18 İyun 2019 15:52
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 18-də saat 15.30-da Bakı şəhəri Xəzər rayonu Mərdəkan Mədəniyyət sarayında “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, tədbirdə regional mədəniyyət idarələrinin əhatə etdiyi şəhər və rayonların xalq sənətkarlığını, mədəni irsini, incəsənətini əks etdirən sərgi təşkil ediləcək. Tədbir çərçivəsində yaradıcılıq festivalda fəal iştirak edən regional mədəniyyət idarələri, sənətkarlar, musiqi kollektivləri, incəsənət ustaları, habelə festivalın təşkilinə yüksək dəstək göstərmiş rayon-şəhər icra hakimiyyətləri mükafatlandırılacaq. Bədii hissədə nazirliyin regional idarələrini təmsil edən və festivalda fərqlənmiş musiqi kollektivləri və incəsənət ustalarının çıxışlarından ibarət konsert proqramı təqdim olunacaq.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü, nazirliyin regional idarələrinin iştirakı ilə bu il ikincisi gerçəkləşən festivala martın 28-də Gəncə şəhərində start verilib. Nazirliyin 15 regional idarəsinin hər birini əhatə edən festival daha sonra 29 mart tarixində Ağstafa, 5 apreldə Ağdaş, 11 apreldə Saatlı, 12 apreldə Neftçala, aprelin 17-də Ağcabədi, aprelin 18-də Tərtər, 25 apreldə Xaçmaz, 26 apreldə Abşeronda (Xırdalan şəhəri) gerçəkləşib. Daha sonra festival tədbirlər 2 may tarixində Lerik, 3 mayda Masallı, 10 mayda Kürdəmir, 11 may tarixində Şəmkir, 16 mayda Şamaxı və 21 mayda Balakən rayonlarında keçirilib.

Festival çərçivəsində 80-ə yaxın musiqi kollektivi (folklor, rəqs, musiqi ansamblı, xor və s.), 50-dən çox incəsənət ustası müxtəlif janrlar üzrə (muğam, aşıq musiqisi, estrada, instrumental, vokal ifa və s.) çıxış edib, xalq sənətkarlıq nümunələri, rəssamların əl işlərinin sərgi-yarmarkaları təşkil olunub.

Xatırladaq ki, 2018-ci ilin yayında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən “Bölgələrdən bölgələrə” ilk yaradıcılıq festivalı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuşdu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər