Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzinə (MHM) informasiya texnologiyaları və təhlükəsizliyin təminatı sistemi üzrə “ISO/İEC 27001:2005” beynəlxalq standart sertifikatının təqdimetmə mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, “SGS” şirkətinin Azərbaycan filialının direktoru Azər Məmmədov iştirak ediblər. MHM-nin sertifikatlaşdırılması Böyük Britaniyanın “UKAS” akkreditasiya mərkəzində akkreditə olunmuş İsveçrənin "SGS” şirkəti tərəfindən həyata keçirilib.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, MHM respublikada informasiya təhlükəsizliyi üzrə bu sertifikatı əldə edən ilk dövlət qurumdur. “Dünyada tanınan “İSO” standartının ölkəmizdə tətbiq edilməsi Azərbaycanda rabitə və informasiya texnologiyalar sahəsində görülən işlərə böyük qiymətdir. İnformasiya təhlükəsizliyinin təmin olunması bizim əsas məqsədlərimizdən biridir. Məlumat Hesablama Mərkəzi bu sertifikatın əldə olunması üçün uzun müddətdir çalışırdı”, - deyə o, qeyd edib. Nazir müavini əlavə edib ki, ölkədə informasiya sistemlərinin yaradılmasını həyata keçirən digər dövlət qurumlarının bu təşəbbüslə çıxış etməsi təqdirəlayiq olardı.
Nazir müavini “ISO/İEC 27001:2005” beynəlxalq standartına nazirliyin ciddi marağının olduğunu vurğulayaraq, bundan sonra da müxtəlif təlimlərin keçirilməsini, maariflənmə işlərinin aparılmasının zəruriliyini qeyd edib.
Qeyd edək ki, MHM-nin vətəndaşlara, dövlət orqanlarına və hüquqi şəxslərə elektron imza üçün təkmil sertifikatların verilməsi, təkmil sertifikatların idarə olunması, yəni yaradılması, yenilənməsi, dayandırılması və ləğv edilməsi, vaxt göstəricilərinin qeyd edilməsi üzrə fəaliyyət sahələri "ISO/İEC 27001:2005” beynəlxalq standartın tələbləri əsasında yoxlanılıb və sertifikatlaşdırılıb. Sertifikat 2017-ci ilə qədər qüvvədə qalacaq. Bundan sonra təkrar sertifikatlaşdırma auditi aparılacaq.
İlhamə