20 İyun 2019 08:44
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadın Problemlərinin Tədqiqatları Mərkəzi həyata keçirdiyi “Qadınlar arasında “Elektron hökumət”lə bağlı maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində Hacıqabul rayonunda məlumatlandırma sessiyası keçirib.

Tədbirdə Hacıqabul rayonundan olan 30 nəfər qadın iştirak edib.

Tədbirdə çıxış edən Hacıqabul rayon Təhsil Şöbəsinin nümayəndəsi Kifayət Əmirbəyova qeyd edib ki, elektron xidmətlər hazırda həyatımızın ayrılmaz hissəsinə çevrilib: “Hansı sahədə çalışmasından asılı olmayaraq hər kəsə elektron xidmətlərdən yararlanmaq imkanı yaradılıb. Buna görə də hər birimiz vaxtımıza qənaət etməyə imkan verən elektron xidmətlərdən istifadəni öyrənməliyik”.

Tədbirdə daha sonra çıxış edən “Qadın Problemlərinin Tədqiqatları Mərkəzi” İctimai Birliyinin sədri Sevil Allahverdiyeva respublikamızda elektron xidmətlərin əhatə dairəsinin hər il genişləndirildiyini qeyd edib: “Hazırda təkcə dövlət qurumları deyil, bir sıra özəl və ictimai xidmət göstərən qurumlar da xidmətlərini elektron təqdim edir. Bu gün əsas işlərdən biri həmin xidmətlərlə bağlı əhalini məlumatlandırmaqdır. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə hayata keçirdiyimiz bu layihənin də məqsədi elektron xidmətlərdən istifadə ilə bağlı məlumatlılığın artırılmasıdır”.

Tədbirdə məruzə ilə çıxış edən Xalid Kazımov hazırda “Elektron hökumət” portalı (e-gov.az) vasitəsi ilə əhaliyə 450 elektron xidmət göstərildiyini qeyd edib: “Elektron hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və elektron xidmətlərin göstərilməsinə şərait yaradır. Bürokratik və klassik dövlət anlayışlarının yerini almağa başlayan “Elektron hökumət” vasitəsi ilə hər bir vətəndaş dövlət təşkilatları və ictimai xidmət göstərən digər qurumlar tərəfindən təqdim edilən xidmətlərə asanlıqla çatmaq imkanlarına malikdir. Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır”.

Daha sonra məruzəçi ayrı-ayrı dövlət qurumlarının “Elektron hökumət portalı” və öz internet səhifələri vasitəsi ilə göstərdikləri elektron xidmətlər və onlardan istifadə ilə bağlı iştirakçılara ətraflı məlumat verib. “Elektron hökumət” portalında qeydiyyat proseduru və elektron xidmətlərdən istifadə qaydaları əyani şəkildə iştirakçılara göstərilib.

Daha sonra məruzəçi iştirakçılara e-qht.az saytı vasitəsilə göstərilən elektron xidmətlərlə bağlı məlumat verib: “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2019-cu ildən qrant müsabiqələrinə təqdim olunan layihələrə vətəndaşların da rəy bildirmək imkanı yaradıb. Bu proqram, ekspertlərlə yanaşı, ölkənin bütün vətəndaşlarına müsabiqəyə təqdim olunan QHT layihələrinin qiymətləndirməsində iştirak etmək imkanı yaradır. Hər bir vətəndaş, Şuranın e-qht.az elektron xidmətlər portalında yaradılmış “Vətəndaşların layihələri qiymətləndirməsi” bölməsində qeydiyyatdan keçib, Şuranın müəyyən etdiyi müsabiqə mövzularının istənilən birinə daxil olaraq layihələrlə tanış olub, rəy verib, qiymətləndirə bilər”.

Daha sonra http://vetendas.e-qht.az/ bölməsində qeydiyyat və layihələrə rəy yazmaq proseduru tədbir iştirakçılarına əyani olaraq göstərilib.

Sonda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər