9 Sentyabr 2014 23:18
3 613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Psixoloq Vəfa Əkbər: “Oturaq həyat yaşayan insanlarda sinirlər pozulmuş olur”

İnternetin dünyamıza daxil olması ilə, demək olar ki, bütün aktiv fəliyyətimizi bir kənara qoyamağa məcbur qalaraq günün çox hissəsini də oturaq vəziyyətdə keçirməyə başladıq. Sosial şəbəkələrin dəb halını alması isə insanlar bütün aktiv əyləncələrlə yanaşı, hətta ünsiyyətdən belə uzaqlaşdılar. Statistik məlumatlar göstərir ki, bu gün insanlar stuldan, divandan, kreslodan və başqa oturmaq və ya uzanmaq üçün nəzərdə tutulan vasitələrdən çox həvəssiz ayrılırlar. Bir insan gün ərzində nahar edərkən, işləyərkən, televizora baxarkən, ümumilikdə 9 saata yaxın oturur.

Məsələnin dərinliyinə vardıqda hər kəs oturaq həyat tərzinin əleyhinə olduğunu asanlıqla söyləmək olar. Ancaq bu, sadəcə istəkdir. Çünki heç kim bu istəyini rellaşdırmağı ya bacarmır, ya da bunu həyata keçirmək marağında olmur.

“Adət etmişəm”

Gününün çoxunu oturaq şəkildə keçirən “525-ci qəzet”in baş redoktoru Reşad Məcid bu həyat tərzini dəyişmək istəsə də, bunun üçün stabil vaxt ayıra bilmir: “Oturaq həyat tərzinə biraz adət etmişəm. Amma bilirəm ki, hərəkətdə olan insan heyatda həm aktiv, həm də daha uğurlu olur. Gəzməyin üstünlüyü çoxdur, xüsusən xaricə gedəndə çox gəzirəm. Xaricdə olan zaman şəhərdə piyada dolaşmağa üstünlük verirəm ki, oturaq heyat tərzindən bir qədər uzaq olum. Bakıda isə axşamlar həvəsim olanda dəniz kənarında dostumlarımla gəzirəm”.

“Salam News” saytının əməkdaşı Rövşən Ziya isə deyir ki, onun da iş rejimi oturaq həyatla bağlıdır: “Saatlarla kompüter arxasında otururam və günün sonunda bu həyatdan qurtulmaq mənə çətin gəlir. Ancaq bir çox vaxtlarda keçirilən tədbirlərlə əlaqədar olaraq, ofisdən çıxmalı oluram. Çünki, jurnalist fəaliyyətimin mahiyyəti bunu tələb edir. Bu tədbirlər olmayanda da, ofis daxilində çalışıram ki, hərəkət edim. Oturaq həyat tərzi insanı aktivlikdən uzaq salır. İşdən sonra çox yorğun olmağıma baxmayaraq, hər gün axşam mütləq piyada gəzirəm”.

İki saatdan bir 15 dəqiqə

Psixoloq Vəfa Əkbər bildirdi ki, oturaq işlə məşğul olan insanlar daim hərəkətli adamlardan daha aqressiv olur: “Bu insanlar öz-özlərini daxildən yeyirlər. Buna öz mənliyinə qarşı aqresiya da demək olar. Bu, kənara təsir edən aqressiyadan daha qorxuludur. Buna əməl etməyənlərdə həzm sisteminin pozulması, bel və onurğa sütununda ağrıların olması, başağrı və əsəblərin gərilməsi baş verə bilər”.

Vəfa Əkbər hesab edir ki, hərəkətsizlik insanlarda psixoloji gərilmələrə, təfəkkür və təxəyyül zəifliyinə səbəb olur: “Daim oturaq həyat yaşayan adamlarda sinirlər pozulmuş olur, tez özlərindən çıxırlar, bu cür insanlarda autoaqressiya müşahidə olunur. Oturaq iş rejimində olan insanlar gəzməyə meylli olmalı, imkan daxilində idmanla məşğul olmalıdırlar. Heç olmasa, belə həyat tərzi keçirən adamlar hər 2 saatdan bir 15 dəqiqə ofis daxilində gəzməlidirlər”.

“Bu, gümrah həyat vəd etmir”

Oturaq həyat yaşamağa məcbur olan adamlar qida rasionuna da diqqət yetirməlidirlər. Vəfa Əkbərin sözlərinə görə, axşamlar çox yemək sabahkı iş gününə gümrah həyat vəd etmir: “Axşamlar normadan artıq yeyəndə gecə insan narahat yatır, nəticədə daxili orqanlar lazımi müddətdə istirahət etmir. Dincəlməyən bədəndə isə sabah müəyyən ağrılar müşahidə oluna bilər. Bundan əvvəl beyinə yeməyin 20 dəqiqə gec çatdığını nəzərə alsaq, yeməkdən doymamış süfrədən durmaq lazımdır, xüsusilə axşam yeməyində”.

60-70 faiz

Dietoloq həkim Ləman Süleymanlının sözlərinə görə, oturaq həyatın səbəb olduğu piylənmə müasir cəmiyyətin problemlərindən biridir. Onun sözlərinə görə, bu, artıq epidemiya halını alıb: “Azərbaycanda piylənmədən, maddələr mübadilsənindən əziyyiyyət çəkənlərin sayı kifayət qədərdir: “Təəssüf ki, bizə müraiciət edən insanların 60-70 faizi oturaq iş rejimi ilə məşğul olanlardır. Oturaq həyat keçirən insanların çoxu ofis daxilində çalışanlardır. Onlar daha çox kafelərdən fastfood yeməkləri sifariş edirlər. Lazımsız zəhərli yeməkdən dadırlar və hərəkət etmədikləri üçün bu da qarın, bel ətrafı nahiyyələrdə piy toxumalarının həddən artıq yığılmasına səbəb olur”.

Geni dəyişdirilmiş ərzaqlar

Dietoloq hesab edir ki, satılan qidaların 70 faizi mənşəyi bilinməyən ətlərdən hazırlanan, geni dəyişdirilmiş ərzaqlardır:

“Mən bəzi küçə yeməklərini “tərbiyəsiz yeməklər” adlandırıram. Bu yeməklər orqanizmi birbaşa zəhərləyir. Çox təssüflər olsun ki, bu cür yeməkdən istifadə edənlərin çoxu gənclərdir. Digər tərəfdən analar bildiyi halda 2-3 yaşındakı uşaqlarının qidalanmasına genidəyişdirilmiş yeməklərdən istifadə edirlər. Bizə müraciət edən 16 yaşında uşaqlar olur ki, yaşlarından çox böyük görsənirlər. Hətta bir dəfə 14 yaşında xəstə gətirmişdilər onun 160 kiloqram çəkisi vardı, mənim gözlərim dolmuşdun. Valideynlər niyə gözləyirlər ki, uşaqlarının xəstəliyi artsın və həkimə aparsınlar? Halbuki uşaqların anadan olan vaxtdan qidasına diqqət edilməlidir”.

Xərçəng xəstəliyinin riski azalır

Həkim hesab edir ki, həftənin beş günü insanlar oturaq şəkildə çalışırsa, heç olmasa qalan iki günü idmana sərf etməlidirlər: “Yemək yedikdən sonra mütləq hərəkət etmək lazımdır. Oturaq həyat tərzi keçirən insanlar üçün ən yaxşı idman piyada gəzməkdir. İdman dedikdə yalnız piyada gəzinti məsləhət görülür. Hər bir insanın axşam saat 9-dan 11-ə kimi piyada gəzintiyə çıxması vacibdir. Ofis daxilində də az da olsa, gəzmək mümkündür. İdmanla məşğul olan insanlarda, hətta xərçəng xəstəliyinin qarşısı alınır. Hərəkətsiz insanlarda hərəkət edəndə bu şiş hüceyrələrini ac qalır. Arıqlamaq məqsədi ilə yox, sağlamlıq məqsədi ilə idman etmək lazımdır. Rasionumuzda ən çox sulu yeməklər istifadə olunmalıdır. Quru, yağlı yeməkləri rasionumuzdan çıxartmalı, yemək yeyərkən isə qəti şəkildə yeməyin yanında hər hansı şirə, qazlı içki içilməməlidir. Çünki bu, sonra daha artıq piylənməyə gətirib çıxarır”.

Məlumat üçün bildirək ki, Təhsil Nazirliyi hazırda “Sağlam təhsil, sağlam millət” layihəsini davam etdirir. Məqsəd şagirdlərin hərəkətliliyini təmin etməkdir. Çünki, inkişaf etmiş ölkələrdə tədris prosesi təsadüfi hallarda sinif şəraitində aparılır. Təbiət fənnləri təbiət qoynunda, istehsalatla əlaqəli fənnlər itehsalat sahəsində, məktəb həyətində tədris olunur. Yəni mövzu nəyi tələb edirsə, o mövzuya uyğun məkan da seçmək mümkündür”.

İlhamə Əbülfət

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müracət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər