10 Sentyabr 2014 14:03
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Kaspi Təhsil Şirkətinin (əvvəlki Kaspi Təhsil Mərkəzi) 150-yə yaxın tələbəsi xaricdə təhsil almağa göndəriləcək. Trend-in məlumatına görə, bunu Kaspi Təhsil Şirkətinin 2013-2014-cü ildəki fəaliyyətinə dair yekun hesabat konfransında şirkətin təsisçisi və İdarə Heyətinin sədri Sona Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, 2013-2014-cü tədris ilində Kaspi Təhsil Mərkəzində ali məktəbə hazırlaşan abituriyentlərin 10%-i 600-dən yuxarı, 25%-i 500-600 arası, 35%-i 400-500 bal toplayıb. 3 tələbə - Pınar Məcidova 677 bal, Orxan Xəlilov 668 bal, Müşkünaz Məmmədova 660 bal toplayaraq daha yüksək nəticələr göstərib. Onlar müvafiq olaraq ADA Universiteti, Azərbaycan Tibb Universiteti və Prezident yanında Dövlət İdarəçilik Akademiyasına daxil olublar.

Onun sözlərinə görə, şirkətin fəaliyyət göstərdiyi gündən indiyədək 5 minə yaxın abituriyent ölkənin müxtəlif universitetlərində təhsil almaq hüququ qazanıblar: "Şirkətin abituriyent şöbəsi ilk dəfə olaraq özəl təhsil müəssisəsi kimi elektron təhsil sisteminə keçib. Azərbaycan məktəbləri üçün hazırlanan 500-dən artıq dərs video formatda çəkilib Oxu Tv saytına yerləşdirilib. Bundan başqa, biz elektron sınaq testlərini də hazırlayıb abituriyentlərin ixtiyarına verdik. Çünki bəzən rayon yerlərindən olan gənclər var ki, onlar sınaqlarda iştirak edə bilmirlər. Bu onlar üçün də əlverişli bir imkan oldu".

Şirkətin direktoru Elnur Əliyev isə deyib ki, diqqət yetirilən digər mühüm məqam Kaspi Təhsil Şirkətinin yeni Kaspi liseyinin və bu liseyin nəzdində Kaspi uşaq bağçasının açılmasıdır. Bu il şirkətin 2 filialı Bakının Nəsimi rayonunda və Abşeron rayonun Masazır qəsəbəsi ərazində fəaliyyətə başlayacaq: "Yeniliklər bununla kifayətlənmir və gələcəkdə də bu istiqamətdə işlərimiz davam etdiriləcək".

Tədbirdə yüksək nəticə göstərən tələbələrə şirkət tərəfindən hədiyyələr təqdim olunub.


Müəllif:

Oxşar xəbərlər