatda nəzərdə tutulmuş müddətdə hadisə yerinə çatıblar. Şərti yanğının baş verdiyi məktəbdə insanların təxliyə planına uyğun olaraq, təhlükəsiz yerə köçürülməsi həyata keçirilib. Sinif otaqlarında qalmış məktəblilər xilas edilib, şərti xəsarət almış məktəblilərə ilkin tibbi yardım göstərilib.