19 İyun 2019 18:27
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bildiyiniz kimi dünən, iyunun 18-də ölkə başçısı cənab İlham Əliyev tərəfindən diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin əməkhaqlarının növbəti dəfə artırılmasına dair müvafiq sərəncam imzalanıb. Bu işlər hələ 2015-ci ildən başlanıb. 2015-ci ildən 2018-ci ilədək təhsil sahəsində böyük islahatların birinci mərhələsi həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, bunu Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırma mərasimindən sonra jurnalistlər üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazir daha sonra deyib:

“Qeyd etdiyim kimi bu, növbəti əməkhaqqı artımı idi. Təhsilin inkişafı üzrə dövlət stretagiyasına uyğun olaraq, ölkə başçısının müfaqi fərman və sərəncamlarının icrası istiqamətində görülən tədbirlər nəticəsində Azərbaycanda müəllim peşəsinin nüfuzu əhəmiyyətli dərəcədə artıb. Biz bunu 2018-ci ildə işə qəbul kampaniyasının nəticəsi olaraq görmüşdük. Belə ki, 51 min nəfər namizəd elektron qeydiyyatdan keçərək, mərkəzləşdirilmiş imtahanda iştirak edib.

Bu, son 3 ildə 300 faizdən çox artım idi. Eyni zamanda ötən ilin ali məktəblərə qəbul kampaniyasının nəticəsi olaraq 2090 nəfər 500 baldan 695 bala kimi nəticə göstərən məktəb məzunları ixtisas seçimində birinci müəllimlik peşəsini seçmişlər. Bu, müstəqillik tariximizdə ən yüksək nəticə idi. Dünən cənab prezident tərəfindən imzalan sərəncam hesab edirik ki, bu istiqamətdə işlərin daha da inkişaf etdirilməsini və əldə edilmiş bu vektorun davamlılığını birmənalı olaraq təmin edəcəkdir.

Eyni zamanda mən bir məqamı da qeyd etmək istərdim. Dünən imzalanmış çoxsaylı sərəncamlar arasında təhsil sektoruna aid iki sərəncam var idi. İlk peşə ixtisas təhsili sahəsində fəaliyyət göstərən müəllimlərin, eyni zamanda ilk peşə təhsilinin idarəetmə sahəsində çalışan idarəedicilərin, həmçinin, təlim ustalarının əməkhaqlarının 1 sentyabr 2019-cu il tarixdən məbləğinin artırılması barədə cənab prezident sərəncam imzalayıb. Ümumilikdə biz təhsil işçiləri olaraq böyük məmnunluq hissi ilə qeyd etmək istərdik ki, cənab prezidentin təhsil sahəsində müxtəlif istiqamətləri əhatə edən çoxsaylı sərəncam və fərmanları imzalanıb. Biz dünən imzalanmış iki sərəncamı qeyd etdik. Eyni zamanda bir faktı da xatırlatmaq istərdik. Ötən həftə cənab prezident təhsil sistemində infrastrukturun yaxşılaşdırılması ilə bağlı bir həftə ərzində 3 sərəncamı imzalanıb. Bunlardan biri Bakı şəhəri və ətraf qəsəbələrdə ümumtəhsil məktəblərinin yenidən qurulması və əsaslı təmir edilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə tapşırıq verilməsi və müvafiq vəsaitin ayrılması, digəri son illər ərzində geniş vüsət almış bir sıra yaşayış məntəqələrində qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəzlənməsi işinin davamı olaraq Təhsil Nazirliyinə müvafiq tapşırıqların verilməsi və maliyyə vəsaitlərinin ayrılması, üçüncü sərəncam isə qazlaşdırmaya ehtiyacı olan məktəblərin qazlaşdırma işinin davam etdirilməsinə dair yenə Təhsil Nazirliyinə müvafiq tapşırıqların verilməsi və maliyyə vəsaitinin ayrılmasına dair olan sərəncamlardır”.

Ceyhun Bayramov 20 faizlik artımın nə qədər müəllimə şamil olunacağı və maaşlarda özünü hansı məbləğdə göstərəcəyinə dair sualın cavabında deyib:

“Siz bilirsiniz ki, Azərbaycanda 150 min nəfərə yaxın müəllim diaqnostik qiymətləndirmədən keçib. Eyni zamanda nəzərə almaq lazımdır ki, əməkhaqlarının artırılmasına dair sərəncamlar diaqnostik qiymətləndirmədən keçən 150 min müəllimlə yanaşı ilk peşə ixtisas təhsili sahəsində çalışanları da əhatə edəcək. Ona görə də ümumilikdə hesab edirik ki, dünən imzalanan sərəncamlar təxminən 160 min nəfər təhsil işçisinə şamil ediləcək”.


Müəllif: Səxavət

Oxşar xəbərlər