25 İyun 2019 12:30
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şirməmməd Hüseynov çox arzulayırdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini görsün. Təbii ki, arzusuna çatdı".

Teleqraf.com xəbər verir ki, bunu Bakı Dövlət Universitetin (BDU) rektoru Elçin Babayev mərhum Şirməmməd Hüseynovla keçirilən vida mərasimində deyib.

Rektor Şirməmməd Hüseynovun yüzlərlə jurnalist yetişdirdiyini deyib: "O, gənclərə xüsusi diqqət yetirirdi. Onun xarakterində xüsusi inadkarlıq var idi. Universitetdə hər zaman dövlətin, millətin, xalqın böyüklüyünü təbliğ edirdi.

Tənqidi jurnalistikada, obyektivliyin davamlılığında, inkişafında böyük əmək sərf etmişdi.

Dövlətimiz də onun əməyini hər zaman yüksək qiymətləndirib. Şirməmməd müəllim 2005-ci ildən Prezident Təqaüdçüsü idi. 2014-cü ildə isə "Şöhrət" ordeninə layiq görülmüşdü".

***

12:14

"Şirməmməd Hüseynov ölüm gününə qədər ziyalı borcunu yerinə yetirməyi özünə vəzifə hesab edən şəxsiyyət idi".

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa vida mərasimində deyib.

Onun sözlərinə görə, bu cür insanlar Azərbaycan tarixinin nadir şəxsiyyətləridir: "Onun qoyduğu irs, yaşam tərzi, pedaqoji üslubu, vicdan və obyektivlik meyarları Azərbaycan cəmiyyətində etalona çevriləcək. Mən onu çox az sayda ziyalı ilə müqayisə edə bilərəm. Onlardan biri Xudu Məmmədovdur.

Şirməmməd Hüseynov Azərbaycan tarixindən gəlib keçmiş bütün obrazları, parametrləri ilə ideallara cavab verən kimlikdir. Onun irsi yaşayacaq. Onun ortaya qoyduğu şəxsiyyət etalonu Azərbaycanda uzun müddət nümunə kimi göstəriləcək".

Yazıçı Anar da mərhumu xoş sözlərlə yad edib: "Allah rəhmət eləsin. Şirməmməd Hüseynov bizim böyük alimimiz, jurnalistimiz idi. Mənim gənclik dostum idi. Çox acıyıram".

***

11:45

"Azərbaycan xalqına ağır itki üz verib, ictimai fikrimizin sonuncu mogikanlarından biri dünyasını dəyişib".

Teleqraf.com xəbər verir ki, bu sözləri xalq şairi Sabir Rüstəmxanlı görkəmli alim və mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovla vida mərasimində deyib.

Sabir Rüstəmxanlı bildirib ki, Şirməmməd Hüseynov həyat dolu insan idi, onun ölümlə üz-üzə gələcəyini təsəvvür etmək belə çətin idi: "O, bütün ömrünü Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına sərf etdi. Həyatını Azərbaycana fəda etmiş insanların bioqrafiyasının toplanmasına böyük əmək qoydu. O, qeyri-adi yaddaş sahibi idi.

Məhəmməd Əmin Rəsulzadə barədə, 30-cu illər repressiyası, AXC ilə bağlı çoxlarının unutduğu faktları ortaya qoymağı bacarırdı.

Mən tələbə olanda Şirməmməd müəllim dekan müavini idi. Bir gün bir dostuma görə Şirməmməd müəllimdən qiymət istədim. Dedi, qiymət yazmayacam, çünki savadsızdı. Və həmin tələbəni yadında saxladı. Dedi, bir gün o savadsız həm də biqeyrət olacaq. Bu söz mənim yaddaşımda kök saldı.

Şirməmməd Hüseynov bir alim kimi çox fəal idi. Rəsulzadə irsini araşdıran və toplayan tədqiqatçı kimi çox dəyərli idi. O, tələbələrinin, iş yoldaşlarının və onu sevənlərin yaddaşında əbədi qalacaq".

BDU-nun müəllimi Nəsir Əhmədli deyib ki, 1966-cı ildən bu günə qədər Şirməmməd müəllimlə birlikdə olub: "Həmişə onun qayğısını hiss etmişəm. 1956-cı ildə Səməd Vurğun rəhmətə gedəndə oğlu Vaqifə zəng ediblər ki, atan vəfat etdi. Telefonun dəstəyi onun əlindən yerə düşür. Sonra o bir şeir yazır: "Dünyanın ən ağır qanteli telefon dəstəyidir".

Dünən mən də eyni hisləri keçirdim. Xəbəri eşidəndə telefon əlimdən düşdü. Özümü pis hiss etdim. Çünki Şirməmməd müəllim mənim həyatımda çox böyük rola sahib insandır. Universitetə qəbul imtahanından tutmuş bu günə qədər mənim hamim, elm sahəsində, həyatda ağsaqqalım olub.

Allah rəhmət eləsin. Ailəsinə, doğmalarına səbr diləyirəm".


Müəllif: Zümrüd

Oxşar xəbərlər