“Pensiya sahəsində aparılan islahatlar 750 min insanı əhatə edəcək. Bu isə ümumi pensiyaçıların 60 faizi deməkdir, 40 faiz isə yaddan çıxmayıb. Orta əmək haqqı artımı proqnozumuz bu il 15 faizdir. Buna uyğun olaraq, yanvar ayının 1-dən indeksiya ilə bütün pensiyaçılarımızı pensiyaları əlavə olaraq 15 faiz artacaq. Bu, proqnozdur. Pessimist proqnozumuzla 12-13 faiz artım gözlənilir, orta proqnoz 15 faizdir. Bunun nəticəsində, gələn il yanvarın 1-dən bütün pensiyalar həmin proqnoza uyğun olaraq indeksasiya ediləcək. Qərar ümumi orta aylıq əmək haqqı artımı təsdiq olunandan sonra verilir. Lakin yanvarın 1-dən hesablanaraq ödənildiyinə görə, fevralın sonunda hər 2 ayın ödənişini birgə alırlar”.
Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
O qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə 1 ildən artıq müddətdə ölkədə silsilə sosial islahatlar həyata keçirilir: “Prezidentin siyasətinin ana xəttində Azərbaycan vətəndaşının rifahı durur və görülən bütün işlər məhz bu sahəyə istiqamətlənir. İlin əvvəlində sosial paketlərin birinci mərhələsi təsdiq olundu və birinci mərhələ çərçivəsində 3 milyondan çox vətəndaşımızın həyatına birbaşa təsir edən qərarlar qəbul edildi. Minimum əmək haqqı, minimum pensiya, sosial müavinətlər, təqaüdlər və başqa ödənişlər artırıldı. Dövlət başçısı bu artımları tətbiq edərkən növbəti islahatın anonsunu verdi. Artıq Prezident sosial islahatların ikinci paketini imzaladı. Bu paket çox əhatəlidir, geniş bir spektri əhatə edir. Burada minimum əmək haqqı təkrar 40 faiz artırılır. Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumundan ciddi şəkildə artırılaraq təsbit edildi. Azərbaycanda yaşayış minimumunun 250 manat təsbit edilməsi birbaşa onun göstəricisidir ki, Azərbaycan sosial dövlət istiqamətində əmin addımlarla irəliləyir. 1 milyon 350 min insanın əmək haqqının artması, heç də o demək deyil ki, onlar 250 manatdan aşağı əmək haqqı alırdılar. Minimum əmək haqqının 250 manat təsbit edilməsi ilə bağlı dövlət idarəetmə sistemində, eyni zamanda özəl şirkətlərdə də müəyyən maaş cədvəli, maaş pillələri olacaq. Alt pillə artdığı anda, yuxarı pillələr mərhələlərlə artmalı olur. Ona görə də, ümumilikdə 1 milyon 350 min insanın əhatə edilməsi muzdla işləyən insanların 80 faizinin bu islahat çərçivəsində əhatə olunması deməkdir”.