8 İyun 2019 15:21
1 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seyid Nəsimini zahidlər üzdü,

İncimədi haqdan gələn cəfaya.

(Xətai)

Hürufilik təlimi müsəlman dünyasının Şərq əyalətlərində yaranıb yayılsa da, teymurilərin təqibi hürufilərin Anadoluya, oradan da Şama və Misirə yol açmasına səbəb oldu. Nəticədə Şamda, Misirdə fəaliyyət göstərən hürufilər ərəb tarixçilərinin və ədiblərinin nəzərini cəlb etdi. Bu hal hürufilik təlimini, xüsusilə Nəsiminin həyat və fəaliyyətini öyrənmək üçün ərəb mənbələrinin nə qədər mühüm əhəmiyyət kəsb etməsini təsdiq edir. Həmin dövrdə Şam məmluk bəylərinin nəzarəti altında idi.

Məmluklar kim idi?

Məmlukların böyük qismi vaxtilə əsir alınmış və ya valideynləri tərəfindən maddi və s. səbəblərdən kölə kimi satılmış qıpçaq uşaqları idilər. Onlar müəyyən təlim və təhsildən sonra orduya qəbul edilir, bəziləri saraylarda mühüm vəzifələr tuturdu. Kölə oğlanların təhsili, adətən, iki mərhələdən keçirdi. Birinci mərhələdə onlar ərəb dilini və İslam dini ilə bağlı elmləri öyrənir, ikinci mərhələdə sırf döyüş təcrübəsinə yiyələnirdilər. Məmluk bəyləri öz aralarında, adətən, türk dilində danışırdılar; onların ərəbcəsi çox da güclü deyildi. Amma Misir və Şamda elm və ədəbiyyat dili ərəb dili idi. Ərəbcədə güclü olmasalar da, məmluk bəyləri İslama yiyələnməkdə israrlı idilər.

“Ərəb ədəbiyyatı” (Bakı, 2019) kitabımda göstərdiyim kimi, XIII əsrdən İslam dünyasında ictimai-siyasi həyatda türklərin hegemonluğu nəzərə çarpır. Türklər ərəb xilafətində hələ xəlifə Mutəsim Billahın dövründən (833-842) mühüm rol oynayırdılar. Daim say və qüdrətcə artan türklər Misirdə əvvəl Tulunilər, sonra isə İxşidilər dövlətlərinin əsasını qoyurlar. İxşidi dövlətinin banisi Məhəmməd ibn Tuğcun qoşununda 480 min məmluk var idi. Eləcə də Fatimilər dövlətində türk məmluklar böyük güc və nüfuz sahibi idilər. (Nəbil Xalid, 3) Misirdə və Suriyada ağalıq edən Əyyubilərin də inzibati və ordu sistemində əsas yeri türklər tuturdu. XIII əsrdə Misirdə türk əsilli məmluk bəyləri hakimiyyətə gəlir və uzun müddət hakimiyyətdə qalır (1250-1517). Əyyubi hökmdarı Salih Nəcm əd-Din Əyyubinin (الصالح نجم الدين الايوبي) xanımı Şəcərət əd-Dürr (شجرة الدر) Misirdə Məmluklar dövlətinin yaranmasında böyük rol oynayır. Hətta bəzi tarixçilər onu ilk məmluk hökmdarı sayırlar.

Belə ki, Salih Nəcm əd-Din Əyyubi vəfat edərkən orduda və cəmiyyətdə xaos yaranacağından ehtiyatlanan Şəcərət əd-Dürr bir müddət ərinin ölümünü gizli saxlayıb o vaxt hərbi yürüşdə olan oğlu Turanşahın (ترانشاه) qayıtmasını gözləyir. Amma Turanşahın hakimiyyəti bir ay belə çəkmir; Turanşahın sərt davranışını və qabalığını bəyənməyən məmluk bəyləri onu qətlə yetirir (h. 648). Beləliklə, Şəcərət əd-Dürr Misirdə məmluk bəylərinin ağalığını təmsil edən hökmdar olur. O, 80 gün Misiri idarə edir. Amma qadın olduğu üçün Abbasi xəlifəsi Şəcərət əd-Dürrün legitimliyini tanımaq istəmir. Şəcərət əd-Dürr məmluk bəyi İzz əd-Din Aybəkə (عزالدين ايبك) ərə gedir. Aybək dövləti Əyyubilər sülaləsi adından azyaşlı Əyyubi şahzadəsinin qəyyumu kimi idarə edir. Amma zaman-zaman Əyyubilərin tarix səhnəsindən çıxması ilə Misirdə məmluk bəyləri hakimiyyətə gəlir.(Nəbil Xalid, 3)

Misirdə məmlukların hakimiyyəti müsəlman dünyasında elm və mədəniyyət mərkəzinin Bağdaddan Qahirəyə keçməsi ilə xarakterik idi. Belə ki, məmluk bəyləri monqol-tatar istilasına sinə gərməklə öz ölkələrində nisbi sabitliyi, elm və mədəniyyətin çiçəklənməsini təmin edə bilmişdilər. Məmluk hökmdarı Məlik Müzəffər Seyf əd-Dinin (الملك المظفر سيف الدين) monqol-tatar ordusunu məğlub etməsi ədəbiyyatda böyük əks-səda doğurur. Bu, “türkü yalnız türk məğlub edər” fikrini yaradır.

Məlumdur ki, tarix səhnəsində qələbə və siyasi sabitlik, adətən, elm və mədəniyyətin çiçəklənməsi ilə müşayiət edilir. Misirdə və Şamda məmluk ağalığı da mədəniyyətin inkişafı ilə xarakterikdir. Burada tarix, coğrafiya, təbiət elmləri, eləcə də ədəbiyyat və poeziya inkişaf edib bir sıra görkəmli alim, ədib və şairlər yetişdirir. Bağdadın ədəbiyyat sahəsində ulduzunun sönməkdə olduğu bir vaxtda məhz Misir estafeti ələ alıb söz sənətini yaşatmışdır.

Mühüm bir məsələni də qeyd etmək lazımdır ki, məmluklar ağalığı özü iki mərhələyə ayrılır. Birinci mərhələ türk əsilli məmlukların, ikinci mərhələ isə çərkəs əsilli məmlukların adı ilə bağlıdır. Türk əsilli məmlukların ağalığı 1250-1382 –ci illəri, çərkəs məmlukların ağalığı isə 1382-ci ildən sonrakı dövrü əhatə edir. Çərkəs məmluklar tarixdə “Burci” məmluklar kimi tanınır. Onlar bəzən özlərinə saxta nəsəb uydurub soy köklərini ərəblərin məşhur qəssanilər qəbiləsinə bağlayırdılar. 1517- ci ildə Osmanlılar məmluk ağalığına son qoyur.

Nəsiminin həyatı çərkəs məmluklarının ağalığı dövrünə təsadüf edir. O dövrlə bağlı müraciət etdiyimiz ərəb mənbələri hamısı məmluk mənbəsi sayılr. Nəsimiyə və ümumiyyətlə hürufilik təlminin yaranıb yayıldığı dövrə ən yaxın mənbələr əl-Maqrizinin (766-849/1364-1442) və ibn Həcər əl-Asqilaninin (1372-1449) əsərləridir. Hər iki alim ortodoks sünni məzhəbini və məmluk üsul-idarəsinin maraqlarını ifadə edirdi. Əl-Maqrizinin əsərlərində Nəsimiyə yer ayrılmasa da, onun “Durər əl-uqud” əsərində Fəzlullah Astarabadiyə ayrıca bir oçerk həsr olunub. Əl-Maqrizi yazır:

“Onun adı Abd ər-Rəhman, kunyəsi Əbu l-Fəzldir. O, Seyyid Fəzlullah Halalxor kimi tanınır. Allah Təala yolunda təcrid və zühd məsləkinə qədəm qoyub heç kimin təamını dadmamışdır. O, papaq tikib satır, bu yolla bir təhər dolanırdı. Kitablar yazmışdı ki, onlardan “Ərş-namə”, “Xab-namə” fars dilində nəzm əsərləridir. Onun bir çox davamçıları var idi. Ona bir çox deyimlər aid edilir. Onun Gilandakı məclisinə fəqihlər yığışırdı. Səmərqənddə də məclisi var idi. İş o yerə gəlib çatdı ki, o, Əlincədə həbs edildi və orada da dəfn edildi. Bu, 804-cü ilin Təbriz hadisəsi silsiləsindəndir. Onun Məşriqdə, Şamda və Misirdəki davamçıları saya gəlməz. Onlar ağ baş örtüyü və ağ geyimləri ilə fərqlənirdilər.

Onlar insanları kafirliyə, haram işlərə baş qoşmağa, fərz olan dini qaydalara əməl etməməyə çağırırdılar. Bu yolla onlar bir çox adamın əqidəsini korladılar. Əmir Teymurun oğlu, İlxani sultanı Muinəddin Şahrux onların ölkəsindən sürgün edilməsi əmrini verdi. Bu zaman iki nəfər ona hücum etdi; belə ki, cümə günü məsciddə Şahruxa sui-qəsd edib onu bərk yaraladılar. Onlar hər ikisi qətlə yetirildi, İlxan isə ayağa qalxa bildi, amma bu yara ona ömrü boyu əziyyət verdi”.

Gördüyümüz kimi, əl-Maqrizi Fəzlullahı ilk növbədə bir sufi kimi təqdim edir; o halal-haram məsələsində (sufizmdə bu, vara adlanır) olduqca diqqətlidir. Bu səbəbdən, halal-xor kimi tanınır. Fəzlullahın təcrid yolu tutması, yəni bir növ xəlvətə çəkilməsi, tərki-dünya olub dünya malına göz dikməməsi də onu süfilərə yaxınlaşdırır. Bu məlumat həm də hürufilərin şəhər sənətkarlarını təmsil etdiyini göstərir. İlk sufilər haram yeməkdən uzaq olmaq üçün ya çırpı, ya da su satırdılar; bununla onlar sadəcə öz zəhmətlərini satıb gündəlik ruzilərini qazanırdılar. Zaman-zaman şəhərlərin inkişafı ilə sufizmin şəhər sənətkarları arasında dayaqları yaranır. Bu baxımdan, hürufi Fəzlullahın da papaqçılıq etməsi maraq doğurur. Əl-Maqrizi Fəzlullahın davamçılarının yalnız şərq əyalətlərində deyil, Şamda və Misirdə də çox olmasını qeyd edir. Məlumdur ki, bu ərazilərdə hürufiliyin yayılmasına Nəsiminin böyük rolu olub. Əl-Maqrizinin məlumatından Fəzlullahın şeyxi, müridləri, xüsusi geyim tərzi, doktrinaları olan bir təriqət yaratması anlaşılır. Bu məlumat həm də hürufilərin siyasi həyata müdaxilə səbəbindən (Şahruxa sui-qəsd edilməsi) təqiblərə məruz qalmasını bildirir. Ortodoks sünni məzhəbini təmsil edən müəllif Fəzlullahın davamçılarının insanların əqidəsini korlamasını qeyd etməsini unutmur, amma hürufilik təliminin adını çəkmir və Fəzlullahın təliminin mahiyyətinə toxunmur.

Əl-Maqrizinin məlumatından Misir və Şamda hürufilərin ağ geyimli olması anlaşılır. Halbuki Təbrizdə fəaliyyət zamanı hürufilər yaşıl geyimə üstünlük vermişlər. (Şahzad Bəşir) Şam və Misir hürufiliyi Nəsiminin təsiri altda olub. Görünür, ağ geyim də hürufiliyə Nəsiminin gətirdiyi geyim tərzi olub.

Əl-Maqrizi Fəzlullahın əsas əsəri sayılan “Cavidan-namə”nin adını çəkmir. O, Fəzlullahın məşhur əsərləri kimi “Ərş-namə” və “Xab-namə”ni göstərir. Gölpınalı Əmir Qiyasəddinə istinadən Fəzlullahın “Cavidan-namə”, “Məhəbbət-namə” və “Naum-namə” əsərləri olmasını bildirir. “Xab-nəmə” isə Seyid İshaqın əsəri kimi qeyd edilir. (Hürufilik mətnləri katoloqu). Orxan Mirqasımov “Ərş-namə”nin Cavidan-namədə”ki doktrinaları izah etmək baxımından əhəmiyyətli olmasını qeyd edir. “Xab-namə” (və yaxud “Navm-namə”) isə Fəzlullahın bəzi əsərlərinə əlavə edilən yuxu gündəliyidir. Belə bir əsərin meydana gəlməsinin səbəbi Fəzlullahın yuxu yozumunda mahir olması, eləcə də özünün bir sıra gerçək yuxular görməsi ilə bağlıdır. (Şahzad Bəşir bu məsələni geniş işıqlandırıb).

Nəsimi və hürufilik barədə ən dəyərli mənbə ibn Həcər əl-Asqalanının “İnbə əl-ğumr” əsəridir. Bu əsərdə müəllif Fəzlullah və Nəsimi barədə bioqrafik məlumat verməklə kifayətlənməyib, onların təliminin bəzi cəhətlərinə də toxunur. Bundan əlavə, əl-Asqalani Nəsimi təlimini hürufilikdə “nəsimiyyə” adlanan ayrıca bir istiqamət kimi təqdim edir və onun ideyalarının və kitablarının edamından sonra da adamlar arasında yayıldığını göstərir. Qeyd edək ki, ibn İyas (vəfatı h.930/1524) və ibn İmad əl-Hənbəli (v. h.1089/1678) kimi müəlliflər əl-Asqalaninin məlumatını təkrarlayıblar. Əl-Asqalaninin əsərindən müvafiq parçalarla tanış olaq. Əsərdə Fəzlullaha həsr olunan oçerkdə deyilir:

Fəzlullah ibn Əbi Muhamməd ət-Təbrizi bidətçilərdən olan tərki-dünya insan idi. O, Allahın insanla vəhdətini (ittihadiyyə) əsas götürənlərdən idi. Sonra o, hürufilik adlı təriqətin əsasını qoydu. O, hərflərin insanın əsl mahiyyəti olduğunu iddia edirdi ki, bundan da bir çox əsassız xürafatlar doğurdu. O, Teymurləngi öz bidətçi dininə dəvət etdi, Teymur isə onun qətlinə fərman verib bu işi oğluna tapşırdı. Oğlu onun yanına gələn Fəzlullahın boynunu öz əli ilə vurdu və bu barədə atasına xəbər göndərdi. Teymur ona Fəzlullahın başını və cüssəsini göndərməyi tapşırdı. O, Fəzlullahın cəsədini yandırtdı. Bu həmin (804-cü) ildə baş verdi. Onun davamçılarından Nəsim əd-Din ləqəbli biri məşhurlaşdı. Sonra o, edam edildi; Müəyyədin hakimiyyəti dövründə — 821-ci ildə Hələbdə dərisi soyuldu.

Məlumdur ki, Fəzlullah Astarabad şəhərindən olub və tarixdə də Fəzlullah Astarabadı kimi tanınır. Əl-Asqalaninin onu Təbrizi kimi təqdim etməsi hürufilik liderinin ömrünün müəyyən hissəsini Təbrizdə keçirib təlimini burada yayması ilə bağlı idi. Ərəb mənbələrində o, həm Təbrizi, həm də Astarabadi kimi təqdim olunur. Bu parçada Nəsimi isə Nəsim əd-din kimi təqdim olunur, yəni “Nəsim” sözü şairin anadan olduğu yer mənasını ifadə edə biləcək nisbə (Nəsimi) kimi işlənmir. Bu kiçik ştrix Nəsiminin hansı isə Nəsim adlı bir yerdən olması (Lətifinin xətası) fikrini rədd edir. Bu, Qəzənfər Paşayevin “Bizə qalırsa, şairin Nəsim kəndində anadan оlması və Nəsimi nisbəsini buradan götürməsi еhtimalı daha inandırıcıdır”- fikrinin əsassız olmasını sübut edir. Qeyd edək ki, Gibb də Lətifinin yanlış xəbərinin təsiri ilə Nəsimini həmin kənddən sayıb. Amma coğrafiya əsərlərində belə bir yer adına rast gəlinmir.

Əl-Asqalanı hicri 821-ci ilin hadisələrində Nəsimidən bəhs edib yazır:

Həmin ildə Şeyx Nəsim əd-Din Təbrizi qətlə yetirildi. O, Hələbdə məskən salmışdı (burada gəlmə idi). O, hürufilik şeyxi idi. 804-cü ilin hadisələri zamanı onun şeyxi olan Fəzlullahdan bəhs etmişdik. Ona (Nəsimiyə) gəlincə, o, Hələbdə məskən saldı və burada onun ardınca gedənlər çoxaldı, bidəti yayıldı, xəbər gedib Sultana çatdı, Sultan da onun edamını əmr etdi. Boynu vuruldu, dərisi soyuldu və çarmıxa çəkildi. Şərəfli sultanların hakimiyyətində onun davamçılarından bəzisinin başına işlər gəldi, onun etiqadını əks etdirən kitabları yandırıldı, və (bu kitabı əldə edənlərin) islahına çalışıldı. Həmin adam and-aman etdi ki, bu kitabda nə yazılmasından xəbərsizdir; həmin kitabı bir şəxsdə görüb almış, orada maraqlı hekayələr olmasını zənn etmişdir. Kitab sahibi həmin kitab barədə günahsız olmasını bildirdikdən, kəlmey-i şəhadətini söylədikdən, İslam ehkamlarına bağlılığını bildirdikdən sonra onu azad etdilər.

Bu hadisənin baş verməsinə səbəb Şamdan nüfuzlu bir şəxsin (Misirə) gəlib hələ də bu adamların (hürufilərin) təqib edilməli olduğunu bildirməsi idi. Həmin xəbəri gətirən adama Şamda hürufilər əleyhinə fəaliyyətə icazə verən yazılı fərman verildi. Sonra bir nəfər də Antakiyadan gəlib onlar (hürufilər) barədə bir çox işlər söylədi. Ona da Antakiyada hürufilər əleyhinə fəaliyyət üçün yazılı sənəd verildi. Bu hadisə 841-ci ildə baş vermişdi.

Əl-Asqalanidən misal gətirilən bu hissədə şairin qətli barədə dolaşıqlıq yaradan bir ifadə keçir: “Sultan onun edamını əmr etdi. Boynu vuruldu və dərisi soyuldu və çarmıxa çəkildi”. Məhz bu parça Nəsiminin guya qətlə yetirilib sonra dərisinin soyulması barədə yanlışlıq yaradıb. Özü də bu yanlış fikri yalnız Nəsiminin öz vətənində — Azərbaycanda səsləndirirlər. Mən heç bir Avropa və türk müəllifinin belə mənasız iddialar etməsini görməmişəm.

Bu səhv fikir ölkəmizdə geniş yayıldığından, еlə buradaca qеyd еdək ki, Nəsiminin öldürüldükdən sonra dərisinin sоyulması fikri həqiqətdən uzaqdır. Burada ərəb dilində söz sıralanmasında “və” bağlayıcısının qrammatik xüsusiyyəti nəzərə alınmalıdır. “Və” ilə gedən sıralanma hadisələrin zamanca ardıcıllığına işarə etmir. Bəziləri buna o qədər önəm verməsə də, burada söhbət Nəsiminin ƏZABKEŞ statusundan gedir və bu statusu ondan almaq olmaz. Ərəb qrammatikasına və burada VƏ bağlayıcısının xüsusiyyətinə nəzər salaq. Bu bağlayıcını Fə bağlayıcısı ilə müqayisə edən 13 əsr leksikoqrafı İbn Mənzur “Lisan əl-arab”da görkəmli dilçi alim əl-Fərraya istinadən deyir:

اذا قلت زرت عبدالله و زيدا فايهما شئت المبتدأ بالزيارة وان قلت زرت عبدالله فزيدا كان الاول هو الاول والآخر هو الآخر

“Sən “Abdullanı VƏ Zeydi ziyarət etdim” deyərkən, onların hansını istəsən, əvvəl ziyarət etmiş ola bilərsən, amma sən “Abdullanı FƏ Zeydi ziyarət etdim” deyərkən, əvvəl birinci gələni, sonra da digərini ziyarət etmiş olursan”.

Deməli, ərəb dilində “və” sıralanmasında hadisələr sözlərin düzülüşünə müvafiq olmaya bilər. Bu, xüsusi bir üslub kimi Quranda və orta əsr mənbələrində işlənir. Ən-Nisə surəsində 157-ci ayədə İsa əl-Məsih barədə deyilir: “Onu öldürmədilər və onu çarmıxa çəkmədilər”. وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ Burada çarmıxa çəkmək öldürməkdən sonra gəlir, halbuki mətndə İsanın əvvəl öldürülüb, sonra çarmıxa çəkilməsi (mətndə çəkilməməsi) nəzərdə tutulmur. Eləcə də, Nəsimi ilə bağlı səslənən cümlə heç bir vəchlə onun öldürülüb, sonra dərisinin soyulmasına dəlalət etmir. Qeyd edərdim ki, diri-diri dəri soyulması ilə bağlı edam Qədim Assuriyada (indiki Suriyada) ən geniş yayılmış cəza növü olub. Bu təcrübə Misirdə Fatimi xəlifələri, Məmluklar, eləcə də Osmanlı sultanları tərəfindən tətbiq edilib. (Rudolf Peters). Nəsimidən sonra Haji Sorx adlı bir hürufi İsfahanda bu yolla edam edilib. (Hamid Algar)

Qeyd etdiyim kimi, bu məsələ olduqca vacib olub Nəsiminin əzabkeşliyi ilə bağlıdır. Məhz diri-diri dərisi soyulmaqla qətlə yetirildiyindən, əzabkeş olduğundan şairin şəxsiyyəti əfsanələrə qərq olmuş, onun bu faciəli məqamda şeirlər söyləməsi və s. kimi deyimlər xalq məhəbbətinin nəticəsi olaraq uydurulmuşdır. Sonrakı sufi mənbələrində biz Nəsimini məhz bu cür əzabkeş kimi görürük.

Digər mühüm məsələ Nəsiminin Təbrizi (təbrizli) adlanmasıdır. Biz Fəzlullah Astarabadinin də bu adla adlanmasını görürük. Təbriz Azərbaycanın mədəniyyət mərkəzi olduğundan həmin ərazidən gəlib azəri türkcəsində danışanların Təbrizi adlanması təbiidir. Hürufilikdə Təbrizin xüsusi önəmi var. Məhz bu şəhərdə Fəzlullaha ilahi sirlər agah olub (Patrisiya Kron). Asqalani əsərinin sonrakı bəhslərində də Nəsiminin insanlara təsirindən yazıb deyir:

Bu hadisələr Məmluk sultanı əl-Məlik əl-Əşrəf Zahir əd-Din Barsbəyin (1422-1438) zamanında baş verib. 1435-ci (hicri 838) ilin Ramazan ayında Şamdan bir əyan Qahirəyə gəldi. O, özü ilə Şeyx Əla əd-Din Buxarinin bir məktubunu gətirmişdi. Məktubda Nəsimidən və onun şeyxi Fəzlullahdan bəhs edilir və göstərilirdi ki, Şam və Misirdə onun əqidəsində olan toplum var. Daha sonra deyilirdi ki, o, (yəni Şeyx Əla əd-Din Buxari) bu adamların (əqidəsini) araşdırmış və onların nöqsanlarını açmışdır. Qahirədə də onlardan olan var. Şeyx Əla əd-Dinin məktubu Sultana oxundu. Sultan Qahirədəki həmin adamın və onun evindəki kağızların gətirilməsini əmr etdi. Onun əmri yerinə yetirildi. Haqqında söhbət gedən bu tayfa əvvəl “hürufilik”, sonra “nəsimilik” adlanan bidətçillər idi. Şəvval ayının 4-də Sultanın sarayında bu məsələ ilə bağlı bir məclis çağırıldı. Məclisə (hürufiliklə bağlı) kitablar gətirildi. Kitabların bəzisi hürufi şeyxinə (Fəzlullaha) aid idi. Bu kitablar fars dilində idi. (Bir nəfər) onların birinin əvvəlindən bəzi asan hissələri oxudu və ərəbcə mənasını izah etdi. Bu muşəbbəhat (antropomorfizm) və ittihadiyyət (inkarnasiya) ilə bağlı mürəkkəb bir təlim idi.

Sonra Şafii qazisi şeyx Əla əd-Dininin məktubunu oxudu. Məktubda (hürufiliklə bağlı) deyilirdi ki, insanın simasında yeddi cərgə tük – bir cərgə saç, dörd cərgə kiprik, iki cərgə qaş var. İnsanın əl barmaqlarında on dörd oynaq var. Bütün bunlar əlifbadakı hərflərin sayına uyğun gəlir). Hürufiliyə görə, ilahilik Allahdan Adəmə keçib, Adəmdən bir başqasına və nəhayət, bir Kəlam olaraq gəlib Fəzlullaha çatıb. Bunun mənası odur ki, Allah elə hərflərdir. Sonra (kitabların sahibi olan) həmin kişi gətirildi və sorğu-sual edildi. O bildirdi ki, bu kitabları Keyfə qalasında 30 dirhəmə alıb və orada deyilənlərin heç birinə inanmır. O, kəlimey-i şəhadətini söylədi və İslama zidd olan etiqadlardan uzaq olduğunu, eləcə də bu cür kitabları yazanların, (hürufilik) şeyxinin və onlara inananların küfr içində olduğunu bildirdi.

Şafii şeyxi dedi: “Əgər dediyin doğrudursa, onda bu kitabları öz əlinlə yandır”. Adam bir az cavab verməyə tərəddüd etsə də, sonda göstərişə tabe olub kitabları özü yandırdı. Sonra Sultan soruşdu: Bu cür adamları ölkədən sürgün etsəm, günah sayılmaz ki? (Şafii şeyxi) “yox!” – dedi. Sonra car çəkib dedilər ki, kim NƏSİMİ məzhəbindən olan bir adam tanıyırsa, evində (bu məzhəbə dair kitablar olan) adam bilirsə, bu barədə xəbər verib həmin adamı Sultanın hüzuruna gətirtsə, ona 100 dinar bəxşiş veriləcək. Sonra Sultanın əmri barədə car cəkib dedilər ki, Qahirədə və şəhər qalasında olan bütün əcəmlər 3 gün müddətinə şəhəri tərk etsinlər, amma bu iş tamamlanmadı.

Bu parçanın əhəmiyyəti həm Nəsimi ideyalarının özündən sonra da yayılması, həm də hürufilik təlimini əks etdrməsi ilə bağlıdır. Burada ərəb mənbəsində ilk dəfə olaraq hürufiliyin mahiyyətindən bəhs edilir, müqəddəs hərflərin sayının insan simasındakı tük cərgələrinə uyğunluğu vurğulanır. Sultanın hüzuruna gətirilən fars dilində olan kitablarda belə məlumatın olması hürufilik təlimini əks etdirən əsərlərin (çox güman ki, “Cavidan-namə”nin) Misirdə yayılmasını düşünməyə əsas verir. Digər diqqəti cəlb edən cəhət kitablara qarşı həyata keçirilən terrordur. Misir üləması sufizmə qarşı həmişə aqressiv olmuş, ibn Ərəbinin kitablarını da yandırtmışlar. Bir qədər sonra bu məsələyə yenidən qayıdacağıq. Yuxarıdakı parçadakı “əcəm” sözü vaxtilə bütün əcnəbilərə, xüsusilə farslara aid edilmişdi. İbn İyasa görə, Misirdə isə bu sözlə daha çox Şərq əyalətlərindən gələn türkmənlər nəzərdə tutulub. “Türkmən” burada “iman gətirmiş türk” anlamında olub, İslama tapınmış bütün oğuz türklərini bildirir. (Tufan Gündüz).

Xronoloji baxımdan Nəsimiyə digər yaxın mənbə Sibt əl-Əcəminin “Kunuz əz-zəhəb” əsəridir. Əsərdə Nəsiminin edamına ayrıca fəsil həsr edilib. Məhz bu baxımdan Sibt əl-Əcəminin əsəri böyük əhəmiyyətə malikdir. Nəsimiyə həsr olunan oçerkin adı: “Maqtal Əli ən-Nəsimi”-dir. Qeyddə göstərilir ki əlyazmada “Matlab qatl ən-Nəsimi” adlı haşiyə yazısı olub:

Əli Nəsiminin qətli

Yəşbəkin dövründə Zindiq Əli Nəsimi qətlə yetirildi. O, məhkəmə çağırdı. Buraya Şeyx Muzəyyəl (ibn Xatıb ən-Nasiri), Şəms əd-Din ibn Əmin əd-Dövlə (Şeyx İzzəddinin köməkçisi), baş maliki qazisi Fəth əd-Din, baş hənbəli qazisi Şihab əd-Din ibn Hilal və onun dəvət olunmuş qardaşı ibn əl-Hazuq toplaşmışdı. O, (Yəşbək və yaxud hənbəli qazisi ibn Hilal) dedi: “Yə Rəbbim, yolumuzdan dönməkdən və fitnə-fəsada uymaqdan sənə sığınırıq. (Nəsimi) bəzi ağılsızları yoldan çıxarıb. Onlar kafirlikdə, ilhad və zindiqlikdə onun ardınca gedirlər”.

Nəsiminin əleyhinə ibn Şanaqşı əl-Hənəfi (Yəni Çanaqçı. Bu ad başqa tərcümələrdə yanlış olaraq Şənqəşü kimi oxunur) və şəhər üləması çıxış etdi. Naib (Yəşbək) dedi: “Dediyini sübut et. Etməsən, səni öldürtdürəcəm.” Naib bu cür iddiaları çox eşitmişdi. Nəsimi ağzını daim kəlimeyi-şəhadətlə açdı. O (Nəsimi) özü barəsində deyilənləri rədd etdi. Məclisdə olan Şeyx Şihabəddin ibn Hilal (əl-Hənbəli) Maliki qazisindən daha yuxarıda oturmuşdu. Bu da Maliki qazisinin pisinə gəlirdi. O, (hənbəli qazisi ibn Hilal) həmin məclisdə Nəsiminin zindiq olması və qətli barədə fitva verdi. Ardınca ibn Hilal maliki qazisinə dedi:

– Nə üçün “Bu zindiq öldürülsün!” demirsən?

Maliki qazisi dedi:

-Sən bu fitvanı yazılı şəkildə verə bilərsənmi?

Dedi:

-Bəli, yazaram.

Fitva yazıldı və surəti Şeyx Muzəyyələ, qazilərə, oradakı üləmaya göstərildi. Fitva ilə razılaşmadılar. Maliki qazisi dedi: Əgər qazilər və üləma razı olmasa, mən Nəsimiyə bir sənin sözünə görə necə ölüm fitvası verə bilərəm?

(Hələb əmiri) Yəşbək dedi: “Mən Nəsimini öldürdə bilmərəm, çünki Sultan tapşırıb ki, hər iş barədə ona xəbər verim. Gözləyək, görək Sultan nə deyəcək?

Məclis dağıldı (Nəsimi Sultan Müəyyəddən xəbər gələnədək həbsdə qaldı) və növbəti məclis Hələb əmirinin öz evində toplaşdı. Əmir Nəsimini zirzəmidən çıxartdırıb qala həbsxanasına apartdı və burada Sultanın əmri oxundu. Əmrdə Nəsiminin dərisi soyulmaqla qətlə yetirilməsi və yeddi gün cəsədinin şəhərdə car çəkilib nümayiş etdirilməsi, sonra bədəninin parça-parça edilib Əli bəy Dulqadirə, onun qardaşı Nəsrəddinə və Osman Qarayölükə göndərilməsi tapşırılırdı. Çünki Nəsimi həmin adamların əqidəsini korlamışdı. Bu adam kafir və mülhid idi. Onun dediklərindən Allaha sığınırıq. Amma gözəl şeirləri var idi.

Bu parça məmluklar dövrünün şəriət məhkəmələrini təsvir etmək baxımından maraqlıdır. Belə ki, məmluklar dövründə dörd sünni məzhəbinin hər birinin özünün baş qazisi (qazi əl-qüzat) var di. Amma nüfuz baxımından Şafii və Hənəfi qaziləri daha üstün sayılırdı. Bu səbəbdən yuxarıdakı parçada birinci şafii qazisi Şeyx Muzəyyəl kimi tanınan ibn Xətib ən-Nasirinin adı çəkilir. Şafii qazisindən sonra hənəfi, maliki və hənbəli qaziləri gəlir. Mühüm şəriət hökmləri bu qazilərin məclisində qəbul edilirdi. Amma, göründüyü kimi, son söz Sultanın yerlərdəki nümayəndəsinə, edam məsələlərində isə Sultanın özünə məxsus idi. Yəşbəkin belə bir məhkəmə çağırması Nəsiminin Hələbdəki nüfuzundan, ətrafına adamlar toplamasından irəli gəlirdi.

Bundan əvvəl əl-Asqalaninin “Nəsimin ardınca gedənlər çoxaldı, bidəti yayıldı”, – deməsinin şahidi olduq. Gördüyümüz kimi, məhkəmənin çağırılması təşəbbüsü də dünyəvi hakimdən, Yəşbəkdən gəlir. Əslində məmluk hökmdarları cüzi istisnalarla dini məsələlərdə çox da həvəsli deyildilər. Onlar ərəb dilində də zəif idilər. Bununla belə, Orta əsr düşüncə tərzinə müvafiq, hər bir hökmü dini cəhətdən əsaslandırmağın vacibliyini bilirdilər. Bəzən də toplumun ümumi mənəvi durumunu nəzərə alıb, kütləvi mərasimlərə rəhbərlik edirdilər. Məsələn, Qahirədə vəba xəstəliyi yayılarkən (822/1419) Sultan Müəyyəd üç günlük oruc tutulmasını elan edir. Üçüncü günün sonunda başının dəstəsi ilə səhrada bir mərasim keçirir. Ərəb tarixçiləri (məs. ibn Tağriburdi) bu mərasimdən sonra vəbanın geriləməsini bildirir.

Nəsiminin ittihamı məsələsində cəmiyyətdə daha böyük nüfuz sahibi olan şafii və hənəfi qaziləri sanki şairi öldürməkdə çox da maraqlı görsənmirlər. Daha az nüfuzu olan hənbəli qazisi isə cidd-cəhd göstərir və bu işə maliki qazisini təhrik edir. Həmin dövrdə qazilərin nüfuz dərəcəsi qazi əl-qüzat vəzifəsinə verilən rüşvətdə də görünür. Baş hənəfi və şafii qazisi vəsifəsi 3000 dinara, baş maliki qazisi vəzifəsi 2000 dinara, baş hənbəli qazisi vəzifəsi isə 1000 dinara satılırdı. Bu səbəbdən, axırıncı məmluk sultanlarından olan Qansuh əl-Ğauri (1501-1516) dörd məzhəbin baş qazisini bir gündə təyin edib heç birindən rüşvət almadıqda Qahirə əhalisi həm məmnunluq, həm də təəccüb içərisində qalır. (Annemarie Schimmel). Sonradan biz Qansuh əl-Ğurinin Nəsiminin qəbri üzərində məqbərə tikdirməsinin şahidi oluruq (əl-Ğazzi). Qeyd edək ki, Sultan əl-Ğaurinin nədimləri arasında azəri türkləri böyük hörmət sahibi olub. Sultan özü isə hürufiliyə meylli olub. (Doris Behrens Abouseif, Sultan al-Ghawri and the Arts).

Nəsiminin cəsədinin göndərildiyi şəxslərin kimliyinə nəzər salaq. Hər iki bəylikdən Məmluk sultanları öz sərhədlərini qorumaq üçün bufer zonası kimi istifadə edirdi. (Shai Har El). Osman Qarayölük və Dulqadir oğulları barədə türk alimi İbrahim Olğun yazır:

“Akkoyunlu Osman Karayülük 1398’de Sivas Emiri Kadı Burhaneddin’i öldürdü. Gürcistan seferinden dönen Timur’a Anadolu’da öncülük etti. (1403) de Timur Anadolu’dan ayrılırken Diyarbakır ve dolaylarını ona bağışladı. Böylece bir ucu Doğu Anadolu’da. bir ucu İran’a uzanan büyük bir imparatorluk kurdu. Ankara Savaşı’nda (1402) Bayezid’in yenilgisinden sonra Yıldırımın oğulları arasındaki taht kavgaları 11 yıl sürdü. (1413) Bu ortam içinde Nesimi’nin Osman Karayülük gibi Timur’la iyi geçinmiş, onun yandaşı olarak savaşmış, Kadı Burhaneddin’i öldürmüş ve sonra da emirlikten İmparatorluk kurma olanağına erişmiş devlet adamlarını etkisi altına alması, Mısır ve Suriye’de Sultan Berkuk’tan sonra karışık korkulu günler geçiren Memlûkleri kuşkuya düşürmesi doğal sayılmalıdır. O dönem tarihlerinde Nesimi’nin Dulkadiroğullarıyla da arasının iyi olduğu belirtiliyor. Dulkadiroğulları koşullara göre kimi Osmanlıları, kimi Memlûkleri tutan Maraş ve yöresinde tampon bir beylikti. Memlûkler, Dulkadiroğullarına da güvenemiyorlardı. İbrahim Olgun, “Nesimi üzərinə notlar”, Türk Dili Araştırmaları Yıllığı Belleten, 1970, s. 47-68.)

Dulqadir oğulları ilə münasibətlər sonradan yaxşılaşmışdır. Amma buna səbəb Nəsiminin qətli ilə onların “gözünün qorxudulması deyil, təbii ki, Məmlukların uğurlu hərbi yürüşləri, o cümlədən Tarsusu fəth etmələri olub. Ayşegül Kılıç “Bir Bozok-Üçok Hikâyesi: Dulkadiroğulları Ramazanoğulları İlişkileri” əsərində bu ilişgilər barədə yazır: “1417 yılında Memlûklerin Tarsus’u fethinden sonra sultanın huzuruna çıkan Dulkadiroğlu Emîr Ali Bey, sultana hediyeler takdim etmiş ve Dulkadirli Nasırüddin Mehmed’in oğlu vasıtasıyla Darende kalesinin anahtarlarını göndermiştir. Göstermiş olduğu itaati neticesinde ise Sultan Şeyh, Dulkadiroğlu Ali Bey’i Maraş ve Elbistan naipliğine atamıştır.”

Əl-Asqalaninin əsərində Nəsiminin qətlində əli olan Hələb hakimi Yəşbəkə aid hissədə göstərilir ki, Nəsiminin dərisi soyulmaqla qətlinə fərman verən Sultan Müəyyəd üç il sonra Hələbə 8 nəfər naib göndərir. Sultanın ölüm xəbərini alınca onlar Qahirəyə yola düşürlər. Əmir Yəşbək də onların ardınca getmək istəyir. Münəccimi ibn əl-Fələki onu bu yoldan saxlamaq istəsə də, o münəccimə fikir verməyib yola çıxır və qətlə yetirilir. Onun qətl səbəbi və kim tərəfindən öldürülməsi bildirilmir. Amma Hələb əhlinə zülm etdiyi göstərilir. Ola bilsin ki, Sultanın ölümündən ruhlanan hələblilər onun şəhərdəki nümayəndəsindən qisas almışlar. Yəşbəkin başı Nəsiminin qətlə yetirildiyi qala qapısından asılır. Səhərisi günü Yəşbəkin cəsədini Bəb əl-Sirr adlanan yerdə dəfn edirlər. Əsərdə deyilir ki Yəşbək dəfn edilərkən başının dərisi yox idi. Dəri sonradan gətirilib onun qəbrinə qoyulur. Deməli, hələblilər Sultanın nümayəndəsini sadəcə qətlə yetirməyib, həm də dərisini soyublar. İstər-istəməz belə bir sual doğur: Bu qisas həm də Nəsimi üçün olmasın? Ya dəri soymaq çox geniş yayılmış adət olub, ya da bu yolla Nəsiminin qisasını alıblar.

Xronoloji baxımdan, növbəti mənbə əs-Səxavinin (813-903/ 1427-1497) əsərləri sayılsa da, biz onun məlumatlarını əş-Şəraninin (1493-1565) məlumatları ilə birlikdə araşdırmağı qərara aldıq. Çünki bu mənbələr arasında müəyyən yaxınlıq var. Onların hər kisi Nəsimini ibn Ərəbinin davamçısı kimi təqdim edir, baxmayaraq ki, bu məsələyə fərqli müstəvidə yanaşırlar. Beləliklə, xronologiyanı pozub ibn İyası (1448-1523) əvvələ keçiririk.

İbn İyas əl-Əcəminin “Bədəi əz-zuhur” əsərində deyilir:

820-ci ildə şeyx Nəsim əd-din qətlə yetirildi. O, Hələbdə gəlmə idi. Türkcə şeirlər deyirdi. Türklərin əqidəsini korladıqda Sultan adam göndərib boynunu vurdurdu və dərisini soydurdu. Onu Hələbin qapılarından birində çarmıxa çəkdilər. Elə həmin ildə də Şəmax (Şamaxı) və Şirvan hökmdarının ölüm xəbəri gəldi. Oğlu Xəlil onu yerinə keçdi.

Həmin əsərin hicri 804-cü il hadisələrini bəhs edən hissəsində deyilir: “Həmin ildə xəbər yayıldı ki, Teymur Ləng qazi Təbrizini qətlə yetirdib. O. Nəsimi məzhəbindən idi. İbn İyasın məlumatında maraqlı cəhət Nəsimin tərəfdarlarının arasında türklərin çoxluq təşkil etməsinin xüsusi vurğilanmasıdır. Onun şairlə bağlı hissədən dərhal sonra Şamaxı hadisələrinə toxunması da diqqətdən yayınmır. Amma müəllif bu iki hadisəni əlaqələndirən heç bir fikir söyləmir.

Qeyd edək ki, Nəsimi ilə bağlı əfsanələr ərəb mənbələrində deyil, sonrakı təzkirə ədəbiyyatında (Xüsusilə Əli Mustafanın “Kunh əl-Əxbərində”) yer alıb. Bura “zahidin barmağı”, Nəsiminin dərisini çiyninə atıb Hələbin 12 qapısından çıxması, Onun Ümmi Kamal ilə bəd-duaya düçar olması və s. əfsanələr sonrakı araşdırmalarda dönə-dönə xatırlanır. (bax Gölpınarlı, Kontantemir, Karaokay, Burill, Gibb, Səfərli və başqaları).

Şəmsəddin əs-Səxavinin (813-903/1427-1497) iki əsərində Nəsimi və hürufiliklə bağlı məlumata rast gəlirik. Birinci əsər “Əd-Dau əl-Ləmi li-əhli əl-qan ət-təsi” əsəridir. Həmin əsərdə Fəzlullah Astarabadi ilə bağlı iki oçerk yer alır. 573 saylı birinci oçerkdə “şeyximiz” adlandırdığı əl-Asqalaninin dediklərini, demək olar ki, olduğu kimi təkrarlayır. Bu səbəbdən, həmin oçerki burada verməyi lazım bilmirik.

Həmin oçerkin sonunda əs-Səxavi belə bir cümlə işlədir. “Zənn edirəm iki onun məlumatı iki bəhsdən sonra da gəlir. Həqiqətən də, kitabın 576 saylı oçerki də Fəzlullaha aiddir. Amma görünür, əs-Səxavi bu iki məlumatın eyni şəxslə bağlılığına əmin olmadığından, hər iki bəhsi əsərinə daxil edib. İkinci bəhsin sonunda əs-Səxavi məlumatın əl-Maqrizinin əsərində əks olunduğunu deyir. Həqiqətən də, bu hissə əl-Maqrizi oçerkini, demək olar ki, olduğu kimi təkrarlayır. Yeganə fərq, əs-Səxavinin Fəzlullah ideyalarının “Çaqanaylar və digər əcəm xalqları” arasında yayıldığını vurğulamasıdır. Ola bilsin ki, bir xəttat xətası olaraq “çaqatay” əsərdə “çaqanay” kimi yazılmışdır. Əl-Maqrizi, yuxarıda gördüyümüz kimi, Fəzlullahın bəzi əsərlərinin adını çəkir, əs-Səxavi isə, sadəcə, onun elmlərdə, nəsr və nəzmdə söz sahibi olduğunu bildirir.

Əs-Səxavinin Nəsimi barədə məlumat verən ikinci əsəri “əl-Qaul əl munbi” adlanır. Əlyazma halında olan əsərin bir hissəsinin tənqidi mətni Umm əl-Qura universitetinin tələbəsi Xalid ibn əl-Arabi Mudrik tərəfindən hazırlanıb magistr dərəcəsi almaq üçün təqdim edilmişdir. Bizim üçün bu əsər daha maraqlıdır. Burada müəllifin Nəsimini ibn Ərəbinin davamçısı hesab etməsi diqqətəlayiqdir. Müəllif əsərin ikinci fəslində ibn Ərəbinin əl-Futuhat əl-Məkkiyyə və Fusus əl-Hikəm əsərlərinə qarşı aparılan terroru təsvir edir.

Məlum olur ki, onun əsərləri yandırılmış, ipə bağlanıb yerlə sürüdülmüşdür. (Bax Knysh, İbn Arabi in the Later İslamic Tradition). Əsərdə bu barədə maraqlı bir əhvalat nəql olunur: “İnanılmış adamlar qazi Bədr əd-Din və onun dostu Şeyx əs-Salih Zeyn əd-Dindən belə söyləyirlər: “Onlar deyirdilər ki, Misirdə və İsgəndəriyyədə ibn Ərəbinin kitabları yoxdur. Heç kim cürət edib bu kitabları əldə edə bilməz, əgər kimdəsə bu kitablar tapılsa, dərhal əlindən alınıb yandırılırdı. Həmin adamın bu kitablarda yazılanlara etiqad etməsi məlum olardısa, ona əzab verər və öldürərdilər”. Şeyx Zeyn əd-Din deyir:

“Bir dəfə kitab bazarında “Fusus”u gördüm. Kitab götürülüb yandırıldı: əvvəl insanlar dəstə ilə onu ipə bağlayıb küçə ilə sürüyərək baş qaziyə apardılar, o da onu yandırıb işi tamamladı. Bu cür hadisələri təsvir edib kitabların həqarətə məruz qalmasından danışan müəllif yandırılan, yazısı yuyulan, hətta itin quyruğuna bağlanan kitablardan bəhs edir. Kitablara qarşı terror müəllifə Nəsimi kitablarının yandırılmasını, bu kitabların sahiblərinin məruz qaldığı repressiyanı xatırladır. Burada əs-Səxavi yeni bir məlumat verməyib, şeyxi əl-Asqalaninin təsvir etdiyi h. 841-ci il hadisələrini yada salır. Bu hadisələr bizə əl-Asqalani əsərindən məlum olsa da, həmin hadisələrin ibn Ərəbi ideyalarına və kitablarına qarşı repressiya kontekstində xatırlanması öz-özlüyündə maraq doğurur.

Nəsiminin repressiyaya məruz qaldığını xüsusi vurğulayan başqa bir müəllif sufi mütəfəkkiri Abd əl-Vahhab əş-Şəranidir (898-973/1493-1565). Onun “Əl-yavaqit va l-cavahir fi bəyən aqaid əl-əkabir” əsəri sufilərin məruz qaldığı təqib və cəzaları əks etdirir. Nəsimidən əvvəl əş-Şərani görkəmli imam və sufilərin haqsız yerə məruz qaldığı cəza və təqibləri əks etdirir. Onların arasında imam Əhməd ibn Hənbəl, imam əş-Şafii, görkəmli hədis alimi əl-Buxari, sufi övliyalarından Zu n-Nun əl-Misri, Əbu Yəzid əl-Bistami, Cuneyd, Səhl ət-Tustəri və başqaları vardır. Nəsimidən birbaşa əvvəldə isə diri-diri dərisi soyulmuş başqa bir sufi yad edilir:

Əbu Bəkr ən-Nəbulisini fəzilətinə, elminin zənginliyinə, hidayət yolunda olmasına baxmayaraq, əvvəl Qərbdən Misrə qovdular, sonra onu Sultanın hüzurunda zindiklikdə ittiham etdilər. Sultan onun başı aşağı asılıb diri-diri dərisinin soyulması əmrini verdi. O, taleyinə boyun əyib bu halda Quran oxuyur, bununla insanların qəlbini parçalayır, onları valeh edirdi. Nəsiminin də Hələbdə dərisini soymuşdular. Əvvəl Nəsiminin arqumentləri qarşısında onu heç cürə ittiham edə bilmirdilər. Bu zaman ona qarşı hiylə işlətdilər; Bir çəkməçiyə pul verib bir ayaqqabının içərisinə İxlas surəsi yazılmış bir kağız qoydular. Çəkməçiyə, bu bir məhəbbət duasıdır dedilər. Sonra bir yolun tapıb həmin ayaqqabını Nəsimiyə hədiyyə etdilər. Nəsimi də işdən xəbərsiz olduğundan ayaqqabını geyindi. Sonra Sultanın Hələbdəki əmirinin yanına gedib dedilər ki, səhih bir məlumatdan bilirik ki, Nəsimi “qulhuvallah” yazılmış bir kağızı ayaqqabısının içində saxlayır. İnanmırsan, bir adam göndərb onun özünü çağırtdır. Əmir Nəsimini çağırtdırdı. Vərəqi Nəsiminin ayaqqabısının içərisindən çıxardılar. Nəsimi bildi ki, (çıxış yolu yoxdur) və özünü Allaha təslim etdi. Heç bir ittihama cavab vermədi, çünki bilirdi ki, o, bu yolla qətlə yetiriləcək. Onun bəzi şagirdlərinin şagirdi mənə danışıblar ki, dərisi soyularkən o gülümsəyir və tövhidə dair muvaşşahlar söyləyirdi, beləliklə, beş yüz muvaşşah şeiri söyləmişdir.

Bir sufi mütəfəkkirinin qələmində canlanan Nəsimi faciəsi fərqli xarakter daşıyır. Sətirlər arasından müəllifin şairə olan hüsn-rəğbəti görsənir. Əsərdəki Nəsimi barədə qısa məlumat bir qədər daha əfsanəvi xarakter daşıyır. Burada təsvir olanan əzabkeş şair həm də cismani ağrılara mətanətlə dözən bir haqq aşiqidir.

Nəsimini türk dilində divan müəllifi kimi qeyd edən Hacı Xəlifə Katib Çələbi isə deyir: “Nəsimi türkdür. Hələbdə şəriflərin şəriət qılıncı ilə qətlə yetirilib. O, haqqında bəhz etdiyimiz Fəzlullah əl-Hurufinin şagirdlərindəndir. Onun “Zubdə” əsərində iki beyti hifz olunub”.

Bu yazımda mən ərəb mənbələrindən diri-diri dəri soyulması ilə bağlı bir sıra faktlar gətirirəm. (Bu barədə Facebook səhifəmdə məlumatlar əks olunub) Yazımın sonunda Aydın Talıbzadənin çox bəyəndiyim aşağıdakı fikrini verirəm:

“Məgər barama soyulub da KƏPƏNƏK şəklində zühur eləmir? İmadəddin Nəsimi də öz ömrünü elə yaşamışdı ki, axır sərəncamda o, barama kimi cildini, libasını dəyişib, qabığından çıxıb kəpənəyə çevrilməliydi. Hələ “yer ilə göy bina olmazdan əqdəm” bu, Nəsiminin tale cədvəlinin, alın yazısının mərkəzi hadisəsi kimi götürülmüşdü. Göylərdə cızılmış bu proqramı, əlbəttə, yaxşı, ya pis icra etmək olardı, amma pozmaq yox. Nəsimi də bu sakral sifarişi əla bir üslubda yerinə yetirdi, soyulub “kəpənəkləşdi”, cismindən və canından qurtulub sirri bəyana gətirdi, özündən qopdu, ilahi dünyaya vardı”.

(Bütün müəllif hüquqları qorunur. Yazıdan istifadə edərkən istinad vacibdir. Yazının daha mükəmməl variantı elmi məqalə kimi çapdadır.)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər