Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” proqramı üzrə “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsi çərçivəsində 10 iyun 2019-cu il tarixdə, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 3 №-li tam orta məktəbin iclas zalında tədbir keçirildi.
Tədbiri Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fuad Cəbrayılov qonaqları salamlayaraq açıq elan etdi. Bu tədbirin Dayanıqlı İnkişaf Məqsədlərinə söykənərək keçirildiyini bildirdi və sözü Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini xanım Sədaqət Qəhrəmanovaya verdi.
Sədaqət xanım çıxışında cəmiyyətdə qadınlarla kişilərin çiyin-çiyinə fəaliyyət göstərməklə daha çox səmərə və nailiyyət əldə ediləcəyini vurğuladı. Hətta son illərdə tədris ocaqlarında kişi müəllimlərinin sayca azlıq təşkil etməsinin təhsil alan uşaqların tərbiyəsində özünü büruzə verdiyini bildirən Komitə rəsmisi çıxışını “Qadınlarımız qadın olduqları üçün deyil, işləməyi bacardıqları üçün seçilməlidir, işləməlidir” fikriylə tamamladı.
Daha sonra Saray bələdiyyəsinin sədri xanım Təranə İsmayılzadə çıxış edərək, təmsil etdiyi qurumun gördüyü işlər haqqında məlumat verdi. Bir çox sosial layihələr həyata keçirməklə, xüsusi istedadlı gənc və məktəbliləri üzə çıxartdıqlarını qeyd edən bələdiyyə sədri, məqsədin nəinki gənc xanımlar, ümumiyyətlə bütün gənclərə dəstək verərək irəli çəkmək olduğunu dedi.
Təranə xanım bələdiyyə büdcəsinin artmasına, onların fəaliyyətinin səmərəliliyinin yüksəlməsinə, həm də seçicilərin sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək “İnvestisiya cəlb edilməsinin təşkili” və “Gender bərabərliyi” komissiyalarının yaradılması təklifini irəli surdu. Təranə xanım çıxışının sonunda üzünü xanımlara tutaraq: “Siz də peşəkarlığınızı artırmaq üçün öz üzərinizdə çalışın, bilik və bacarıqlarınızı daim inkişaf etdirin” deyə müraciət etdi.
“Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri və “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsinin koordinatoru xanım Lyudmila Xəlilova geniş təqdimatla çıxış etdi və bu layihənin dekabrda keçiriləcək bələdiyyə seçkilərinə yeni nəfəs gətirəcəyini vurğuladı. Bələdiyyə İnstitutları, bələdiyyə seçkisi qanunvericiliyi və bu sahədə beynəlxalq təcrübə haqqında məlumatlar verərək, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üçün Avropa təcrübəsindən istifadə olunmasını təklif etdi. Yerli özünü idarəetmə orqanlarında və qərar qəbuletmədə qadın təmsilçiliyi ilə bağlı statistik məlumatları da iştirakçıların diqqətinə çatdıran Lyudmila xanım “Arzum budur bələdiyyələrə peşəkar, dövlətimizin inkişafı və seçicilərin problemlərinin həllinə töhvə verəcək qadınlar gəlsin” deyərək çıxışını sonlandırdı.
Tədbirdə həmçinin AMEA-nın şöbə müdiri, professor xanım Rəna Mirzəzadə çıxış etdi. O, layihənin məqsədlərindən danışdı. Bələdiyyələrin şəbəkəsinin yaradılması, gördükləri işlər və əldə edilən nəticələr haqqında sosial şəbəkələrdə məlumat paylaşımları etmək təklifini irəli sürən Rəna xanım, bələdiyyələr gördükləri işlərlə rəqabət aparmalı və öz reklamlarını fəaliyyətəri ilə etməli olduğu fikrini qeyd etdi. Həmçinin bələdiyyə sədrlərinə tədbir haqqında öz ərazilərində insanları məlumatlandırmağı və bu layihədə aktiv iştirak etmələri üçün təbliğat aparmalarını tövsiyə etdi. Sonda Saray qəsəbəsi 3 saylı məktəbin direktoru xanım Teyyubə Hüseynovanın aktiv iş fəaliyyətini vurğulayaraq ona bu günkü tədbir üçün yaratdığı şəraitə görə təşəkkürünü bildirdi.
Tədbirdə Abşeron rayon YAP Gənclər Təşkilatının sədri Teymur Mirzəyev də öz fikirlərini bölüşərək, bu layihənin gənclərin gələcək fəaliyyətləri istiqamətində önəmli yer tutacağını bildirdi və hər kəsi gənclərə dəstək olmağa çağırdı.
Tədbirin sonunda, proqrama uyğun olaraq bələdiyyə seçkilərində və idarəçiliyində qadın iştirakçılığını gücləndirən tədbirləri və təklifləri müəyyənləşdirmək məqsədi ilə sorğu keçirildi, Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulan 17 qanunun təbliği məqsədiylə flaşmob təşkil edildi və iştirakçılarla birgə xatirə fotosu çəkdirildi.