İyulun 2-də mədəniyyət naziri Əbülfəs Qarayev UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Baş nazirinin müavini Aziz Abduhakimov ilə görüşdü.
Əbülfəs Qarayev qonağa ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, Azərbaycanın zəngin mədəni irsi haqqında məlumat verdi. Bildirdi ki, ölkə mədəniyyətinin inkişafı və dünyada təbliği istiqamətdə dövlət səviyyəsində fəal iş aparılır.
Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin uğurla fəaliyyət göstərdiyini diqqətə çatdıran nazir bu mərkəzin iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə verdiyini bildirdi.
Özbəkistan Respublikası Baş nazirinin müavini Aziz Abduhakimov Azərbaycana ilk dəfə səfər etdiyini dedi və ölkəmizdə gördüklərindən məmnun qaldığını ifadə etdi: “Azərbaycan bizim üçün qardaş ölkədir. İki ölkə arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq mühiti var. Biz bu əməkdaşlıq səviyyəsini daha da inkişaf etdirə bilərik. O, cümlədən qarşılıqlı olaraq mədəniyyət sahəsində, xüsusilə də teatr və musiqi kollektivlərinin səfərlərini təşkil edə bilərik”.
Qonaq Azərbaycanın dünyada mədəni irsin qorunması üçün göstərdiyi səyləri yüksək qiymətləndirdi.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.