Dövlət İmtahan Mərkəzi bu gün növbəti imtahanlarını Bakı, Naxçıvan, Gəncə, Şəki, Zaqatala, Qax, Balakən, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil edəcək.
DİM-dən Teleqraf.com-a verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları; əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar; üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarının (IX sinif) ikinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları; orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahanı verən cari ilin məzunları; orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün imtahanlar keçiriləcək.
İmtahanlar bütün binalarda eyni vaxtda saat 11:00-da başlanır. Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə "Face Recognition" (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.