“Yol hərəkəti haqqında” qanunda dəyişiklik Dövlət Yol Polisinə nəqliyyat vasitəsini təqib və məcburi dayandırma tətbiq etmək səlahiyyətini təsbit edib.
Dəyişikliyə əsasən, Dövlət Yol Polisinin əməkdaşları nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücünün nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib edilə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edilə bilər.
Dəyişikliyi Teleqraf.com-a nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov şərh edib. Onun sözlərinə görə, bu, sırf texniki düzəlişdir: “Ölkəmizdə bütövlükdə polisin, o cümlədən DYP-nin fəaliyyətini tənzimləyən əsas normativ akt “Polis haqqında” Qanundur. 1999-cu ildən qüvvədə olan bu qanunun “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis əməkdaşının hüquqları” adlanan 20-ci maddəsi bütövlükdə DYP-nin səlahiyyətlərini müəyyən edir.
Polisin nəqliyyat vasitəsini idarə edən şəxsin və onunla birlikdə olan sərnişinlərin cinayət törətdiyi və ya törədilməsində şübhələnməsi haqqında dəqiq məlumatı olduqda, habelə nəqliyyat vasitəsinin idarə olunması ilə cinayət törədilməsinə real təhlükə yarandıqda nəqliyyat vasitəsini təqib etmək hüququ var.
Bu maddənin müəyyən etdiyi səlahiyyətlərin DYP-də icra olunmasının təfərrüatlarını isə DİN kollegiyasının qərarı ilə təsdiq olunmuş “Yol-patrul xidməti haqqında” Təlimat da təsbit edir. Sürücü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsini dayandırmaq barədə Yol Patrul Xidməti inspektorunun tələbinə tabe olmadıqda və onun saxlanılmasına başqa imkan olmadıqda məcburi dayandırma vasitələrindən (kirpi, stasionar postlarda yerdən çıxan avtomatik idarə olunan çəpər) istifadə olunmasına icazə verilir”.
Ekspertin sözlərinə görə, DYP-yə nəqliyyat vasitələrinin təqib edilməsi ilə bağlı yeni səlahiyyət verilməyib, yaxud mövcud səlahiyyətlər genişləndirilməyib: “Onu da qeyd edim ki, dayanma barədə göstərişə tabe olmayan nəqliyyat vasitəsini təqib etmə ilə bağlı məsələ əvvəl necə idisə, elə də qalır. Qanun belə nəqliyyat vasitəsini yalnız 2 halda təqib etməyə icazə verir: Nəqliyyat vasitəsini idarə edən şəxsin və onunla birlikdə olan sərnişinlərin cinayət törətdiyi və ya törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda; nəqliyyat vasitəsinin idarə olunması ilə cinayət törədilməsinə real təhlükə yarandıqda.
Digər hər hansı vəziyyət, o cümlədən sürücünün törətdiyi heç bir inzibati xəta (yəni adi qayda pozuntuları - svetoforun göstərişinə tabe olmama, sürət rejimini, ötmə qaydalarını pozma, qoşa xətti tapdalama və s.), hətta real qəzaya gətirəcək təhlükəli manevrlər edilmədiyi halda, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmə də təqib üçün əsas ola bilməz. Belə hallarda dayanma barədə göstəriş vermiş DYP əməkdaşı qanunvericiliyə uyğun raport tərtib etməli və onun əsasında tabe olmayan sürücünün inzibati məsuliyyətə cəlb edilməsi təmin olunmalıdır”.
Ərşad Hüseynov vurğulayır ki, İnzibati Xətalar Məcəlləsinin 151.3-cü maddəsinə əsasən, sürücü DYP əməkdaşının dayanma barədə göstərişinə riayət etmədikdə, 80 manat cərimə və 4 cərimə balının tətbiqi ilə nəticələnəcək.
Sevinc FƏDAİ