8 İyun 2019 08:26
1 456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə İstanbulda Ədirnəqapı şəhidliyində dəfn olunan Rəfibəylilər ailəsinin nümayəndələrinin məzarlarını ziyarət etdim.

Məzarlıqda ailədən bu şəxslər dəfn ediliblər:

  1. Kamil Arran (1919-1980)
  2. Aydın Arran (1938-2015)
  3. Ruqiyyə Arran Şıxzamanlı (1910-1995)

Rəfibəylilər Gəncənin məşhur ailələrindən biridir. Ailənin görkəmli üzvü Xudadad bəy Ələkbər bəy oğlu Rəfibəyli 1877-ci il yanvar ayının 12-də Gəncə şəhərində doğulub. İlk təhsilini Gəncə gimnaziyasında alıb, 1904-cü ildə Xarkov İmperator Universitetinin tibb fakültəsini bitirib, həmin universitetin hospital – klinikasının cərrahiyyə şöbəsində 3 il ordinator olaraq çalışıb. Xarkovda tələbə dostları ilə birlikdə azərbaycanlılardan ibarət “Zemlyaçestvo” (“Həmyerlilər”) dərnəyini yaradıb.

1907-ci ildə Gəncəyə qayıdan Xudadad bəy valinin əmri ilə şəhər xəstəxanasına direktor təyin olunub. 1912-1913-cü tədris ilində Sankt-Peterburqdakı İmperator Klinik İnstitutunda 12 ixtisas üzrə dinləyici olub. O, titulyar müşavir (1909), kollej asessoru (1910), saray müşaviri (1912) rütbələrinə layiq görülüb, 1909-1916-cı illərdə Gəncə Mahal Məhkəməsində fəxri barışıq hakimi işləyib. 1915-ci il noyabrın 18-də kollej müşaviri rütbəsinə irəli çəkilib, 1916-cı ildə III dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olunub. 1914-cü ildə Həsən bəy Ağayevlə birlikdə Azərbaycanda ilk səhiyyə-sağlamlıq cəmiyyəti olan “Gəncə tibb cəmiyyəti”ni yaradıb. 1917-ci ilin martında Gəncədə yaranmış Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilib.

1918-ci il iyunun 17-də Fətəli xan Xoyski tərəfindən Gəncədə təşkil edilmiş Azərbaycan Cümhuriyyətinin 2-ci hökumət kabinəsində Xudadad bəy Rəfibəyli xalq səhiyyəsi və himayədarlıq naziri təyin olunub. 1918-ci ilin dekabrında Xoyski hökuməti istefa verdikdə, Xudadad bəy xalq səhiyyəsi naziri vəzifəsini tərk edib. Azərbaycan hökuməti 1919-cu ilin mayında onu Gəncə valisi vəzifəsinə təyin edib. Azərbaycan Cümhuriyyətinin süqutundan sonra ruslar Xudadad bəyi 1920-ci il may ayının 12-də həbs edib, Nargin adasında güllələyiblər.

Xudadad bəy 1905-ci ildə yaxın qohumu Mirzə bəyin qızı Cəvahir xanımla ailə qurub. Onların 3 uşaqları olub Kamil, Rəşid, Nigar.

Ailənin başına gələn bu faciədən sonra Rəfibəylilər ailəsinin də taleyinə mühacirət yazılıb. Xudadad bəyin oğlu Kamil bəy Türkiyəyə mühacirət edib.

Mühacirətdə çap olunan “Bildiriş” qəzetindən öyrənirik ki, Xudadad bəyin güllələnməsindən 10 il sonra da bu ailəyə əziyyət verilib.

Kamil Arran

Kamil bəy Türkiyəyə, Rəşid bəy Rusiyaya oxumağa gedib. Bu gediş onların həyatını xilas edib. Rəşid bəy sonralar Bakıya köçsə də, Kamil bəy həyatının sonunadək İstanbulda yaşayıb. Xudadad bəyin şair qızı Nigar xanım isə Bakıda qalıb.

Kamil Rəfibəyli Türkiyədə Arran soyadını qəbul edib, Gəncənin digər tanınmış ailəsinin üzvü olan Məhəmmədbağır Şeyxzamanlının qızı Ruqiyyə xanımla ailə həyatı qurub. Onların Aydın adlı oğulları, Nigar və Bərtan adlı qızları olub.

Bir çox mühacir ailələr kimi Rəfibəylilər ailəsinin bir-birinə qovuşmasında maestro Niyazi rol oynayıb. Onun gətirdiyi xəbərdən sonra Nigar Rəfibəylinin oğlu yazıçı Anar və xanımı Zemfira İstanbula gediblər. Zemfira xanım o günü xatırlayır: “Türkiyədə bizi Kamil dayının oğlu Aydın qarşılamalıydı. Anar həyəcan keçirirdi. Gördüm ucaboylu, yaraşıqlı, cavan bir kişi gözləyənlərin arasında dayanıb. Dedim ki, o, olacaq. Gəmidən endik. Cəld onun əlindən yapışdım ki, bizi soruşmasın. Çünki Türkiyə türkcəsində danışırdı. Çətin vaxtlar idi. “KQB”-nin əməkdaşları hər addımı izləyirdilər və belə məsələlərə çox sərt yanaşırdılar... Yavaşca dilləndim: “Aydın?!”. Cavab verdi: “Əvət, Zemfira?!”. Görüşdük. İcazə aldıq, Aydıngilə getdik. Sonralar Nigar xala da qardaşı və ailəsi ilə görüşdü”.

Yazıçı Anar “Durna taleyi” məqaləsində dayısı ilə bağlı bunları yazır: “Nigar Rəfibəylinin və anası Cəvahir xanımın başları üstündə dolaşan qara buludlar - həbs və sürgün təhlükəsi - 40-ci illərin ikinci yarısında tamamilə reallaşıbmış. Akif Rəfiyevin DİN arxivindən üzə çıxardığı sənəd bunu aydın sübut edir. Sənəddə deyilir: “Rəfibəyova Cəvahir xanım: 1888-ci il təvəllüdlü, Gəncənin keçmiş general-qubernatoru, 1920-ci ildə sovet hakimiyyət orqanları tərəfindən güllələnmiş X.Rəfibəyovun arvadı. Oğlu Rəşid son vaxtlara qədər Moskvada təhsil alırdı. İkinci oğlu Kamil - müsavatçıdır, Türkiyəyə mühacirət edib. Hal-hazırda Kars şəhərində yaşayır. Türk ordusunda xidmətdədir. Müsavatın İstanbul komitəsiylə və türk kəşfiyyatıyla bağlıdır. SSRİ-yə qarşı aktiv kəşfiyyat işi aparır (Çekistlərin növbəti uydurması - Kamil dayı heç vaxt müsavatçı olmayıb, nə türk ordusuyla, nə türk kəşfiyyatıyla əlaqəsi vardı, ömrü boyu Türkiyənin müxtəlif şəhərlərində həkim kimi çalışıb - A.). Qızları Nigar Xudadat bəy qızının iki dayısı Türkiyədə mühacirətdədirlər. Ana və qız 1936-cı ilə qədər xariclə məktublaşırdılar. Hal-hazırda sovet hakimiyyətinə düşmən münasibət bəsləyirlər”.

Anar anasının qardaşı ilə görüşməsi barədə belə yazır: “Yaşlı vaxtının ən böyük sevinci qırx illik ayrılıqdan, xəbər-ətərsizlikdən sonra Türkiyədə qardaşı Kamillə qovuşması oldu. İlk dəfə Türkiyəyə 1956-cı ilin 26 oktyabrında Rəsulla birgə “Pobeda” gəmisiylə Avropa səyahətinə çıxdıqları zaman gəlir. Məktublaşmaları 1936-cı ildə birdəfəlik kəsilmiş Kamil haqqında heç bir məlumatı yox idi. Heç bilmirdi, sağdırmı, bircə tibb təhsili alıb həkim işlədiyindən xəbəri vardı. Mənə danışırdı ki, bircə gün İstanbulda olduqları zaman küçələri dolaşdıqca həkimlərin lövhələrinə baxırdı, bəlkə birdən Kamil Rəfibəylinin adına rast gəldi. Təbii ki, Kamilin İstanbuldamı, Türkiyənin başqa şəhərindəmi yaşadığını da bilmirdi. Onu da bilmirdi ki, böyük qardaşı Bakıdakı qohumlarını qorumaq üçün soyadını dəyişmiş, Kamil Arran olmuşdu. O biri Rəfibəyli əqrəbaları da eyni səbəbdən Sayqın və Əsgəran soyadlarını qəbul etmişdilər... Türkiyədən, Kamil bəydən ilk sorağı məşhur bəstəkar və dirijor, atamın yaxın dostu Niyazi gətirdi. Qardaş-bacı qiyabi də olsa bir-birini tapdılar, məktublaşmağa başladılar. Bu, bəlkə anamın ən xoşbəxt günləri idi. Ailəmizdən Kamil dayının arvadı Ruqiyyə xanımı, övladları Aydını, Bertanı və Nigarı ilk görən biz - Zemfirayla mən olduq. 1967-ci ildə, bir günlük İstanbul səfərimiz zamanı. Kamil dayı o vaxt başqa şəhərdə yaşayırdı. Bir neçə il sonra Kamil dayının görüşünə Aydınla bərabər İzmir yaxınlığında Ayvalıq adlı yerdə gəldim. Məndən bir il sonra isə atamla anam da onunla görüşdülər”.

Nigar Rəfibəyli isə 1969-cu ildə yazdığı “Sağlıqla qal, yaxın qonşu!” adlı məqaləsində ehtiyatlı şəkildə bu görüşdən bəhs edib: “... Qırx ilin ayrılığından sonra qardaşımla ilk dəfə keçən il İstanbulda görüşdük. İndi də hər yerdə bərabər gəzirik. Səhər çox tez oyanıram, tələsik geyinib aşağı enirəm. Nə qədər tez qalxsam, yenə qardaşımı aşağıda bizi gözləyən görürəm. O həkimdir, bizim gəlməyimiz münasibətilə məzuniyyət götürüb, bizimlə bərabər gəzir, heç ayrıla bilmirik. Onun xasiyyəti çox az dəyişib. Uşaqlıq illəri yadımdadır. Həmişə zarafat edər, məsxərə edər, məni cinlətməyi sevərdi. İndi də elədir, şən görünməyə çalışır, lakin ürəyinin dərinləri yaralıdır, orada ayrılıq yaraları göynəyir. Onu uşaqlıqda çox sevirdim. Ağıllı, məzmunlu, maraqlı bir insandır. Zəngin mütaliəsi var. Türk, alman, ingilis və rus dillərini yaxşı bilir. Dağ dağa qovuşmaz, insan insana qovuşar, deyərlər. Dünyada bir ölümün çarəsi yoxdur. Biz ayrılanda mənim 14, onun isə 18 yaşı vardı, əllini keçəndən sonra görüşdük. Hər ikimiz elə bir hərəkət etməmişdik ki, bacı-qardaş kimi bir-birimizin üzünə baxa bilməyəydik. Çox gənc yaşlarından zəhmətlə yaşayan, namuslu insanlar kimi görüşdük. O özü haqqında danışmağı sevmir, lakin onun haqqında eşitdiklərim mənə bir bacı kimi onunla fəxr etməyə haqq verir...”.

Kamil bəy mühacirətdə anası Cəvahir xanımın vəfat xəbərini eşidir. Bu kədərli hadisə ilə bağlı 1955-ci il fevralın 21-də Elazığda çıxan “Turan” qəzetində dərc etdirdiyi “Ağlaya bilməzsən” adlı rekviyemində yazır: “Xeyr, əziz ana, 25 ilin həsrəti, quruduğunu zənn etdiyim və inandığım göz yaşlarımı axıtdı. Ağladım çox, həm də çox ağladım. Hıçqırmadım, səssiz göz yaşlarımı içimə axıdaraq ağladım. Bəli, payızın çürüməyə məhkum saralmış bir yarpağı olduğum üçün kimsəni rahatsız etməməyim lazımdı. Yalnız sənin həsrətinlə və bir daha o gözəl, nurlu üzünü görmək ümidimin qmldığı üçün için-için ağladım... Artıq hər şey bitdi. Təsəlli mənbələrindən daha heç nə axmır. Fəzada dolaşan tozlar kimi bizi qoyub getdin, əziz ana! Bunlara görə ağladım, bunlara görə ağlayıram, əziz ana! Bunları niyə yazdım? Xatirə və xəyalları əbədiləşdirən yazı elmini mənə ilkin olaraq öyrətdiyin üçün yazdım. Əlifbanı yanlış yazdığım zaman ufacıq əllərimə vurduğun günlərin xatirəsini unutmamaq üçün yazdım. Çəkik gözlərinin, incə dodaqlarının ifadəsini qeyb etməmək üçün yazdım. Mənə öyrətmiş olduğun bu sənəti yenə sənə ithaf etmək üçün yazdım”.

Kamil bəy mühacirətdə həkimliklə, xanımı Ruqiyyə isə əczaçılıqla məşğul olub. Kamil bəy 04.02.1980, Ruqiyyə xanım 22.11.1995, Aydın bəy 05.04.2015-ci ildə vəfat edib. Kamil bəy Türkiyədə aktiv siyasətlə məşğul olmasa da, 1936-cı ildə İstanbulda “Tecelli Basım Evi”ndən “1918-ci il, 28 may” adlı kitabçası çap olunub. Siyasi mühacirlərin arxivində olan və hazırda şəxsi kolleksiyamızda yer alan Xudadad bəyin Gəncədə çəkilmiş bir fotoşəklinin surətinin arxasında isə belə bir qeyd yazılıb: “Hudadad bey Refibeyli. Gence valisi. 1918de Gencede alınmış fotoğrafı. 1936da oğlu Kamil tarafından verilmiştir”.

Qaynaq:

  1. Rəfibəyli Nigar. Seçilmiş əsərləri. Bakı, 2004, səh: 354
  2. Şüküroğlu Lətif. Cümhuriyyət hökuməti repressiya məngənəsində. Bakı, 2000
  3. Anar. Durna taleyi. “Ədəbiyyat qəzeti”. 7 iyun, 2013. – 2013
  4. “Bildiriş” qəzeti, 05.02.1931, sayı 27


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər