30 İyun 2019 22:13
1 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəli burada

“Dədə Qorqud” dastanının üçüncü əlyazmasının sahibi kitab kolleksiyaçısı Vəli Məhəmməd bugün Türkiyə mətbuatına verdiyi açıqlamasında bu nüsxəni necə əldə etdiyi barədə danışıb.

V.Məhəmməd türk və türkmən dilində olan kitablar topladığını bildirib: “Onları çoxaldıb tədqiqatçılara göndərirəm. Bir neçə kitab almaq üçün Tehrana getdim.

Ravi adlı bukinist dostum bir əlyazmadan bəhs etdi və “Vəli Məhəmməd, bu, sənə lazım olar” deyib göstərdi. Ravi türkcə bilmirdi, mən də türkcə olduğu üçün satın aldım. Əvvəlcə nə olduğunu anlamadım, sadəcə kolleksiyama türk dilində yeni əlyazma daxil oldu sandım.

Günbətdə əsəri bir neçə şəxsə göstərdim, kompüterdə elektron nüsxəsini yaradıb Tehrandakı xocalara bir neçə səhifə göndərdim. Ancaq onlar da nə olduğunu başa düşmədilər. Əsəri 2018-ci ilin dekabr ayında tapdım.

Tədqiqatçıların söylədiklərinə görə, 200-300 yaşı var. Şahruz Akatabay mənə bu kitabın “Dədə Qorqud” olduğunu və mühafizə edilməsinin vacibliyini söylədi”.

Vəli Məhəmməd bu əlyazmanın ona Dədə Qorqudun hədiyyəsi hesab edir:

“Əlyazmaları toplamağa başladığım zaman atam “Türk və türkmən ədəbiyyatında Dədə Qorqud qədər bir alim ortaya çıxmadı, çıxmayacaqdır” demişdi. Atamın bu söylədikləri hər zaman ağlımdaydı. Qismət oldu Qazaxıstana getdim. Orada Dədə Qorqudun məzarının Seyhun çayının sahilində olduğunu öyrəndim.

Məzarı ziyarət etdim, belə bir bilgənin baxımsız qəbrini görüncə oturub xeyli ağladım. Mətbuata danışıb diqqət çəkməyə çalışdım. Sonra təkrar getdim və oraların təmir edildiyini, yaxşı vəziyyətə gətirildiyini gördüm. Bugun bu əlyazmanı tapmağımı da Dədə Qorqudun bir hədiyyəsi kimi görürəm. Çünki mən onu ziyarət edib ruhuna dua oxumuşdum, qəbri ilə maraqlanmışdım”.

“Dədə Qorqud” dastanının önəmi haqqında V.Məhəmməd bunları bildirib:
“Dədə Qorqud ortaq tariximizin və ədəbiyyatımızın məhsuludur. Gələcəkdə qurulacaq birliyimizə də vəsilə ola bilər. Kitabı almaq üçün bir neçə nəfər yüksək məbləğ təklif etdi, amma heç birinə satmayacağam. İki əlyazma Avropadadır, heç olmasa biri türk torpaqlarında qalsın. Tapdığım kitabları alimlərlə, tədqiqatçılarla paylaşıram. Qazaxıstanın Tehrandakı səfiri hörmət göstərib ziyarətimə gəldi. Nüsxəni yaxından araşdırdılar. Türkmən Səhra xalqı, Azərbaycan türkləri və xüsusilə də, Türkiyədəki qardaşlarımız əlyazmanın tapılmasını böyük sevinclə qarşıladılar.

Qədim nüsxələri tapıb ortaya çıxarmağı mənə nəsihət edən atamdır. Atamın da vəsiyyətini yerinə yetirmiş oldum. Təbrizdə Azərbaycan türkü qardaşlarımıza da əlyazmanın nəşr edilməsinə icazə verəcəyəm. İran türklərinin də “Dədə Qorqud”a aşina olmasını istəyirəm”.

Vəli Məhəmməd müsahibəsində Əlişir Nəvai, Əhməd Yəsəvi və Məhəmməd Füzuliyə aid əlyazmlara da sahib olduğunu bildirib.

Qeyd edək ki, üçüncü əlyazma ətrafında mübahisələr davam edir. Buna səbəb Vəli Məhəmmədin nüsxəni bir neçə şəxsə e-mail vasitəsilə göndərməsi olub. Ankarada yaşayan Şahruz Akatabay bu əlyazmanın nəşri hüququnun ancaq onda olduğunu iddia edir və tezliklə çap edəcəyini bildirir. Amma artıq ortada iki professorun çap etdiyi kitab var. Professor Yusuf Azmunun kitabı “Kutlu”, professor Mətin Ekicinin kitabı isə “Ötükən” nəşriyyatından işıq üzü görüb.
Türkiyənin tanınmış türkoloqu Timur Kocaoğlu əlyazmanın nəşr hüququnun tək sahibi olduğunu iddia edən Şahruz Akatabayın doğru danışmadığını açıqlayıb. Onun sosial şəbəkədə yazdığı bilgiyə görə, Vəli Məhəmməd əlyazmanın elektron surətini əvvəlcə Arizonada yaşayan türkoloq dostu Yusuf Azmana göndərib. Yusuf Azman dosyanı endirə bilməyib və bu barədə Vəli Məhəmmədə məlumat verib. Sonuncu isə Ankarada yaşayan Şahruz Akatabaya göndərib və qovluğun Yusuf Azmana çatmasını xahiş edib. Şahruz Akatabay isə Yusuf Azmana bu əlyazmanı özünün araşdıracağını bildirib və qovluğu ona verməyib. Daha sonra Yusuf Azmanın oğlu atasına göndərilən maildəki dosyanı uyğun proqramla yükləyib və nəhayət ilk kitab ortaya çıxıb.

(Davamı var)


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər