Baş prokuror Zakir Qaralov Astara, Lerik və Yardımlı rayon sakinləri ilə görüşəcək.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il iyunun 28-də saat 10:00-da Astara rayon prokurorluğunun inzibati binasında Astara, Lerik və Yardımlı rayon sakinlərinin qəbulunu keçirəcək.
Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Astara rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.