18 İyun 2019 20:35
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət naziri cənab Əbülfəs Qarayev Amerika İrsinin Xaricdə Mühafizəsi üzrə Amerika Birləşmiş Ştatlarının Komissiyasının katibi Pol Pakerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu, kitabxana, muzey, abidələrin mühafizəsi, qarşılıqlı mədəniyyət tədbirlərinin keçirildiyi qeyd edildi.

Azərbaycanın müxtəlif millətlərin və dinlərin sülh içində birgəyaşama nümunəsi olduğunu qeyd edən Nazir Əbülfəs Qarayev ölkəmizdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verdi və ABŞ-ın bu tədbirdə ənənəvi olaraq yüksək səviyyədə iştirakına əminliyini bildirdi. Nazir həmçinin Azərbaycan Hökumətinin təşkilati dəstəyi ilə hər ilin may ayında ABŞ-da keçirilən Qafqaz Mədəniyyəti Festivalı və həmin ölkədə Azərbaycanın zəngin mədəni irsinin təqdimatına dair müxtəlif tədbirlərin keçirildiyini qeyd etdi.

Pol Paker rəhbərlik etdiyi Komissiyanın fəaliyyəti barədə məlumat verdi, Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduqlarını ifadə etdi.

Görüşdə iştirak edən STMEGI Fondunun Prezidenti German Zaxaryayev və Dağ Yahudiləri Muzeyinin icraçı direktoru İqor Şaulov tərəfindən Quba şəhərində dağ yahudilərinin yığcam yaşadığı Qırmızı Qəsəbədə Dağ Yahudiləri Muzeyinin artıq hazır olduğu barədə məlumat verildi. Nazir Əbülfəs Qarayev muzeyin yekun tərtibatına dair tövsiyyələr və açılışın təşkilinə dair tapşırıqlar verdi.

Görüşdə gələcəkdə həyata keçirilə biləcək layihələr müzakirə edildi, Əbülfəs Qarayev mövcud geniş potensialdan səmərəli istifadə edərək əlaqələrin daha da inkişafına inamını bildirdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər