29 İyun 2019 22:29
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadın Problemlərinin Tədqiqatları Mərkəzi həyata keçirdiyi “Qadınlar arasında “Elektron hökumət”lə bağlı maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində Salyan rayonunda məlumatlandırma sessiyası keçirib. Tədbirdə Salyan rayonundan olan 34 nəfər qadın iştirak edib.

Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən Salyan rayon İcra Hakimiyyətinin nümayəndəsi Nərmin Qədirova elektron xidmətlərdən istifadənin şəffaflıq və vaxta qənaət baxımından daha səmərəli olduğunu bildirib.

Tədbirdə çıxış edən “Qadın Problemlərinin Tədqiqatları Mərkəzi” İctimai Birliyinin sədri Sevil Allahverdiyeva layihə ilə bağlı iştirakçılara məlumat verib:

“Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edilir. Layihənin məqsədi ölkəmizin prioritet elan etdiyi elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə ictimai dəstək üçün regionlarda elektron xidmətlərdən istifadə ilə bağlı məlumatlılığın artırılmasıdır.

Tədbirin gedişində sizlərə respublikamızda ayrı-ayrı dövlət qurumlarının “Elektron hökumət portalı” və öz internet səhifələri vasitəsi ilə göstərdikləri elektron xidmətlər və onlardan istifadə qaydaları ilə bağlı məlumat veriləcək. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının göstərdiyi elektron xidmətlər və vətəndaşlar üçün yaradılan imkanlarla bağlı bilgi ala biləcəksiniz”.

Daha sonra tədbirdə məruzə ilə çıxış edən Xalid Kazımov bildirib ki, respublikamızda elektron xidmətlərin əhatə dairəsi hər il genişləndirilir: “Hazırda təkcə dövlət qurumları deyil, bir sıra özəl və ictimai xidmət göstərən qurumlar da xidmətlərini elektron təqdim edir. Bu gün geniş tətbiq olunan «elektron hökumət»in vətəndaş üçün bir sıra üstünlüyü var.

Yaradılan xidmətlər həm də vətəndaşlara problemlərini ayrı-ayrı təşkilatlara ayaq döymədən, kompüter arxasına keçməklə, yaxud da, elə mobil telefonla həll etməyə imkan verir. Dövlət qurumları və ictimai xidmətlər həyata keçirən təşkilatlar bu gün həm öz internet səhifələri, həm də “Elektron hökumət” portalı üzərindən əhaliyə elektron xidmətlər göstərir.

Artıq vətəndaş xidmət almaq üçün harasa getmir, xidmətlər vətəndaşların əlinin altına gəlir. Hazırda “Elektron hökumət” portalı e-gov.az vasitəsi 450 elektron xidmət göstərilir. Bu xidmətlərin çoxu əhalinin rahatlığına və daha səmərəli xidmət almasına hesablanıb”.
Sonra məruzəçi ayrı-ayrı dövlət qurumlarının “Elektron hökumət portalı” və öz internet səhifələri vasitəsi ilə göstərdikləri elektron xidmətlər və onlardan istifadə ilə bağlı iştirakçılara ətraflı məlumat verib.

“Elektron hökumət” portalında qeydiyyat proseduru və elektron xidmətlərdən istifadə qaydalarını əyani şəkildə iştirakçılara göstərilib.
Məruzəçi eyni zamanda my.gov.az portalı vasitəsi ilə göstərilən xidmətlərlə bağlı iştirakçıları məlumatlandırıb.
Daha sonra məruzəçi iştirakçılara e-qht.az saytı vasitəsilə göstərilən elektron xidmətlərlə bağlı məlumat verib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrant müsabiqələrinə təqdim olunan layihələrə vətəndaşların da rəy bildirmək imkanı yaradıldığı qeyd edilib. Bundan başqa http://vetendas.e-qht.az/ bölməsində qeydiyyat və layihələrə rəy yazmaq proseduru tədbir iştirakçılarına əyani olaraq göstərilib.

Sonda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb və ehtiyacı olanlara elektron xidmətlərdən istifadədə köməklik göstərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər