26 İyun 2019 10:09
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xəzər dənizi qapalı hövzə olduğundan periodik olaraq səviyyə dəyişmələri baş verir".

Teleqraf.com-un xəbərinə görə, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dəniz səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur: “Xəzərin su balansının əsasını təşkil edən çayların hövzələrində baş verən iqlim tərəddüdləri, yəni azalıb - çoxalma, dəniz səthindən buxarlanma və s. faktorlar dənizdə səviyyənin artıb-azalmasına təsir göstərir. Ən sonuncu dəfə, ötən əsrin ikinci yarısında Xəzər dənizinin səviyyəsində müşahidə olunmuş səviyyə tərəddüdləri müvəqqəti xarakter daşıyıb. 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə qədər azalıb. Sonradan qısa dövr ərzində (1977-1995-ci illər) 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb. Keçirilmiş monitorinqlərin nəticələrinə və aparılmış təhlillərə ğörə, hazırda səviyyə 1 metrdən çox aşağı düşüb".

"Bu sahəni tədqiq edən alimlərin fikrincə, Xəzər dənizinin artıb-azalmasını uzunmüddətli proqnoz etmək mümkün deyil. Çünki adətən bu proqnozlar bir müddət keçdikdən sonra özünü doğrultmur. Tərəfimizdən bu məsələyə xüsusi diqqət yetirilir və alimlərlə, mütəxəssislərlə müzakirələr aparılır. Bu günlərdə AMEA-nın alimləri ilə bu mövzuda növbəti görüş keçiriləcək. Dəniz səviyyəsi üzərində Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə məntəqələrində müşahidələr aparılır və dənizdə fəaliyyət göstərən qurumlara, xüsusilə neft-qaz əməliyyatları şirkətlərinə, dəniz nəqliyyatçılarına, limanlara dənizin səviyyəsi barədə erkən xəbərdarlıq edilir ki, fəaliyyətlərini duruma uyğun planlaşdıra bilsinlər. Hazırda isə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ətraf mühit, insan sağlamlığı və təsərrüfat sahələri üçün təhlükəli hesab olunmur", - deyə, şöbə müdiri qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər