19 İyun 2019 21:39
1 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

2013-cü ildə Bakıda türk tədqiqatçı Ömər Özcanın “Səlim Rəfiq Rəfioğlu. Soyu, mühiti, təhsili, müəllimliyi, yaradıcılığı” adlı kitab nəşr olunub. Bu kitab sayəsində azərbaycanlı alim Səlim Rəfiqin mühacirətdəki həyat yolu geniş şəkildə məlum olub.

Səlim Məşədi Əli oğlu Rəfiyev (Səlim Rəfiq Rəfioğlu) 1905-ci ildə Gəncədə doğulub. İlk və orta təhsilini Gəncə şəhərində alıb. 25 may 1927-ci ildə Gəncə Pedaqoji Texnikumunu bitirib. Səlim bəy Müsavat Partiyasının gizli təşkilatının yardımıyla əvvəlcə İrana gedib, orada əmisi həkim Musa Rəfiyevin yanında qalıb, daha sonra Türkiyəyə mühacirət edib.

1930-1931-ci dərs ilində İstanbul Universiteti ədəbiyyat fakültəsinə və Yüksək Müəllim Məktəbinə yazılıb. 9 sentyabr 1931-də Türkiyə vətəndaşlığını qazanıb. Ədəbiyyat fakültəsi ilə birlikdə yataqxanası olan Yüksək Müəllim Məktəbinə yazılıb, bu iki məktəbi 1934-cü ildə eyni zamanda bitirib, 7 oktyabr 1935-də Universitetdən 99 saylı diplom alıb. Səlim Rəfioğlu “Azərbaycan və Anadolu xalq hekayələrinin təhlili və müqayisəsi” adlı 120 səhifəlik dissertasiya işi yazıb. Məzunluq dissertasiyasını 1933-1934-də bölüm müəllimlərindən Raqıp Xülusi Özdəmin nəzarətində hazırlayıb.

Səlim Rəfiq bəy 01.07.1910-da Antalyada doğulmuş Ayşə Fəzilət xanımla 26 aprel 1938 tarixində ailə qurub. Bu evliliyindən Sarıkamışda 2 avqust 1939-da Azər Ərgün adlı tək övladı dünyaya gəlib. O, 17.09.2007 tarixində vəfat edib.

S.Rəfioğlu pedaqoji fəaliyyətə 29.09.1934 tarixində 25 lirə maaşla Antalya Liseyinə stajyor ədəbiyyat müəllimi təyin edilməklə başlayıb. Bir il sonra stajyorluqdan həqiqi müəllimliyə keçirilib.

25.09.1935 ilə 01.11.1935 arasında çox qısa müddətdə Malatya Liseyində, 27.09.1939-dan Bursa Liseyində, 01.09.1947-dən tarixində Bursa 2-ci orta məktəbində, 30.09.1949-dan Bursa 1-ci orta məktəbində təyinatla ədəbiyyat müəllimi işləyib. 04.10.1950-də o, İstanbul Kişi Liseyinə Türk dili müəllimliyinə keçirilərək Bursadan ayrılıb. Bu məktəbdə qısa müddət müəllimlik etdikdən sonra 28.02.1951-də İstanbul Sultan Əhməd Kişi Sənət İnstitutuna Türk dili müəllimliyinə təyin edilib. Bu vəzifədə etdiyi müraciətinə əsasən Milli Təhsil Nazirliyi Müdirlər Komissiyasının 8 avqust 1955 tarixli və 405.1/237 saylı qərarı ilə maaşı saxlanılmaqla bir illiyə Almaniyaya staj keçməyə göndərilib. Səlim Rəfioğlu son çalışdığı məktəbdə uzun illər müəllimlik etmiş və erkən sayıla biləcək yaşda 09.02.1962 tarixində təqaüdə çıxıb. Buna səbəb uzun illər yüksək təzyiqiylə bağlı ürək rahatsızlığı keçirməsi, müəllimlik peşəsinin gətirdiyi yorğunluq nəticəsində vəzifəsini davam etdirməkdə çətinlik çəkməsi olub.

S.Rəfioğlunun 3 kitabı çap olunub:

1. “Professor Dr. Çobanzadəyə cavab” (İstanbul, 1939)

2. “Professor Dr. Əhməd Cəfəroğlunun əsərlərindəki xətalar” (Bursa, 1941)

3. “Azərbaycan ədəbiyyatı. Seçilmiş misralar” (Bursa, 1941)

S.Rəfioğlu İstanbuldakı həyatının böyük bir qismini Laləli səmtində Şair Fitnat Sokağı № 24-dəki Dilək Apartmanının 6 saylı dairəsində keçirib. Daha sonra Şişli səmtinə köçüb, vəfatınadək burada yaşayıb.

Səlim bəy alim kimi 1968-ci ildə Azərbaycana gələ bilib. Bakıda Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində dönəmin alimləri Hamid Araslı və Abbas Zamanovla görüşüb. Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutuna o, bacısı Validə xanım Quluyeva ilə birgə gedib, İnstitutun direktoru, professor Mirzəağa Quluzadə, professorlar Kamal Talıbzadə, Qasım Qasımzadə ilə söhbətləşib.

S.Rəfioğlu İstanbulda 04.04.1980-də, yoldaşı Ayşə Fəzilət xanım isə 06.09.1994-də vəfat edib. Tək övladları olan Azər Ərgün İstanbul Texniki Universitetində inşaat mühəndisliyi ixtisası oxuyub, 22.03.1974-cü ildə antalyalı, 1952-də İstanbulda doğulmuş Səmra xanımla evlənib. Ailənin 1977-də İstanbulda doğulmuş, İstanbul Boğaziçi Universiteti Uluslararası İlişkilər Bölümündən məzun olan Pınar adlı tək övladı var.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər