Günəş enerjisi ilə zəngin olan Azərbaycan odlar yurdu kimi tanınır. Müxtəlif iqlim qurşaqlarının mövcud olduğu məmləkətimiz təbii resurslarının müxtəlifliyi, ilboyu günəşli, işıqlı olması ilə seçilir. Təbii enerji mənbələrinin bolluğu ondan məişətdə və istehsalat sahələrində istifadə üçün geniş imkanlar yaradır.
Təsadüfi deyil ki, paytaxt Bakımız hələ Sovet dövründə dünyanın ən işıqlı şəhəri kimi tanınıb. “Bakının sayrışan ulduzları”, “İşıqlı Bakı gecələri” ifadələri Sovet Azərbaycanı filmlərində xüsusi vurğulanıb. Hazırda təkcə paytaxt Bakı deyil, respublikamızın ən ucqar guşələri belə elektrik enerjisi ilə təmin edilib. Bu gün ən vacib məqamlardan biri ölkədə enerji təhlükəsizliyini təmin etmək, köhnə stansiyaları, qurğuları yenilərilə əvəz etməkdir.
Strateji hədəflər
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ötən il başa çatdı.
Regionların inkişafı ilə bağlı strateji sənəd sayılan proqramda “Azərenerji” ASC ilə bağlı vəzifə və öhdəliklər nəzərdə tutulmuşdu.
Tədbirlər Planında ölkədə elektrik enerjisi hasilatının artırılması məqsədilə müvafiq işlərin həyata keçirilməsi, yüksək gərginlikli elektrik verilişi xətlərinin tikintisi və yenidən qurulması işləri, "Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi üzrə Milli Plan"ın (fəaliyyət planının) hazırlanması və həyata keçirilməsi, su obyektlərində və hidrotexniki qurğularda monitorinq sisteminin yaradılması “Azərenerji” ASC-nin qarşısında vəzifə kimi qoyulmuşdu.
Dövlət başçısının 6 dekabr 2016-cı il tarixli fərmanı ilə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə elektrik enerjisi sektorunun strateji və prioritet hədəfləri dəqiqləşdiriib, elektrik stansiyalarının səmərəliliyinin artırılması və mövcud potensialdan səmərəli istifadə olunması əsas tədbirlər kimi müəyyənləşdirilib. “Azərenerji” ASC-də həmin tədbirlərin icrası ilə bağlı üzərinə düşən vəzifə və öhdəlikləri vaxtında yerinə yetirmək üçün konkret fəaliyyət planı hazırlanıb və bu plan əsasında zəruri işlər aparılır. Strateji Yol Xəritəsinə uyğun olaraq, istismar müddəti başa çatmış və texniki göstəriciləri tələblərə tam cavab verməyən yarımstansiyaların, elektrik verilişi xətlərinin müəyyən edilməsi və onların yenidən qurulması, yeni rəqəmsal yarımstansiyaların inşa edilməsi üzrə layihələrin işlənib hazırlanması və həyata keçirilməsi istiqamətində məqsədyönlü işlər aparılır.
Səhmdar Cəmiyyətdə Strateji Yol Xəritəsinin Tədbirlər Planının “Elektrik enerjisinin itkilərinin azaldılması, elektrik enerjisinin verilməsinin və paylanmasının keyfiyyətinin yüksəldilməsi” bəndinin “Modernləşmə işləri üçün baş planın hazırlanması” yarımbəndi üzrə İcra Planı hazırlanıb.
Eyni zamanda, itkilərin azaldılması məqsədilə həmsərhəd ölkələrin enerji sistemləri ilə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti nəzərə alınaraq, bu işlərin də qeyd olunan tədbirlərin sırasına daxil edilməsi çox mühüm məsələlərdən hesab edilir. Bu baxımdan enerji sistemində elektrik enerjisi itkilərinin azaldılması, elektrik enerjisinin ötürülməsinin və paylanmasının keyfiyyətinin yüksəldilməsi üzrə müasirləşdirmə işləri üçün tərtib edilən plana təşkilati və texniki tədbirlərlə yanaşı, elektrik enerjisinin qeydiyyatının aparılması sisteminin təkmilləşdirilməsi də daxil edilib.
Hazırda “Azərenerji” ASC-də Strateji Yol Xəritəsinin Tədbirlər Planı çərçivəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu barədə daha ətraflı yazacağıq.
3 iyul hadisəsindən çıxarılan dərs
2018-ci il 3 iyul tarixində Mingəçevir İES-də baş verən qəza ölkəmizin enerji təhlükəsizliyinin aktuallığını gündəmə gətirdi. 2 gün ərzində elektrik enerjisi təminatında yaranan fasilələr, ölkəni qaranlığa qərq elədi, əhalinin tıxaclarda, metro tunellərində, dayanacaqlarda qalmasına, əlavə təşviş, həyəcan və narahatlıq keçirməsinə səbəb oldu. Qəza zamanı ölkənin 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yarandı. Hadisə mövsümi tələbatdan doğan yüklənmə ilə əlaqələndirildi.
Ölkə rəhbərinin qəzanın nəticələrinin aradan qaldırılması üçün verdiyi göstərişdən sonra Dövlət Komissiyası yaradıldı. Komissiya tərəfindən yerli və xarici ekspertlər, aidiyyəti dövlət orqanlarının və qurumlarının nümayəndələri də cəlb edilməklə, səbəblər ciddi araşdırıldı, mövcud çatışmazlıqlar və problemlər, habelə qəzanı doğuran hallar da əks olunmaqla, hərtərəfli və geniş rəy hazırlanaraq, Prezidentə təqdim edildi. Hazırlanmış rəydə qəzanın əsas səbəblərindən biri kimi "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən hadisəyə adekvat reaksiya verə bilməməsi, habelə nəticədə ölkənin enerji sistemində qəzaya gətirib çıxaran bir sıra digər nöqsanlara yol verdiyi qeyd olunurdu. Ölkə başçısı Dövlət Komissiyasının yekun rəyi ilə tanış olduqdan sonra kadr dəyişikliyindən tutmuş, qurumun maddi-texniki bazasının gücləndirilməsinə qədər islahatlar paketinin icrasına dair göstərişlər verdi.
“Azərbaycan” İstilik Elektrik Stansiyası istismar müddətini başa vurduğu üçün Ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə ən müasir səviyyədə yenidən qurularaq bərpa edilib. Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan və respublikada elektrik enerjisinə olan tələbatın 43%-ni təmin edən 8 bloklu “Azərbaycan” İstilik Elektrik Stansiyasında bütün parametrlər üzrə tikinti, yenidənqurma və bərpa işləri aparılıb.
“Azərenerji” ASC–dən verilən məlumata görə, 2018-ci il 3 iyul tarixində baş vermiş qəzanın təkrarlanmaması məqsədilə “Azərenerji” ASC tərəfindən hazırlanaraq dövlət başçısına təqdim edilən “Reabilitasiya üzrə Tədbirlər Planı” əsasında ötən ilin sentyabr ayından etibarən təxirəsalınmaz tədbirlər görülür.
Bu günə qədər tətbiq edilən “Reabilitasiya Proqramı” çərçivəsində “Azərenerji” ASC tərəfindən stansiyanın 6 saylı enerji blokunda kompleks yenidənqurma işləri aparılıb və nəticədə 60 meqavat yük məhdudiyyəti aradan qaldırılıb. Həmçinin 500 kilovoltluq Açıq Paylayıcı Qurğunun II dövrəsinin 7 saylı enerji bloku və 1 saylı əlaqə avtotransformatorunun bütün elementləri yeni avadanlıqlarla əvəzlənərək istismara verilib. Nəticədə 7 saylı enerji blokunun gücü 250 meqavatdan maksimum həddə - 310 meqavata çatdırılıb. Enerji sistemin çökməsi Şirvan şəhərində yerləşən “Cənub” Elektrik Stansiyasındakı 2 ədəd 330 kVluq avtotransformatordan birinin sıradan çıxmasına səbəb olmuşdu. Həmin sıradan çıxan, gərginliyi 330, 220 və 6 kV-a çevirən avtotransformator yerli ATEF Transformator Zavodunda təmir edilərək “Cənub” Elektrik Stansiyasındakı yerinə qurlaşdırılıb. Nəticədə 330 və 220 kV-luq şəbəkənin etibarlılığı artırılıb, həmçinin xüsusi sərfiyyatda gərginliyin səviyyəsi 6 kV-dan 6,3 kV-a qaldırılıb. Bu isə xüsusi sərfiyyat mühərriklərinin işəsalma rejimini yüngülləşdirib və ehtiyat bəsləmə sisteminin etibarlılığını artırıb. “Azərenerji” ASC-nin ötən ilin payızından sonra “Reabilitasiya Proqramı” çərçivəsində həyata keçirdiyi işlər nəticəsində “Cənub” Elektrik Stansiyasının gücü 520 MVt-dan 720 MVt-a qaldırılıb və bununla 200 MVt itirilmiş güc bərpa olunub. Bununla yanaşı, hidrogen istehsal edən eloktroliz, oksigen qurğularında da təmir işləri aparılıb. Hazırda sexlər və laboratoriyaların yerləşəcəyi ofis binası təmir olunur, kimya sexi yenidən qurulur, çənlərin bünövrəsi, yeni çənlərin quraşdırılması və borularda izolyasiya işləri aparılır. Paralel olaraq hidrogen, azot-oksigen və hava kompressorları sexinin yerləşəcəyi binada, stansiyanın girişində mövcud yanğınsöndürmə nasosxanasında təmir işləri görülür, həmçinin yağ təsərrüfatının köçürülməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. “Azərbaycan” İstilik Elektrik Stansiyasında yeni inzibati bina və idarəetmə mərkəzi tikilir. Stansiya ərazisinin perimetr boyu elektron hasarla əhatəyə alınması və kamera sisteminin qurulması işləri reallaşdırılır. Ölkənin ən böyük 500 kilovoltluq Açıq Paylayıcı Qurğularından biri məhz “Azərbaycan” İstilik Elektrik Stansiyasında yerləşir ki, onun da 2-ci dövrəsində aparılan işlər artıq başa çatıb.
Ümumilikdə “Reabilitasiya Proqramı” çərçivəsində “Azərbaycan” İstilik Elektrik Stansiyasında 3 il ərzində turbinlərin, generatorların, rele mühafizə sisteminin, sexlərin, yarımstansiyaların, 500 və 330 kilovoltluq hava xətlərinin, əks-qəza avtomatikasının tamamilə yenidən qurulub bərpa edilməsi nəzərdə tutulub. Bundan başqa, Yuxarı Qarabağ kanalının üzərindən əhali üçün yeni körpü və yol salınması, yeraltı yanğınsöndürmə su boru sistemlərinin bərpa edilməsi istiqamətində işlər görülür. Beləliklə, görüləcək genişmiqyaslı işlərin nəticəsində stansiyanın gücü 380 meqavat artırılaraq 2000 meqavata çatacaq, ən əsası isə “Azərbaycan” İstilik Elektrik Stansiyasında dayanıqlılıq və etibarlılıq təmin ediləcək.
Enerji idxalçısından enerji ixracatçısına doğru
Prezident İlham Əliyevin elektroenergetikada sahəsinə yönəlik strategiyasına uyğun olaraq, Azərbaycan dövləti elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib və uzun müddətdir ki, qonşu Rusiya, Gürcüstan, İran və Türkiyəyəelektrik enerjisi ixrac edir. Artıq may ayının 1-dən “Azərenerji” ASC Gürcüstan və Türkyədən tranzit etməklə Yunanıstana, eyni zamanda analoji olaraq Gürcüstan, Türkiyə və Bolqarıstandan tranzit keçməklə Rumuniya və Macarıstana da elektrik enerjisinin ixracına başlayıb.
Ekspertlər hesab edir ki, strateji məqsədə çatmaq və uzunmüddətli təhlükəsizliyə nail olmaq üçün enerji sektrounda reablitasiya siyasətilə yanaşı, struktur islahatları da aparılmalıdır. Məsələn, uzun illərdir təklif olunan elektrik enerjisini hasili, nəqli və paylaşdırılmasının üç müstəqil quruma verilməsi müzakirə edilə bilər. Bu variantın Azərbaycan reallığında gerçəkləşməsinin mümkünlüyü götür-qoy edilməli və xarici təcrübə gözdən keçirilməlidir.
Yazı “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir