Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 1 saylı DOST mərkəzinə 15 mininci vətəndaş müraciəti qeydə alınıb.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Müraciəti paytaxtın Səbail rayon sakini 30 yaşlı Nigar Mirzəcanova edib. Vətəndaş sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağına qulluğa görə ona Prezident təqaüdünün təyin edilməsi ilə əlaqədar müraciət edərək DOST mərkəzinin xidmətindən faydalanıb. 15000-ci müraciətin sahibi olan Nigar Mirzəcanovaya bu münasibətlə DOST mərkəzinin direktoru Seymur Alıyev tərəfindən təşəkkürnamə və simvolik hədiyyələr təqdim edilib.
N.Mirzəcanova vətəndaşlara “bir pəncərə”, həmçinin operativlik, şəffaflıq, rahatlıq prinsipləri əsasında xidmət göstərən belə bir mərkəzin açılmasından, burada ona göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edib.
9 may 2019-cu il tarixində açılışı olan 1 saylı DOST mərkəzi Bakı şəhərinin Yasamal və Səbail rayonlarının sakinlərinə xidmət göstərir. Mərkəzə hər gün 400-500 arası vətəndaş müraciəti qeydə alınır.
2019-2025-ci illər üzrə “DOST regional proqramı”na əsasən Bakıda və respublikamızın regionlarında 31 DOST mərkəzinin açılması nəzərdə tutulub.