10 Sentyabr 2014 12:39
1 687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məktəblilərin “Ölkəmizi tanıyaq” kampaniyası davam edir

Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində Şuşa şəhəri Malıbəyli kənd orta məktəbinin şagirdləri ilə Gəncənin 43 saylı tam orta məktəbi arasında Qardaşlaşma sazişi imzalanıb.

Bilik Fondunun İnformasiya təminatı sektorundan Teleqraf.com-a verilən məlumata görə, respublika prezidentinin “Ölkəmizi tanıyaq” layihəsinin davamı olaraq Gəncə məktəbliləri plakatlar, şüarlarla Şuşa məktəblilərini Heydər Əliyev Mərkəzinin qarşısında böyük coşqu ilə qarşılayıb. Məktəblilər muzeylə yaxından tanış olduqdan sonra 43 saylı məktəbdə Qardaşlaşma haqqında saziş imzalayıblar.
Sazişi hər iki məktəbin direktoru və şagird nümayəndələri imzalayıb.

Qardaşlaşan məktəblilər də iştirak etdikləri layihə çərçivəsində keçirdikləri xoş saatları heç vaxt unutmayacaqlarını deyiblər.

Sazişin imzalanmasından sonra Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının binasında məktəblilər dəyirmi masa keçirib. “Mənim arzum budur ki..” mövzusunda keçirilən müzakirələrdə şagirdlər arzularını dilə gətiriblər. Onlar işğalda olan Azərbaycan torpaqlarının azad olunmasının ən böyük arzuları olduğunu bildiriblər. Bunun üçün isə Vətənə layiqli, savadlı, bilikli övlad olmağın vacibliyini vurğulayıblar.

Dəyirmi masada məktəblilərin qonağı olan akademik Fuad Əliyev belə bir layihənin cəmiyyətin maariflənməsində müstəsna rol oynadığını vurğulayıb.

Məktəblilər Nizami Gəncəvi məqbərəsində, muzeydə, “Qala qapısı”nda olublar, Gəncənin tarixi barədə ətraflı məlumat alıblar.

Gəncə İcra Hakimiyyətinin təşkilatçılığı ilə şam yeməyi zamanı məktəblilər üçün konsert təşkil olunub. Konsertdə Şuşa və Gəncə məktəbliləri çıxış ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İlboyu bilik” proqramının “Qardaşlaşmış məktəblər” layihəsinin ilk mərhələsi senyabrın 15-dək davam edəcək. Müxtəlif bölgələrdə yerləşən 20 məktəb qardaşlaşacaq. Sonrakı mərhələlərdə ölkədəki bütün məktəblər layihəyə cəlb olunacaq.


NİGAR


Müəllif:

Oxşar xəbərlər