Azərbaycan Cümhuriyyətinin Ədliyyə naziri Xəlil bəy Xasməhəmmədin vəfat tarixi bəzi kitablarda 1947, bəzilərində isə 1945-ci il yazılıb. Fəriköydə olan məzar daşında isə 1945 qeyd olunub.
Bu məsələni dəqiqləşdirmək üçün Fəriköy məzarlığındakı dəfn sənədlərinə baxdıq. Orada Xəlil bəyin 12 avqust 1945-ci ildə xərçəng xəstəliyindən vəfat etdiyi yazılmışdı.
Türkiyədə bir çox məzarlığın arxiv sənədlərinə baxdığım üçün 1940-ci illərdən etibarən sənədlərə diqqət göstərildiyini bilirdim. Amma hər ehtimala qarşı dönəmin mətbuatını axtarmağa qərar verdim. Nəhayət, Xəlil bəyin vəfatı ilə bağlı bir nekroloqa rast gəldim.
Bu nekroloqa keçməzdən öncə Xəlil bəy Xasməhəmmədin kimliyinə bir daha nəzər yetirək.
***
Xəlil bəy Xasməhəmməd 1870-ci ildə Gəncədə doğulub. Gəncə klassik gimnaziyasında orta təhsil alıb, Moskva Universitetinin hüquq fakültəsini bitirib. Düşüncələrinin formalaşmasında İsmayıl bəy Qaspıralının rolu olub.
Xasməhəmməd ailəsində 4 qardaş olub, üçü—Xəlil bəy, Ələsgər bəy, Ələkbər bəy hüquqşünas olub. Qardaşlardan Ələkbər bəy Difai partiyasının Mərkəzi Komitəsinin, Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin, onun Təftiş Komissiyasının üzvü olub, 1918-ci il iyulun 15-də mart soyqırımını araşdırmaq üçün Azərbaycan Cümhuriyyəti Hökumətinin qərarı ilə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının sədri təyin edilib. Nazirlər Şurasının 1919-cu il 28 fevral tarixli qərarı ilə Ələkbər bəy Azərbaycan Məhkəmə Palatasının böyük sədri vəzifəsinə təyin olunub.
Təhsilini bitirdikdən sonra Xəlil bəy Yekaterinodar və Gəncə dairə məhkəmələrində işləyib. “İttifaqi-müslimin” təşkilatının din və hüquq komissiyalarının üzvü olub. 1907-ci ildə Gəncə quberniyasından 2-ci Dövlət dumasına deputat seçilib. Xəlil bəy Fətəli xan Xoylu ilə birlikdə Dumanın milli-dini bərabərlik komissiyasının, Dumanın ikinci şöbəsinin və beş komissiyasının üzvü olub, Xalq azadlığı partiyasını təmsil edib. 3-cü Dövlət dumasında (1907-1912) Xasməhəmməd Azərbaycanı təmsil edən yeganə deputat olub. O, Zaqafqaziya (Qori) seminariyası Azərbaycan Şöbəsinin Gəncəyə köçürülməsi və onun müstəqil seminariyaya çevrilməsi barədə Xalq Maarifi Nazirliyi qarşısında vəsatət qaldırıb. 1911-ci il noyabrın 30-da hərbi mükəlləfıyyət barədə qanun layihəsi üzrə çıxış edərkən hərbi mükəlləfiyyətin müsəlmanlara da şamil olunmasını tələb edib.
Xəlil bəyin Dumada qaldırdığı mühüm məsələlərdən biri türk dilində təhsillə bağlı olub. 17 may 1909-cu il tarixli Duma toplantısında sərt şəkildə bildirib: “Məktəb məsələsi kökündən, yəni yerli adət və din ehtiyaclarına cavab verəcək bir şəkildə həll edilmədikcə, bizim məktəblərdə təhsil ana dil olan türk-tatar dilində verilmədikcə... bunu israrla təkrar etməkdən heç vaxt çəkinməyəcəyəm”.
Xəlil bəy məhkəmələrdə də türk dilinin işlədilməsinin vacibliyini qeyd edib.
Xasməhəmməd 1913-1917-ci illərdə Gəncə şəhər bələdiyyə rəisi işləyib, Gəncədə “Türk Ədəmi-mərkəziyyət” partiyasının yaradıcılarından biri, 1917-ci ildə keçirilmiş Qafqaz (Bakı, aprel) və Ümumrusiya (Moskva, may) müsəlmanları qurultaylarının iştirakçısı olub. Müsavat Partiyasının birinci qurultayında (Bakı, 1917, 26-31 oktyabr) Mərkəzi Komitənin üzvü seçilib. Gəncə Qəza İcraiyyə Komitəsinin sədri, Zaqafqaziya Komissarlığında Dövlət nəzarəti komissarı, Zaqafqaziya Seyminin, Azərbaycan Milli Şurasının (1918, 27 may) üzvü olub. 1918-ci ilin fevral-mart aylarında Trabzon Sülh Konfransında Zaqafqaziya nümayəndə heyətinin üzvü olub. Eləcə də 1918-ci ildə İstanbul konfransına göndərilən, Rəsulzadənin sədri olduğu Azərbaycan Cümhuriyyəti nümayəndə heyətinə daxil edilib.
X.b.Xasməhəmməd Azərbaycan Cümhuriyyətinin 1-ci Hökumət kabinəsində ədliyyə naziri, 2-ci kabinədə əvvəlcə portfelsiz nazir, sonra ədliyyə naziri, 3-cü kabinədə daxili işlər naziri, 5-ci kabinədə ədliyyə naziri vəzifələrində çalışıb. Müsavat Partiyasından Azərbaycan Məclisi-Məbusanının üzvü olub. Azərbaycan nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz respublikaları konfransında (1919, aprel-iyun) iştirak edib.
Xəlil bəy 1920-ci il aprelin 1-dən Azərbaycanın Osmanlı dövlətindəki səfiri təyin edilib.
1920-ci ildə rusların Azərbaycan Cümhuriyyətini işğalından sonra Xəlil bəy də mühacirət həyatı yaşamağa məcbur olub. Ermənilər Fətəli xan Xoylu ilə Həsən bəy Ağayevi qətlə yetirsələr də, Xəlil bəy yaralı şəkildə xilas ola bilib.
Xəlil bəy 1924-1927-ci illərdə İstanbulda Qafqaz Konfederatları Komitəsinin, 1927-1932-ci illərdə Azərbaycan Milli Mərkəzi katibliyinin, 1934-1939-cu illərdə “Qafqaz” qrupunun üzvü olub. Mühacirətdaxili qarşıdurmalar dövründə Xasməhəmməd ilə Rəsulzadənin yolları ayrılıb. Nəticədə Müsavatın 1936-cı ildəki Varşava konfransında Xəlil bəy partiyadan çıxarılıb.
1942-ci ildə Almaniyanın Xarici İşlər Nazirliyi xətti ilə Berlinə görüşə dəvət edilmiş tanınmış Qafqaz siyasi mühacirləri sırasında Xəlil bəy də olub.
Rəsulzadənin İstanbuldan Parisə Ceyhun Hacıbəyliyə göndərdiyi 1 fevral 1925-ci il tarixli məktubda da Xəlil bəyin mühacirət həyatı ilə bağlı maraqlı məlumat verilib: “Xəlil bəyə bələdiyyədə bir məmur vəzifəsi verilib. Ayda 70 lirəyə qədər bir gəliri var. Bunu Əhməd bəy (Ağaoğlu – D.Ə) düzəltmişdi. Onun heç olmasa həyat yoldaşı türkdür. Yazıları (“Yeni Kafkasya” jurnalındakı –D.Ə) onunla birlikdə bir təhər yoluna qoyur”.
Mühacirətdə Xəlil bəyə ağır itki də üz verib. Belə ki, 1931-ci ilin martında Xəlil bəyin Qalatasaray liseyinin məzunu olan 12 yaşlı oğlu Rauf bəy xəstəlikdən xilas olmayaraq vəfat edib.
Xəlil bəy 1945-ci il avqustun 11-də xərçəng xəstəliyindən İstanbulda vəfat edib, bir gün sonra dəfn edilib. Əhməd bəy Ağaoğlunun məzarının yanında dəfn edilib. Məzarın üzərində belə yazılıb: “Azerbaycan Milli Mücahidi Halil Has Mehmet Gürgören. 1870-1945”.
Ölümü ilə bağlı professor Əhməd Cəfəroğlu belə yazıb: “İsti bir bahar sabahı yatdığı Bolqar xəstəxanasında gözünü açan kimi bir-iki dostunu yanına çağırdı. Saatını bir əqrəbasına, evdəki kiçik şeyləri xanımına, yastığının altında saxladığı 5-10 qəpiyi də cənazə xərcləri üçün vəsiyyət edərək gözlərini yumdu. Budur, əlli illik Azərbaycan istiqlal mücahidinin son günü. Azərbaycan onunla necə iftixar etməsin?!”
***
Xəlil bəylə bağlı nekroloqu Türkiyənin “Tasvir” qəzetinin 12 avqust 1945-ci il tarixli sayında tapdıq. Xəbərdə Xəlil bəyin “dünən sabah” öldüyü qeyd olunub. Bu isə o deməkdir ki, Xəlil bəy 11 avqustda vəfat edib, 12 avqustda isə dəfn olunub. Həmin qəzetin 19 sentyabr tarixli nüsxəsində isə 20 sentyabrda 40 mərasiminin qeyd olunacağı bildirilib.
Qaynaq: