Milli Məclis iyul ayında təcili növbədənkənar sessiyasının çağırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Parlamentin Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, son günlər bəzi KİV-də Milli Məclisin iyul ayında təcili növbədənkənar sessiyasının çağırılması ilə bağlı yanlış xəbər yayılıb.
Bildirilib ki, hər il yaz sessiyası bitdikdən sonra Milli Məclisin qanunverici işlər planında olan və qanunverici təşəbbüsü subyektləri tərəfindən təqdim edilən qanun layihələrinin müzakirəsi üçün yay aylarında növbədənkənar sessiya çağırılır. Həmin növbədənkənar sessiya maksimum iyul ayının 15-dək - Milli Məclisin tətilə çıxdığı müddətədək davam oluna bilər. Bu il də hər il olduğu kimi Milli Məclisin növbədənkənar sessiyası çağırılmışdır. Həmin sessiyanın iclaslarının gündəliyinə daxil olan qanun layihələri üç oxunuşdan keçməlidir.
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi iqtisadi, sosial və digər sahələrdəki islahatların qanunvericilik baxımından təmin edilməsi üçün Milli Məclisin növbədənkənar sessiyasında artıq üç iclas keçirilmişdir. Həmin məsələləri tamamlamaq üçün iyul ayındaki iclaslarda qanun layihələri ikinci və üçüncü oxunuşdan keçiriləcək. Növbədənkənar sessiyanın növbəti iclaslarının iyulun 9-da və 12-də keçirilməsi nəzərdə tutulur. Xüsusi ilə qeyd etmək lazımdır ki, nə Azərbaycan Respublikasının Konstitusiyasında, nə də ki, Milli Məclisin Daxili Nizamnaməsində “təcili” və yaxud “fövqəladə” sessiyaların keçirilməsi nəzərdə tutulmamışdır. Milli Məclis həmişə olduğu kimi normal iş qaydasında fəaliyyət göstərir. Milli Məclisin iyul ayının 15-dək keçiriləcək iclaslarında qeyri-adi bir şey axtarmağın heç bir əsası yoxdur.
Milli Məclisin Mətbuat xidməti bir daha bəzi Kütləvi İnformasiya Vasitələrinə müraciət edir ki, əsası olmayan, yoxlanılmamış məlumatlarla ictimaiyyəti yayındırmasınlar.