14 İyun 2019 12:09
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Həyatdan suallar” rubrikasının qonağı şair Hədiyyə Şəfaqətdir.

Onunla müsahibəni təqdim edirik.

- Özünüzdən sonra necə iz qoymaq istərdiniz? Belə desək, bir vaxt sizin olmayacağınız dünya üçün planınız nədir?

- Düzü, dünyanı elə indi də özümünkü hesab etmirəm, məncə, o heç kimin deyil. İz barədə danışırıqsa - mətn... Lakin mətni yaratmaq məsələnin çox kiçik tərəfidir. Dünyadan gedəndə bizim üçün hər şey bitəcək, sonrası qalanların işidir, onlar istəsələr izimizi qoruyacaqlar, istəsələr tamamilə yox edəcəklər. Mənim olmayacaq dünya üçün plan?.. Fikirləşirəm, belə bir planım varmı?.. Ağlıma yazmaqdan başqa heç nə gəlmir

- Yazmaq insanın özünü xilasetmə əməliyyatıdırmı və insan yazmaqla özünü xilas edə bilirmi? Məsələn, siz...

- Yazmaq müxtəlif vaxtlarda, müxtəlif müəlliflər üçün fərqli məna daşıyır. Mən sevgi deyirəm. Özünü xilasetmə həmişə sonrakı mərhələdir – biz özümüzü nədən və niyə xilas etmək məcburiyyətində qalmışıq? Buna niyə çalışırıq? Nə olub, nə baş verib? Baş verməsəydi nə olardı? Yəqin, özünü xilasetmə deyilən bir şey qalmazdı. Fikrimcə, yazmaq bizi yalnız biz özümüzü xilas edib yazmağa başlayanda xilasa kömək edir... Məsələn, mən bilmirəm, sadəcə belə gətirib

- İmtina etmək, yaxud davam etmək üçün uyğun zamanı görə bilirsinizmi? Yəni insan nə vaxt imtina etməli, ya da davam etməlidir?

- Mən nədən imtina etmişəm, nəyə davam etmişəm?.. Deyəsən, ən uyğun cavab həyatdır. Lakin uyğun zaman, uyğun məqam, uyğun şərait mənim mövzum deyil. Sualın ikinci tərəfinə gələndə, insanın istədiyini etmək və etməmək haqqı var, mən heç zaman bu haqqa qarışmıram.

- Hansı məsələdə özünüzün ən böyük düşmənisiniz?

- “Düşmən” sözünü söz saxlancımdan çoxdan çıxarmışam.

- Getməyinə icazə verdiyiniz hansı şeyləri hələ də tutub saxlayırsınız?

- Mən kiməm ki nəyəsə və kiməsə getməyə, ya da nəyəsə icazə verəm? Lakin “tutub saxlamaq” ən böyük aldanışdır, qalan qalır həyatımızda, qəlbimizdə, könlümüzdə, mətnimizdə… Bu bizim azadlığımızdır, bu həm də bizim gedəni yenidən yaratmaq azadlığımızdır. Gedən gedir - bu onun azadlığıdır. Getməklə qalmaq heç zaman mübahisə mövzusu deyil.

- Niyə gülümsəyən qadın daha güclü görünür, nəinki kişi?

- Bu məsələdə qadın-kişi fərqi yoxdur. Ümumiyyətlə, insan niyə güclü görünməlidir? “Güc” sözü məndə “hücum”, “ağır”, “yük” təsiri yaradır. Çox güman məsələ düşüncədədir. Gülümsəyən insanın güclü hesab olunması fikri zədələrdən gəlir. Yoxsa gülümsəmək özü-özlüyündə dua kimi, suyun axması, küləyin əsməsi kimi bir şeydir. Amma deyəsən, kişilər daha həqiqi gülümsəyir.

- Amma yazarlar daha çox qadınlardan yazır…

- Çox güman, “yarı” həmişə maraqlıdır. Bu çox təbii ehtiyacdır. Yazıçıların arasında isə kişilər üstünlük təşkil edir.

- Bir şeirinizdə bu ifadə diqqətimi çəkdi: “Çəkilib çöllərinə Tanrı baxır…” Burda da Tanrının yalqız olmasından danışırsız. Niyə Tanrının yalqız olduğunu düşünürsünüz?

- Çöl… Çöl nədir - ömründə kəndindən kənara çıxmayan adam buna “qaraso”, “cəngir” cavabını verə bilər. Monqolustan çöllərinin sakini bu suala tamam başqa cavab verəcək. Bir də bunu Tanrıdan xəbər alaq… Tanrının çölü hardadır, ya da axı, hara Tanrının çölü deyil? Dolaşıq məsələdir, eləmi düşünürsünüz? Əslində hər şey qaydasındadır, hətta izahı mümkün olmayacaq dərəcədə sadədir.

- Hamı tənhalığının insanlarla dolu olmasından şikayətlənir, siz isə “Mənim tənhalığım insanlarla dolu deyil” deyirsiniz. Bu necə bir tənhalıqdır? Maraqlıdır....

- Çox doğru qeyd etmisiniz, insanlar şikayətlənir, mən isə başqa cür deyirəm. Fikrimcə, insan bir az da ağac kimidir, ömrün payızına yaxınlaşdıqca yarpaq tökümü başlayır. İnsanlar bir-bir çıxıb gedirlər, ya da bir külək onları bizdən qoparıb aparır. Ağac yarpaqlarından şikayətlənərmi? Şikayətlənməz. Biz özümüz də kiminsə həyatında hansısa ağacda yarpağıq. Bir gün biz də qopub düşəcəyik, torpağa qarışacacağıq, yəni, sonra davam edəcəyik.

“Mənim tənhalığım insanlarla dolu deyil”, bunu söyləyə bilmək çox gözəldir, dinclik doludur, mənim tənhalığım mənim seçimimdir, insanların burda heç bir iştirakı və ya günahı yoxdur.

- Niyə hər insan öz içində qanadlı varlıq olmaq istəyini daşıyır?

- Ruhdan gəlir

- “Olmayanlara üzülməyəcəyəm, Sevgili... Yoxdan var etməyə başlayacam...” Sizin misralardır. Bu necə olur? Bu təsəlliyə oxşayır və bu təsəlli insanı xilas edə bilirmi?

- Bu, sadəcə söz verməkdir. Tanrı və sevgi qarşısında verilmiş sözdür. Bu söz vermə nə yenidir, nə köhnə – əbədidir. Mən sadəcə bu əbədi razılaşmaya qoşulmuşam. Heç bir təsəlli, yuxarıda dediyim kimi, heç bir xilasetmə... Tanrı, kainat, yaradıcı enerji, sevgili – adını nə qoyursunuz qoyun, məndən nigaran qalmamalıdır, mənim buna haqqım yoxdur.

Mən gəlmişəm və gedəcəyəm, sonra bir də gəlib, bir də gedəcəyəm. Ümid edirəm, bu dəfəki həyatımda olduğu kimi, başqa həyatlarımda da verdiyim bütün sözləri tutacağam

- İnsanın həyat yolunu qısaldan, belə desək, keçmiş xatirlərinə ilişdirib irəli getməyə qoymayan şey nədir?

- Bilmirəm. İnsanlarla bağlı nəsə söyləməyim ədalətsizlik olardı.

- Bəs niyə bu günün bədbəxtliyi sabah düşünəcəyimiz xatirədə qayğısızlığa çevrilir?

- Çox güman, psixoloqlar bu suala bir cür, beyin araşdırıcıları başqa cür, müdriklər tam başqa formada cavab verərdilər. Bu da bir daha cavabsızlıq deməkdir. Bədbəxtlik, xoşbəxtlik, qayğısızlıq - heç nə mütləq deyil. Bəlkə müəllif nəyə görəsə, heç özünə məlum olmayan səbəblərlə eyni şeyi müxtəlif cür adlandırır?..


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər