3 İyul 2019 23:21
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 3-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil etdiyi növbəti əyləncə və istirahət proqramında iştirak edib.

Heydər Əliyev Fondu uşaqları paytaxtın dənizkənarı istirahət məkanlarından birində - “Dalğa Beach” istirahət mərkəzində bir araya topladı. Fondun təşəbbüsü ilə təşkil olunan tədbirə xüsusi avtobuslarla gətirilən uşaqları nağıl qəhrəmanları qarşıladılar. Nizami rayonunun 1, Suraxanı rayonunun 2, Xətai rayonunun 3 saylı uşaq evlərinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin və 11 saylı inteqrasiya təlimli internat məktəbinin sakinləri bu məkanda yay mövsümünün ovqatını hiss etdilər, günəşli günlərin qayğısız anlarını yaşadılar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da övladı ilə birlikdə bu şənliyə qoşuldu.

Balacalara xas olan hədsiz səmimiyyət və sevinclə əylənən uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar müxtəlif oyunlarda, attraksionlarda iştirak etdilər, bu isti yay günündə hovuzda üzdülər, onlar üçün hazırlanmış müxtəlif əyləncə proqramları ilə maraqlı asudə vaxt keçirdilər, ətrafdakılarla sevinclərini bölüşdülər.

Heydər Əliyev Fondunun vitse-prezidenti uşaqlarla söhbət etdi, onlar üçün təşkil edilən bu şənliklə bağlı fikirləri ilə maraqlandı, hər biri ilə şəkil çəkdirdi. Uşaq evlərinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin və inteqrasiya təlimli internat məktəbinin sakinləri təəssüratlarını bölüşdülər, burada yeni dostlar qazandıqlarını söylədilər, iştirak etdikləri oyunlar, əyləndikləri attraksionlar barədə danışdılar. Bununla da xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinləri ilə görüşə növbəti hədiyyəsi ilə gəldi, onlara maraqlı və unudulmaz bir gün yaşatdı.

Fondun vitse-prezidenti Leyla Əliyeva uşaqlarla birgə rəqs etdi.

Hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim olundu. Şənlikdə 200-yə yaxın uşaq iştirak edirdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər