24 İyun 2019 09:44
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Laçın rayonundan məcburi köçkün düşmüş bir qrup şəxs öz doğma yurd-yuvalarına qayıtmaq istəyini əks etdirən bəyanatla çıxış ediblər.

Teleqraf.com-un məlumatına görə, bəyanatda ermənilərin azərbaycanlılara qarşı məkrli siyasətinin tarixi xatırladılır, Laçının işğalı da bu kontekstdə qiymətləndirilir.

Daha sonra bəyanatda qeyd edilir: "İşğalçılar keçmiş DQMV-nin Ermənistana birləşdirilməsində ən böyük maneə hesab etdikləri Laçın rayonunu 1992-ci ilin may ayının 18-də zəbt etdilər. Bu işğal zamanı da onlar əllərinə keçən dinc, əliyalın əhaliyə divan tutdular. 18 nəfəri uşaq olmaqla 264 nəfər öldürüldü, əksəriyyəti qoca və qadın olan 65 nəfər girov götürüldü, 103 nəfər əlil oldu.

Laçın rayonu bir şəhərdən (rayonun mərkəzi olan Laçın şəhərindən) və 126 kənddən ibarət idi. İşğal olunan dövrdə rayonun 60 mindən çox əhalisi var idi. Rayonun ümumi ərazisi 1835 kvadrat kilometrdir. İşğal nəticəsində Laçın rayonunun 60 mindən çox əhalisi Azərbaycan Respublikasının 62 rayon və şəhərinə səpələndi. Sonuncu siyahıyaalmaya görə, hazırda əslən Laçın rayonundan olan 73,3 min nəfər məcburi köçkün statusu ilə Azərbaycanın 58 rayon və şəhərində müvəqqəti sığnacaqlarda çətin, dözülməz şəraitdə yaşayır.

İşğalçı Ermənistan dövləti öz himayədarlarına arxalanaraq beynəlxalq təşkilatların ara-sıra səsləndirdikləri, işğal edilmiş ərazilərin azad olunmasına dair çağrışlara məhəl qoymur.

İstəyimiz çox sadədir: biz yurdumuza, ata-babalarımızın məzarlarını qoyub gəldiyimiz torpaqlara qayıtmaq istəyirik".

Laçınlılar beynəlxalq təşkilatlara, o cümlədən ATƏT-in Minsk qrupuna müraciətlə öz doğma yurdlarına qaytarılmalarını, bu prosesə qədər ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında, o cümlədən Laçında məskunlaşdırılmasına son qoyulmasını, bu günə qədər qanunsuz məskunlaşdırılmış şəxslərin həmin ərazilərdən köçürülməsini tələb edirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər