20 İyun 2019 13:04
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsi hər il BMT tərəfindən qeyd olunan Dünya Qaçqınlar Günü ilə əlaqədar infoqram hazırlayıb.

Teleqraf.com xəbər verir ki, infoqramda bu gün dünyada münaqişələr səbəbindən acınacaqlı şəraitdə yaşayan milyonlarla qaçqın və məcburi köçkünün olduğu bildirilir. Qeyd olunur ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, hazırda dünyada öz evlərindən zorla didərgin düşmüş insanların 41,3 milyon nəfərini daxili məcburi köçkünlər, 25,9 milyon nəfərini isə qaçqınlar təşkil edir:

“Ermənistanın təcavüzkar və işğalçı siyasəti nəticəsində Azərbaycan adambaşına düşən məcburi köçkünlərin sayının ən çox olduğu ölkələrdən biridir. Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində bir milyondan çox azərbaycanlı məcburi köçkün və qaçqına çevrilib. Bu gün ölkədə 10 nəfərdən biri qaçqın və ya məcburi köçkündür.

Ermənistan tərəfindən işğal edilmiş ərazilərin iqtisadi, mədəni və demoqrafik xarakterinin dəyişdirilməsi, 1949-cu il Dördüncü Cenevrə Konvensiyasını və onun əlavə protokollarını kobud şəkildə pozaraq erməni əsilli qaçqınların Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi siyasəti Ermənistanın azərbaycanlı əhalinin öz evlərinə qayıtmasının qarşısını almaq və Azərbaycan torpaqlarını ilhaq etmək niyyətini nümayiş etdirir.

Beynəlxalq ictimaiyyətin, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, yalnız Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxması və məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə öz torpaqlarına geri qayıtmasının təmin olunması bölgədə dayanıqlı sülh, əmin-amanlıq və rifaha gətirəcək”.


Müəllif: Səxavət

Oxşar xəbərlər