28 İyun 2019 09:01
1 607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Bakı Dövlət Universitetinin “Ərəb filologiyası” kafedrasının professoru, filologiya elmləri doktoru Aida Qasımova ilə müsahibəni təqdim edir.

- Aida xanım, bu yaxınlarda Tokioda "Məmlük sultanları, Hürufilər və Hürufi şair Nəsimi: ərəb mənbələrindən görsənən portretlər" mövzusunda məruzə ilə çıxış etdiyinizi sosial şəbəkələrdə qeyd etmişdiniz. Əvvəlcə konfrans barədə məlumat verməyinizi xahiş edirik.

- Bu konfrans barədə elan 5-6 ay bundan əvvəl internetdə çıxdı. Məmlük tədqiqatları ilə bağlı Çikaqo Universitetində institut var, bu, həmin institutun keçdiyi 6-cı konfrans idi. Konfransda iştirak üçün konkret olaraq məmlük sultanları, din xadimləri və övliyalar mövzusu qoyulmuşdu. Tokiodakı konfransa qədər universitetin özündə, müxtəlif ölkələrdə məmlük tədqiqatları ilə bağlı tədbirlər keçirilib.

Məmlüklər Misirdə uzun müddət hakimiyyətdə olub. Əvvəl qıpçaq türkləri, sonra məmlük sultanları kimi çərkəzlər onları əvəz edib. Bu konfransa xülasə göndərdim və göndərdiyim xülasə qəbul olundu. Qeydiyyat vaxtı gələndə Bakı Dövlət Universitetində rektor dəyişikliyi və sair baş verdi, qarışıq vaxta düşdü. Düzü, dərs yüküm də həddən artıq ağırdır, həm də bu il kitabımı da tamamlamışdım, bir az dincəlmək istəyirdim. Gördüm ki, qeydiyyat üçün qoyulan vaxta qədər universitetdən icazə almağı çatdıra bilməyəcəyəm. Məktub yazdım ki, məni üzrlü hesab edin, konfransda iştirakım alınmır.

Üstündən 10 gün keçdi, bu müddətdə görürdüm ki, academia.edu saytındakı səhifəmə Yaponiyadan baxış olub.

Qeyd edim ki, həmin saytda baxış sayına görə mən “top-dörd”dəyəm. Yaponiya Şərqşünaslıq Assosiasiyasının direktorundan məktub aldım, yazırdı ki, sizin xülasənizlə tanış olduq. İndiyə qədər məmlük tədqiqatları konkret Misir, Suriya ilə əlaqəli olub, amma birinci dəfədir sizin regionun məmlük tədqiqatları ilə əlaqəsini görürük, xahiş edirik, gəlib iştirak edəsiniz, bu, bizim konfransa xüsusi töhfə olacaq, xərclərinizi də özümüz ödəyirik.

Gələcəyim barədə “hə” cavabı verdim. Çox sağ olsun, rektorumuz müsbət qarşıladı, ezamiyyət məsələsi təcili surətdə həll olundu. 5 ay əvvəl xülasəni göndərəndə artıq lazımi materialları toplamağa başlamışdım. Asqalaninin, Sibt İbn əl-Əcəminin əsərini, Maqrizini, Şəranini tədqiq etmişdim, Səxavinin başqa bir əsərini də tapdım. Bu mövzu məni özünə çox cəlb elədi və təcili çıxışımı hazırladım.

Bir məsələni də qeyd edim ki, mən paneldə yox, açılış günü çıxış elədim. Məruzəm konfransın izdihamlı vaxtına təsadüf elədi. Mühazirə söyləyənlərdən nitqini 20 dəqiqəyə sığışdırmağı tələb edirdilər. Çıxışımı 30-35 dəqiqə nəzərdə tutmuşdum, gözləyirdim, bir işarə olacaq ki, yekunlaşdırım. 30 dəqiqədən də bir az artıq danışdım.

Əsas mövzum məmlüklər dövründəki iki inkvizisiya məhkəməsi ilə bağlı idi. Bunun biri akademik Ziya Bünyadov tərəfindən Azərbaycanın elmi gündəminə gətirilmiş Nəsiminin məhkəməsi məsələsidir, ikincisi Nəsimi tərəfdarlarının biri üzərində inkvizisiya məhkəməsidir ki, onu Azərbaycanın elmi gündəminə mən gətirmişəm.

Digər tərəfdən, mən Nəsimi məhkəməsi ilə bağlı başqa bir mətn də tapmışam. Çıxışım ona görə maraqlı oldu ki, Nəsiminin dərisinin nə üçün diri-diri soyulması ilə bağlı məsələni qaldırdım, dərinin İslamdakı metaforik və metafizik mənasına toxundum. Məmlük sultanları və ulama məsələsini, inkvizisiya məhkəmələrinin xüsusiyyətini digər dəri soyulma hallarını işıqlandırdım. Nəsiminin qətlində əli olan Hələb hakimi Yaşbəkin özünün dərisinin soyulması ilə bağlı məlumat verdim.

Onu da vurğulayım ki, bunu ilk dəfə elm aləmində gündəmə mən gətirmişəm. Orta əsr mənbələri arasında tapıb çıxardığım Nəsiminin qətlinin dərinin metafizik mənası ilə əlaqələndirilməsinə məsələlərə, demək olar Türkiyədə də toxunulmayıb. Məmlük sultanlarının din xadimlərinə, üləmaya münasibəti, bunların qarşılıqlı əlaqəsi, dörd əsas sünni məktəbi - şafii, hənəfi, maliki və hənbəli məktəbləri arasındakı münasibətləri həmin məhkəmələr kontekstində təqdim etdim.

Məmlük sultanları nə zaman dinə üstünlük verir, nə vaxt siyasətə daha çox meylli olur? Bu kimi məsələləri açdım. Konfrans müddətində mənə 2 sual ünvanlandı. Adətən, İslam dünyasında boynu vurulmaqla edamlar olur, nə üçün Nəsimi dəri ilə bağlı edama məhkum edildi? 18 il keçəndən sonra Nəsimi davamçıları necə oldu ki, yenidən inkvizisiya məhkəmələrinə cəlb olundular?

Cavab verdim, hər ikisini izah etdim. Konfransdan sonra yaxınlaşanlar oldu.

Çıxışımın uğuru mənim qabiliyyətimdən daha çox Nəsiminin şəxsiyyətinin cəlbediciliyindən irəli gəlir. Ona görə də insanlar çox böyük maraq göstərdi. Bu cür konfranslardan sonra alimlər bir-birini təbrik edib məruzəsini bəyəndiklərini deyirlər, fikir mübadilələri aparılır. Bir italyan qadın yaxınlaşıb dedi ki, bu çıxışı çox bəyəndim, çünki bu çıxışda şairə böyük məhəbbətinizi duydum. Nadir hallarda insanda elmi yanaşma daxili sevgi, məhəbbətlə, emosiya ilə vəhdətdə özünü göstərir.

Tokiodakı konfrans iştirak etdiyim ən möhtəşəm konfranslardan biri idi. Əvvəllər konfranslarda çıxış edəndə həyəcanlanırdım, birinci dəfə Londonda Qrinviç universitetində çıxışım zamanı ürəyimin döyüntüsü qulağıma gəlirdi. Getdikcə insan öyrənir. İndi çox sərbəstəm.

Tokiodakı Vaseda universitetində təşkil olunan konfransda Böyük Britaniyanın, ABŞ-ın bir çox universitetlərindən, İtaliya, İsrail, Misirdən gələnlər vardı. Bu səfərimdə yapon xalqının mehribanlığının, yüksək nəzakətinin şahidi oldum. Əhalinin böyük əksəriyyəti, xüsusilə yaşlı nəsil ingilis dilini bilmir, küçələrdə yazılar da ancaq yaponcadır. Orada bir adamdan ünvanı soruşanda sadəcə yolu göstərmir, qabağına düşüb səni həmin məkana aparır.

Yaponlar hədindən artıq qonaqpərvər, mədəni, öz vətənlərinə gələnə hədsiz hörmət edən xalqdır. Bu hörməti Vaseda universitetində də gördüm. Bir sözlə, həyatımın ən gözəl anlarından birini yaşadım.

- Daha hansı beynəlxalq konfranslarda olmusunuz?

- Yel universitetində “Azərbaycanın ərəbdilli ədəbiyyatı: Sufi ədəbiyyatına xüsusi istinadla” mövzusunda çıxışım olub. Oksford universitetində “Qədim ərəb cəmiyyətində zərdüştlüklə bağlı inanclar”, Kembric universitetində “Azərbaycanda ərəb əlyazmaları” mövzusunda çıxış eləmişəm. Belçikanın Lic universitetində skayp vasitəsilə çıxışım olub. İsmayıl əl-Cövhərinin “Sihah” lüğətinin ən qədim əlyazması Azərbaycandadır.

Bu konfransın mövzusu isə haşiyə yazıları ilə bağlı idi. Ərəblər bir kitab yazırlar, kənarlardakı boş yerlərdə çox vaxt qeydlər, şərhlər olur, bəzən bir əlyazmanın haşiyəsində başqa bir əlyazma əks olunur. Mən də “Sihah”dakı həmin haşiyə yazılarından bəhs etdim.

Müəllif Cövhəri olsa da, bu çıxışım da bizim mədəniyyətimizlə çox bağlı idi. Çünki haşiyə yazılarının əksəriyyəti görkəmli filoloq Xətib Təbriziyə məxsusdur. Türkiyədə, Rusiyada konfranslarda olmuşam. Beyrutdakı Amerika Universitetində də Nəsimi barədə çıxış etmişəm. Bu universitet “Qlobal ədəbiyyat nəzəriyyəsi” adlı konfransı Birminqham universiteti ilə birgə təşkil etmişdi.

Burada Nəsimi gözəlinin yanağının təsvirindən danışdım. Yanağın metaforaları kimi Quranın, Müshəfin, arxetipik kitab olaraq Lövhi-Məhfuzun istifadə olunmasından söz açdım. Bu çıxışdan sonra məni Birminqham universitetində Qlobal ədəbiyyat nəzəriyyəsi elmi tədqiqat qrupunun üzvü elədilər.

- Mütəmadi olaraq xarici ölkələrdə nəşr edilən nüfuzlu jurnallarda çap olunan azsaylı mütəxəssizlərdənsiniz. Əcnəbi auditoriyaya Azərbaycana dair hansı mövzular sirr olaraq qalır və ya onları nə kimi məsələlər maraqlandırır?

- 2010-cu ildən başlayaraq mütəmadi olaraq Qərb mətbuatında nəşr olunuram. Birinci nəşrim Oksford universitetində olub, qədim Ərəbistanda sabiilər adlı dini qrup barədə yazım nəşr edilib. İndi heç o yazımı o qədər də bəyənmirəm, amma “Cahiliyyət ərəblərinin əqli-mənəvi durumu” adlı kitabımı, bir də “Journal of Quranic Studies”də zülfün təsviri ilə bağlı Quran simvolizmi mövzusunda məqaləmin dərcini ən böyük uğurum sayıram. Doktorluq işimlə sıx bağlı olan mövzudur.

Klassik lirik şeirimiz iki istiqamətdə gedir: aşiqin eşqinin, məhəbbətinin tərənnümü və gözəlin təsviri. Təsvirdə ilk növbədə üz cizgiləri, saç, qaş, göz, yanaq, xal, zənəxdan və sair nəzərdə tutulur. “Quranic Studies” Veb of Science-də indeksləşən jurnaldır. Bundan sonra yazılarımı davam etdirdim. Elmi tədqiqatım həmişə iki istiqamətdə olub: cahiliyyət ərəbləri, İslamaqədərki ərəb cəmiyyəti, orada əqli-mənəvi, dini durum. İkincisi, klassik ədəbiyyatımızda gözəlin üz cizgilərinin vəsfi ilə bağlı Quran simvolizmi.

Azərbaycan ədəbiyyatı mövzusu ilə Qərb şərqşünaslığına çıxmaq çox çətindir. İranın özündə azəri üslubu qəbul olunur, belə əsərlər yazılır, amma fars alimləri şərqşünaslıq mərkəzlərini doldurduğundan Azərbaycanın nəinki təbliğ olunmasına imkan verirlər, Azərbaycanın adı keçəndə sanki özləri üçün təhlükə görürlər.

Etiraf edim ki, mənim hər bir uğurumun arxasında bəlkə də onlarla uğursuzluğum dayanıb. Yəni bir məqaləni nəşr edənədək nə qədər rədd cavabları, haqsız və ədalətsiz rəylər almışam. Hətta bu rəylərdən birində yazılmışdı ki, Şah İsmayıl Xətaini niyə azəri ədəbiyyatına daxil edirsiniz, heç onun türkcə, azərbaycanca şeirləri belə olmayıb. İndi gəl, sən bunu sübut elə. Məqalələr anonim rəyə göndərildiyi üçün sən özünü öldürüb desən də sənin sözünə əhəmiyyət verilmir.

Çətinliyə baxmayaraq, mənim mövzumun özünün cazibəsi güclüdür. Yəni sualınıza cavab kimi, bu mövzu Qərb oxucusuna maraqlı gələn mövzudur. Üz cizgilərinin təsviri ilə bağlı Quran simvolizmi mövzusunu Qərbdə hələ ki ancaq mən işləyirəm. Qərbdə sufizm və insan bədəni kimi mövzular geniş işlənir, bir neçə kitab da nəşr olunub. Hətta bu yaxınlarda “Sufizm və bədən” mövzusunda konfrans keçiriləcək.

Mövzumun cazibədar olması mənə sanki işıqlı yol açıb. Ən böyük uğurum “Klassik azəri-türk şeirində gözlərin vəsfi ilə bağlı Quran simvolizmi” məqaləmin nəşridir. O məqaləni Qlobal Faculty qrant proqramı çərçivəsində Dyuk universitetində 6 ay müddətinə hazırlamışdım. 55-60 səhifəlik böyük bir yazıdır.

O yazını çap etdirənə qədər bir sıra haqsız rədd cavabları aldım. “Middle Easterin Literatures” jurnalı konkret olaraq yazdı ki, böyük məqaləni başa vurana qədər vaxtımız getdi və s. Bu, həmin jurnalın rədd etdiyi üçüncü yazım idi. Amma hər üç yazını daha prestijli jurnallarda yerləşdirdim. Açıq demirdilər, amma sözlərindən belə aydın olurdu ki, türkdilli İran ədəbiyyatı, yaxud Osmanlı ədəbiyyatı yazmalısan, gündəmə gətirdiyin Azərbaycan ədəbiyyatı ifadəsi düzgün deyil.

Gözlərlə bağlı yazımda belə haqsız rədd cavabları ilə rastlaşacağımı bilirdim, bu səbəbdən, məqalənin əvvəlində V.Minorski, K.Bürrill, F.Köprülü, E.Gibb, A.Qallaqher və bir sıra başqa görkəmli ədəbiyyatşünasların tədqiqatlarına əsaslanaraq sübut elədim ki, Osmanlı ədəbiyyatı ilə yanaşı azəri-türk ədəbiyyatı ayrıca bir proses kimi qəbul olunmalıdır.

70 ildir ki, Qərb şərqşünaslığında bu ədəbiyyatımız unudulub, bu barədə sonuncu yazı keçən əsrin ortalarında yazılıb. Çox pərişan vəziyyətdə məqaləmi “Thomson Reuters” indeksli “Oriens” jurnalına göndərdim. Mənə yazdılar ki, sizin məqalənizi çox görkəmli bir alim bəyənib və nəşr edəcəyik.

“Qaşların təsviri ilə bağlı Quran simvolizmi” məqaləm ABŞ-da “İslamic İmages and İdeas” adlı bir topluda nəşr olunub. Bundan əvvəl “Hikmət” jurnalında üç sayda dalbadal həmin məqaləm Azərbaycan dilində getmişdi, təbii ki, Azərbaycanda buna əhəmiyyət verən olmadı. O məqalə ABŞ-da çıxan kimi qəribə bir qısqanclıq gördüm.

- Bəs digər proyektiniz? Onunla bağlı uğurlarınız olubmu?

- İslamaqədərki ərəb cəmiyyəti ilə bağlı ikinci layihəmin ən böyük uğuru bu oldu ki, “Qədim ərəb ədəbiyyatında tale modelləri və portretləri” məqaləm Çikaqo universitetinin “Near Eastern Studies” jurnalında çıxdı. Azərbaycanda elmi maraq doğurmayan “Cahiliyyət ərəblərinin əqli-mənəvi durumu” adlı kitabımın artıq dördüncü fəslini də xaricdə nəşr etdirirəm.

Qədim ərəb cəmiyyətində odla bağlı inanclar mövzusunda məqaləm bu il qəbul olunub, Veb of Science indeksli jurnalda çıxacaq. Bu yazı qismən Azərbaycanla bağlıdır. Burada Təbəri tarixindən belə bir məlumat əks olunub ki, qədim Yəmən hökmdarı Tuban Əsad hərbi yürüş keçirir, şimal ölkələrinə, İrana, Ənbara, İraqa gedir, sonra Azərbaycana gəlib çıxır və burada türkləri görür. Türklərlə savaşır onları məğlub edir, övladlarını götürüb Yəmənə aparır. Bu məlumatı həmin məqalədə vermişəm. Bu, konkret olaraq göstərir ki, bizim eranın 4-cü əsrində Azərbaycanda türklər yaşayıb.

Yazını “İranians studies” jurnalına göndərdim, səhəri günü “nəşr edə bilmərik” deyib qaytardılar. Amma başqa jurnal qəbul edib. Bizim Qərb şərqşünaslığına çıxış yolumuzda əngəllərimiz həddən artıq çoxdur. Çünki ermənilərin də güclü elmi dairələri var, Kaliforniyada, Miçiqanda “Armenian studies” proqramları var. O proqramda iştirak edən ermənilərin əksəriyyəti Yerevan dövlət universitetinin müəllimləridir, Qərbdə erməni mədəniyyətini təbliğ edirlər.

O biri tərəfdən fars alimlərinin qıcqanlıqlarının şahidi oluruq; yəni bunlar heç də asanlıqla başa gələn məsələlər deyil.

Məndə bir xasiyyət var, il başlayanda məqalələr, proyektlər və sair göndərəndə dəftərimdə smaylik səhifəsi yaradıram, smayliklərin şəklini çəkirəm, gözü, başı, qulağı çəkirəm, ağız qalır, əgər uduramsa ağzı yuxarı qalxan çəkirəm, gülümsəyən vəziyyət alınır, uduzanda ağız aşağı əyilir. Həmin səhifəyə baxan olsa, görər ki, orada onlarla smaylikin ağzı aşağı düşüb. O qədər rədd cavabı verirlər ki...

2016-cı ildə Kaliforniya dövlət Universitetinin Tsakopoulos-Hellen fondunun qrant proqramının qalibi oldum. Rədd edilən cavabların yanında smaylikimin dodaqları yuxarı qalxdı. Bu, sanki insana dünyanı verirlər. Qeyd edim ki, humanitar sahə üzrə ABŞ-da çox güclü təsisatlar, fondlar var, mən oraya Azərbaycanla bağlı proyektlər göndərirəm, amma bu proqramlarda 30-40 ərizədən biri keçir.

Adətən, mən ümumi elmi fəaliyyətimə görə A, Azərbaycan ədəbiyyatı ilə bağlı proyektimə görə B alıram. Yazırlar ki, burada İran mənbələrinə istinad olunmayıb və s. Hətta bir dəfə yazdılar ki, şovinist ruhlu proyektdir. Belə şeylər adama təəccüblü gəlir. Çünki mən şovinist deyiləm, qatı millətçi də deyiləm. Müasir dünyada xalqların, mədəniyyətlərin qovuşmasının tərəfdarı olan bir insanam. Bu çərçivədə də öz mədəniyyətimi təbliğ etmək istəyirəm.

- Veb of Scence indeksli jurnallar məqaləni pulla dərc edir?

- Qətiyyən belə deyil. Pulla dərc edilsəydi, mənim yox, məndən qat-qat varlı adamların yazısını dərc edərdilər. Bu jurnallarda məqalələr iki anonim rəyə göndərilir. Rəyin hər ikisi müsbət olsa, dərc olunur, biri müsbət, biri mənfi olsa, üçüncü rəy həlledicidir. İndi jurnal mafiyası var, amma pulla məqalə dərc edən jurnalların Veb of Science qurumuna dəxli yoxdur. Qərbin sağlam elmi dairələri heç vaxt təmiz adını, nüfuzunu pula satmaz.

- Nəsimi və hürufilik mövzusunda araşdırmalar az deyil, son tədqiqatınızda hansı yeni faktları üzə çıxarmısınız?

- Nəsimi və hürufilik mövzusunda son vaxtlar həqiqətən də çox yazılır. Mənim yeniliyim demək olar ki, ərəb mənbələrindəki tapıntılarla bağlıdır. Bunlardan biri hürufiliyin o dövrdə ərəb mənbələrində Nəsimilik adlanmasıdır.

Nəsiminin nüfuzu o qədər böyük olub ki, hətta onun özünün xüsusi bir istiqaməti olub, bu, Nəsimiyyə adlanıb.

İkinci məqam təkcə Nəsiminin özünün deyil, tərəfdarlarının hətta onun vəfatından 18-20 il sonra da təqiblərə məruz qalması, yəni onların üzərində qurulan inkvizisiya məhkəməsi, hürufiliklə bağlı olan kitablara qarşı terrorun həyata keçirilməsi, bu kitabların yandırılması ilə bağlıdır.

Əs-Səxavinin yeni bir əsərində və Şəhraninin əsərində rast gəldiyim maraqlı bir cəhət məhz Nəsiminin İbn Ərəbinin davamçısı kimi gündəmə gəlməsi, İbn Ərəbi irsinə, kitablarına olan repressiyanın, terrorun, kitabların məhv edilməsinin Nəsiminin əsərlərinə, hürufilik kitablarına qarşı da özünü göstərməsidir. Bəzən kitabı yandırmır, yuyurdular. O vaxtlar kağız qıtlığı olduğundan, kitablarda istifadə olunan mürəkkəblər yuyulurdu. Məsələn, İbn Ərəbinin, eləcə də hürufilərin kitablarında Quran ayələrindən həddindən artıq çox istifadə olunurdu. Bəzən yandırmayıb əvvəl yuyurdular ki, Quran ayələri yuyulsun, sonra yandırırdılar.

İbn Ərəbinin kitablarını hətta itin quyruğuna bağlayıb Qahirə küçələrində sürüyürdülər.

Mən dərinin hürufilikdə və İslamdakı metafizik mənasını araşdırdım. Həmin kəsb edilən dərin məna Nəsiminin qətli ilə əlaqədar ola bilərmi və ya ola bilməzmi, bu məsələləri gündəmə gətirdim. Bundan əlavə, Nəsimidən başqa daha kimlərin dərisi soyulub? Nəsimidən bir qədər sonra İsfahanda Hacı Sorx adlı bir hürufinin dərisinin soyulması, Nəsiminin qətlində əli olan Yaşbəkin dərisinin soyulması kimi məsələləri gündəmə gətirdim.

Nəsiminin qətli ilə bağlı əl-Baqai adlı bir ilahiyyat aliminin dediklərini üzə çıxardım. Ümidliyəm ki, hələ çox məsələlər üzə çıxacaq. Mən 10 mənbəyə baxmışam, amma o qədər əlyazmalar var ki, onlar hələ nəşr olunmayıb, internetə qoyulmayıb. Siz təsəvvür edin əlyazmalar zaman-zaman üzə çıxdıqca Nəsimi və hürufiliklə bağlı nə qədər yeniliklər olacaq. Yəni bunları zaman göstərəcək.

- Misir məmlüklərinə rəhbərlik edən şəxslərin Nəsimiyə və hürufilərə münasibətinin əsas motivi nə idi? Onlar niyə Nəsiminin dərisinin soyulmasında maraqlı idilər?

- Dəri soyulma bir əzab, işgəncə idi. Ümumiyyətlə, məmlüklərin dövründə işgəncəyə meyl olub. Təkcə məmlüklərdə deyil, orta əsrlərin rejimlərində işgəncə alətlərində istifadə edilib, məmlüklər də bunlardan kifayət qədər yararlanıblar. Onların başqa işgəncə növləri də olub. Məsələn, dəmir dəbilqələri insanların başına qoyub sonra o dəbilqələri əridirdilər.

Çox qəribədir ki, sevdiyim filmlərdən biri olan “Taxt-tac oyunları” serialındakı bəzi motivlər Şərq tarixində rast gəldiyim motivlərə oxşayır. Məsələn, dəri soyulması. Filmdə Ramsay Bolton adlı mənfi obraz var ki, insanların dərisini soyan, işgəncə verəndir. O deyir ki, lüt insan dərinin altından nə isə gizlədə bilir, amma dərisi soyulan adam heç nə gizlədə bilmir.

Düzdür, dəri soyulma Qərbdə də olub, amma yenə də bir balaca da olsa görürsən ki, Nəsiminin faciəsi ilə bağlana bilər. Sonra filmdə məmlüklərin başa dəbilqə taxıb o dəbilqəni başın üstündə əritməsinə oxşar motiv də var. Şimal şahzadəsinin başına qurdun başının taxılması da belədir; ərəb ədəbiyyatında Təğlib qəbiləsində Mühəlhil olub, onun da başını kəsib şirin bədəninə taxıblar. Bu, işgəncədir, bundan tiranlar həmişə istifadə ediblər. Məqsədləri də insanların gözünü qorxutmaq olub.

Dəri soyma tək məmlüklərdə olmayıb, onlardan əvvəl Fatimilər Misirdə hakimiyyətə idi, onlar şiə İsmayili ideologiyasını rəhbər tuturdular. Onların da repressiyaları sünnilərə qarşı olub. Məsələn, məmlüklər tutaq ki, ortodoks sünni məzhəbini təmsil edib şiələri, hürufiləri və başqalarını təqib edirdilərsə, onlardan əvvəl fatimilər şiə ideologiyasını əsas tuturdular. Onlar sünni alimi Nəbulisinin dərisini soymaqla qətlə yetirmişdilər. Hətta onun dərisini soymağı bir yəhudi qəssaba tapşırırlar. Qəssab da demişdi, ürəyinə çatanda yazığım gəldi və bıçağı ürəyinə sancdım ki, onu əzab çəkməkdən qurtarım.

Dəri soymaq insanların gözünü qorxutmaq üçün işgəncə metodu idi. Bir çox alimlər də haqlı olaraq deyirlər ki, Nəsiminin qətlində əsas siyasi səbəb olub. Amma onun “ənəl həqq” deməsi, Mənsur Həllacın yolu ilə getməsi, yəni vəhdəti-vücuda bağlılığı və sair məmlük sultanlarına əsas verib ki, üləmanın fitvası ilə Nəsimini qətlə yetirsinlər.

Dəfələrlə deyildiyi kimi görünür, Nəsimi Dülqadarlər, Osman Qarayölüklə əlaqəli olub, çünki onun cəsədini hissələrə ayrılıb və onlara göndərib. Yəni bu fakt da təbii ki, siyasi amilin güclü olmasını göstərir. Amma Osman Qarayölük məsələsi mənə şübhəli gəlir. Ola bilər ki, şairi şərləsinlər. Çünki Osman Qarayölük Teymurləngin tərəfdarı olub. Onun yürüşlərinə dəstək verən, bələdçilik edən bir adamla Nəsimi necə ittifaqa girə bilərdi? Axı, Teymurləngin oğlu Miranşah Fəzlullahın ölümünə səbəb olmuşdu. Yəni burada mübahisəli məsələlər çoxdur.

Suriyada, gördüyümüz kimi, Nəsimi təsiri güclü olub, Suriya və Misirdə hürufilik Nəsimiyyə kimi tanınıb. Nəsiminin özünün də ambisiyaları çox yüksək olub. Mən bir məlumata rast gəldim. Görkəmli Misir tarixçisi İbn Tağribirdi XV əsr tarixçisidir, o yazır ki, XV əsrin əvvəllərinə atam bir sufi-hürufi şeyxi ilə yaxınlaşmışdı, onunla dostlaşmışdı və birgə vaxt keçirməyi çox sevirdi. İbn Tağribirdi təəssüf ki, bu şeyxin adını qeyd etmir. Amma məlum məsələdir ki, insan burada Nəsimidən başqa heç kimi düşünə bilmir.

İbn Tağribirdinin atası məmlüklər dövrünün ən güclü hərbi sərkərdələrindən olub. Görürsünüz, Nəsimi necə insanlarla əlaqə qurub öz ideyalarını həyata keçirmək istəyirdi. Təbii ki, bu səbəbdən onun qətlində bir çox Nəsimişünasların dediyi kimi siyasi səbəblər çox güclü idi. Dediyim kimi yeni mənbələr açılacaq və bu mübahisələrə də yəqin ki, son qoyulacaq.

- Sizcə, niyə hürufilik sonrakı dövrdə təriqət olaraq tarix səhnəsindən sıradan çıxdı? Bəzi İslam təriqətləri bu gün də təsəvvüf əhlinin marağındadır, hürufilik haqda isə bunu demək olmur. Bunun səbəbi nədədir?

- Orta əsrlərin o mistik cərəyanlarının, təriqətlərin əksəriyyəti tarix səhnəsindən çıxıb və bu günümüzə çox az bir qismi gəlib çatıb. Dövrümüzə qədər gələn təriqətlər isə bəlkə də hürufilər qədər təqiblərə məruz qalmayıb.

Hürufilər həmişə hakim dairələrlə yaxınlığa can atıblar. Fəzlullahın Teymurləngin görüşünə getməsi, yəni onu öz tərəfinə çəkmək məqsədi, sonra oğlu ilə görüşməsi, eləcə də Nəsiminin bir çox hakimiyyətdə olanlarla yaxınlığı bunu göstərir ki, onlar hakim dairələrlə yaxınlığa can atıblar və o siyasi gücdən istifadə edib öz ideyalarını həyata keçirmək istəyiblər. Amma bu, heç də həmişə uğurlu alınmayıb.

Bilirik ki, bəzən sui-qəsd təşkil ediblər, məsələn, Şahruxa qarşı. Təqib olunduqlarından da Anadoluya, Suriyaya, Misirə qaçıblar. Anadoluda onlar Bəktaşilərlə birləşiblər və hürufiliyin böyük bir qolu bəktaşilik içərisində sanki əriyib gedib.

Günümüzə gəlincə, hər bir dövrün, necə deyərlər, öz xüsusiyyəti, tələbatı var. Yəni insanın allahlaşdırılması, Allahın insanlaşdırılması kimi ideyalarla, Mehdinin zühuru fikri ilə insanları cəlb etmək mümkün deyil. Elm, texnologiya inkişaf edib, müasir dəyərlər var. Orta əsrlərin adamları siyasi mübarizəni mütləq din pərdəsi adı altında aparmalı idilər. İnsanları ancaq dinlə cəlb edirdilər. Onlar imamlıq, övliyalıq, hətta peyğəmbərlik iddiası, Allahın məzhəri olmaqla insanları cəlb edə bilərdilər. Müasir dövrümüzdə bu mümkün deyil.


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər